Şrift:
Beynəlxalq İnsan Haqqları Müdafiə Komitəsində azərbaycanlı girovlarla bağlı məsələ qaldırılacaq.
25.04.2017 [10:57] - Gündəm, Diaspor
Bu gün Beynəlxalq Diaspor Mərkəzinin (BDM) ofisində Beynəlxalq İnsan Haqqları Müdafiə Komitəsinin (CİPDH) Balkan Departamentinin rəhbəri Yevgeniy Alimovla görüş keçirilib. Görüşdə BDM sədri İsmayıl Ağayev Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasəti, dinc Azərbaycan vətəndaşlarına qarşı Ermənistan silahlı birləşmələri tərəfindən həyata keçirilən hərbi cinayətlər haqqında qonağa geniş məlumat verib. Daha sonra İ.Ağayev Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonunda Dilqəm Əsgərov və Şahbaz Quliyevin girov götürülməsi və Ermənistan hakimiyyəti tərəfindən onlara qarşı həyata keçirilən işgəncə faktlarından danışıb. Görüşdə eyni zamanda Metsamor AES-nın regionda yaratdığı təhlükə ilə bağlı fikir mübadiləsi aparılıb. Metsamor AES haqqında toplanılmış məlumatlar və eyni zamanda Azərbaycan girovları Dilqəm Əsgərov və Şahbaz Quliyev haqqında Beynəlxalq İnsan Haqqları Müdafiə Komitəsinə BDM tərəfindən hazırlanmış müraciət Yevgeniy Alimova təqdim edilib. Yevgeniy Alimov isə öz növbəsində səmimi qəbula görə təşəkkürünü bildirərək BDM-in CİPDH ilə əməkdaşlığını yüsək qiymətləndirib. O, azərbaycanlı girovlarla bağlı onlara edilən müraciət barədə komitədə məsələ qaldırılacağını və Ermənistan hakimiyyətinə bu istiqamətdə rəsmi müraciət edəcəklərini bildirib. Görüşdə Beynəlxalq İnsan Haqqları Müdafiə Komitəsinin (CİPDH) inspektoru Firdovsi Ələkbərov, komitənin eksperti Məzahir Məmmədov və BDM sədrinin birinci müavini Samir Adıgözəlli də iştirak edib.

BDM mətbuat xidməti
Bu xəbər oxucular tərəfindən 438 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed