Şrift:
Həmsədr ölkələrin Ermənistanın Azərbaycana təcavüzü məsələsində ədalətsiz mövqeyi tənqid edilib
26.04.2017 [10:37] - Xəbərlər, Siyasət
AŞPA-nın hər sessiyasında Avropa Şurası baş katibinin sualları cavablandırması ənənə halını alıb. Deputat-baş katib dialoqlarının bir hədəfi problemlərə Avropa Şurası rəhbərliyinin mövqeyini öyrənməkdirsə, digər vacib məqsədi bu məqamdan istifadə edərək cavabın necəliyindən asılı olmayaraq müəyyən həqiqətləri Avropa Şurası üzvlərinə çatdırmaqdır. AŞPA yaz sessiyasının ikinci iş günündə baş katib Torbyorn Yaqlanda sual verənlərdən biri də Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov olub.

Azərbaycanlı deputat ATƏT-in Minsk qrupunun həmsədri olan ölkələrin münaqişə tərəflərinə qeyri-bərabər yanaşması ilə bağlı məsələ qaldıraraq soruşub: “İki üzv dövlət arasında hərbi münaqişə - Ermənistanın Azərbaycana təcavüzü ilə əlaqədar Avropa Şurası məsuliyyəti özündən kənarlaşdırmaq üçün adətən deyir ki, bu problemlə bağlı əsas cavabdeh ATƏT-in Minsk qrupudur. Son dövrlərdə Minsk qrupunun həmsədr dövlətlərindən biri Ermənistanı hərbi kəşfiyyat sistemləri, digəri isə böyük miqdarda zenit-raket kompleksləri ilə təmin edib. Münaqişə tərəflərindən birini hərbi cəhətdən gücləndirməklə məşğul olan belə bir qurum ədalətli münsif rolunu necə oynaya bilər?”

Deputat Rafael Hüseynovun sualını cavablandıran T.Yaqland təəssüflə bildirib: “Minsk qrupu atdığı addımlar, gəldiyi qərarlarla bağlı bizimlə məsləhətləşmələr aparmır. Amma bizim qəti mövqeyimiz bundan ibarətdir ki, bu məsələdə ədalət prinsipi daim gözlənilməlidir. Avropa Şurası öz tərəfindən bu proseslərin müsbət məcrada həllinə öz töhfəsini verməyə hazır olduğunu bir daha ifadə edir”.

Şəhla Ağalarova
Bu xəbər oxucular tərəfindən 506 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed