Şrift:
“Azərbaycan diasporu ümumtürk diasporu ilə birgə hərəkət etməlidir”
27.04.2012 [18:10] - Diaspor
“Çalışmalıyıq ki, düşmənlərimizi neytrallaşdıraq”

Beynəlxalq Diaspora Mərkəzinin İcra Aparatının rəhbəri Samir Adıgözəllinin “Olaylar”-a müsahibəsini təqdim edirik.

-Samir müəllim, Azərbaycan diasporunun hazırkı vəziyyəti ilə on il bundan əvvəlki durumu arasında hansı fərqlər var və ötən illər ərzində diaspor sahəsində hansı müsbət dəyişikliklər baş verib?

-Azərbaycan diasporu yeni yaranmaqda olan gənc, ancaq sürətli inkişaf yolunda olan bir hərəkatdır. 10 il əvvəllə müqayisə etdikdə ilk növbədə təşkilatlanma işində, təbliğat fəaliyyətində ciddi irəliləyiş müşahidə olunur. Təbii ki, dövlətimiz 20 illik müstəqillik həyatı yaşayan bir respublikadır. Bundan əvvəl diaspor sahəsində nəinki hər hansı bir fəaliyyət, ümumiyyətlə bizlərdə bu haqda ciddi anlayış olmamışdır. Bütün sahələrdə inkişaf olduğu kimi diaspor sahəsində də dövlət səviyyəsində xüsusi proqramlar həyata keçirilir. Bəziləri Azərbaycan diasporunu dünyada digər diasporlar və xüsusilə erməni lobbisi ilə müqayisə etməyə çalışırlar. Bildirmək istəyirəm ki, bu müqayisə düzgün deyil. Eyni zamanda diaspor hərəkatımızın gənc olmasına baxmayaraq qeyd etmək lazımdır ki, erməni lobbisinin bir sıra ölkələrdə apardığı fəaliyyətinə maneələr yaradıb qarşısını ala bilirik. Bir diasporun dünyada söz sahibi olması üçün ilk öncə güclü dövlətə, iqtisadi imkanlara dəqiq hesablanmış taktika və strategiyası olan proqrama ehtiyaci vardır. Regionda və dünyada nüfuzu artmaqda olan ölkəmizin bütün sahələrdə potensial imkanları şərait yaradır ki, yaxın 10 il ərzində Azərbaycan diasporu dünyada öz sözünü desin.

-Azərbaycan diasporu bu gün ölkəmizin həqiqətləri, Dağlıq Qarabağ problemi, ermənilərin zaman-zaman xalqımıza qarşı törətdiyi soyqırımlar barədə dünya ölkələrində doğru-düzgün məlumat yaya bilibmi?

-Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, Dağlıq Qarabağ probleminin ölkəmizin xeyrinə həlli istiqamətində diaspor təşkilatlarımızın fəaliyyətini qənaətbəxş hesab etmək olar. Bildirim ki, təmsil olunduğum Beynəlxalq Diaspor Mərkəzi 4 ildə dünyanın müxtəlif ölkələrində Azərbaycan həqiqətlərinin yayılması, ermənilər tərəfindən xalqımıza qarşı törədilmiş deportasiya və soyqırımlar haqqında beynəlxalq ictimaiyyətin məlumatlandırılması istiqamətində 60-a yaxın tədbirlər, səfərlər həyata keçirmiş, xarici dillərdə nəşrlər dərc edərək xarici mətbuatda çıxışlar təşkil etmişdir. Xüsusi olaraq qeyd edim ki, ilk dəfə olaraq Beynəlxalq Diaspora Mərkəzi tərəfindən indiki Ermənistan ərazisindən deportasiya edilmiş soydaşlarımızla bağlı 40-dan artıq ərizə hazırlanaraq Avropa İnsan Hüquqları məhkəməsinə göndərilmişdir. Hal-hazırda Ermənistana qarşı soydaşlarımız tərəfindən irəli sürülən iddia ərizələri Avropa İnsan Hüquqları Məhkəməsinin icratındadır. Bu məsələlər haqqında danışmaq beynəlxalq ictimaiyyəti məlumatlandırmaq təbii ki, çətindir. İlk növbədə bilmək lazımdır ki, haqq və hüquqlarını beynəlxalq aləmdə müdafiə edəndə hərtərəfli məlumatlı olmalısan. Buna görə də, mərkəzimizdə departamentlər fəaliyyət göstərir, müxtəlif sahələr üzrə araşdırmaçılar, tanınmış alimlər BDM-də təmsil olunurlar. Dağlıq Qarabağ problemi, ermənilər tərəfindən həyata keçirilmiş soyqırımlar, deportasiyalar haqqında ciddi araşdırmalar aparılır. Eyni zamanda Azərbaycan tarixi, mədəniyyəti və digər sahələr üzrə əsaslı məlumatlar toplamaqla fəaliyyətimizi qururuq. Düşmənin önünə çıxmaq üçün dünyanın dili ilə danışmağı bacarmaq lazımdır. Haqqımızda dediyimiz həqiqətləri onlara inandırmağa çalışmalıyıq. Yuxarıda qeyd etdiyim məsələlər istiqamətində fəaliyyət göstərərkən Azərbaycan dövlətinin həyata keçirdiyi xarici siyasət xətti təhlil olunmalı və diaspor fəaliyyətində nəzərə alınmalıdır. Bəzi diaspor təşkilatlarımız fəaliyyətində təqvim üzrə baş vermiş hadisələri qeyd etməklə fəaliyyətlərini qururlar və birdə bəziləri daha çox musiqili proqramlara üstünlük verirlər. Musiqi mədəniyyətimizin bir hissəsi olaraq qəbul olunmalıdır. Ancaq bu istiqamətdə köklənməklə ölkəmiz haqqında hərtərəfli bilgi yarada bilmərik. Torpaqlarımızın işğal altında olduğunu nəzərə alarıqsa və ermənilər tərəfindən daim antitəbliğat kampaniyası aparıldığı halda diasporumuz da müharibə cəbhəsi kimi daim ayaqda durmalı, düşmənin təbliğat hücumlarına cavab verməlidir. Dünya parlamentləri ilə, qeyri-hökümət təşkilatları ilə, elm və mədəniyyət mərkəzləri ilə bizə dost olan ölkələrin diaspor və milli icmaları ilə əməkdaşlıq əlaqələrimizi genişləndirməliyik. Müxtəlif ölkələrdə keçirdiyimiz tədbirlərdə o ölkələrdə söz sahibi olan nüfuzlu şəxslərin iştirakını təmin etməliyik. Bundan sonra artıq Azərbaycan diasporu lobbi fəaliyyətinə keçmiş olar.

-Dünya Azərbaycanlılarının ikinci qurultayında prezident İlham Əliyev diaspor təşkilatlarına müdafiədəm hücuma keçməyi tövsiyyə etmişdi. Ötən müddət ərzində diasporamız buna nail ola bilibmi?

-Dünya Azərbaycanlılarının həm ikinci, həm də üçüncü qurultayı siyasi və tarixi baxımdan mühüm hadisə idi. Azərbaycan diaspor hərəkatı qurultaydan sonra mahiyyət baxımından növbəti mərhələyə qədəm qoymuşdur. Prezident İlham Əliyevin qurultay məruzəsi diasporumuzun növbəti mərhələsinin təməl prinsiplərini müəyyənləşdirdi. Ölkə başçısının qurultaydakı tövsiyyələri ötən müddət ərzində diasporumuzun fəaliyyətində irəliləyişi göstərməkdədir. Xüsusilə, Xocalı faciəsinin ildönümü ilə bağlı dünyanın bir çox ölkələrində silsilə tədbirləri keçirilməsi diasporumuzda bir sıçrayış yarandığını göstərməkdədir.

-Bir sıra ölkələrin parlamentində Xocalı soyqırımı ilə bağlı qərarların qəbulunda diasporamızın rolu nə dərəcədədir? Ümumiyyətlə, diasporanın bu istiqamətdəki fəaliyyəti qanedicidirmi?

-Xocalı soyqırımının dünya ictimaiyyəti tərəfindən tanıdılması istiqamətində son illərdə və xüsusilə bu il görülən işlərdə Azərbaycan diasporunun fəaliyyətini qaneedici hesab etmək olar. Hər il olduğu kimi Beynəlxalq Diaspor Mərkəzi bu il də bir sıra tədbirlər həyata keçirmişdir. Qeyd edim ki, mərkəzimiz Xocalı faciəsinin tanıdılması istiqamətində bu il Rusiya, Türkiyə və Avropa ölkələrində keçirilən tədbirlərin effektliyinin artırılmasında daha fəal rol oynamışdır.

-Azərbaycan diasporunun gələcək perspektivini necə görürsünüz? Yaxın illərdə Azərbaycan diasporu dünyada söz və nüfuz sahibinə çevrilmiş diaspor və lobbi təşkilatları ilə eyni səviyyəyə çata bilərmi?

-Biz konkret olaraq qarşımıza hədəf qoymamalıyıq ki, hansısa xalqın diaspora və lobbisi ilə yarışa girək və onlarla səviyyəmizi müqayisə edək. Sizi inandırıram ki, kökü terrorizmə bağlı olan yalan və iftiralar üzərində siyasəti qurulmuş erməni lobbisi mifi diasporumuzun ardıcıl və düşünülmüş təbliğatı nəticəsində dağılacaqdır. Çalışmalıyıq ki, düşmənlərimizi neytrallaşdıraq, bizə neytral olanları isə özümüzə dost edək. Elmi, intellektual, mədəni və iqtisadi potensialımızdan düzgün faydalanarıqsa diasporumuzun gələcək prespektivi parlaq olacaqdır. Eyni zamanda özünə tənqidi yanaşma prinsipi ilə hərəkət etməli, hər arxada qalan gündən nəticə çıxartmalıyıq. Uğurlarımızın simgəsi milli ideologiyadır. Ölkəmizdə, millətimizin içərisində nə qədər yad ünsürlərə qarşı mübarizə əzmi güclü olarsa milli məfkurə uğrunda davamiz da bir o qədər qüvvətli olar. Güclü diaspor lobbiyə çevrilmək malından, pulundan, canından belə fədakarliq istər. Bu isə ancaq milli şüura malik olan millət övladlarının işidir. Yahudilərin 2000 il milli mübarizəsinin nəticəsi olaraq İsrail dövləti qurulmuşdur. Demək ki, milli şüura sahib olmaqla və eyni zamanda potensial imkanlardan ardıcıl surətdə istifadə edildiyi halda hədəfə çatmaq olur. Mən inanıram ki, Azərbaycan diasporu bunun öhdəsindən gələ biləcək və yaxın gələcəkdə dünyada söz sahibi olan diasporaya çevriləcəkdir.

-Diaspora fəaliyyətinin daha da aktivləşdirilməsi və qarşıya qoyulan hədəflər nail olma üçün Sizcə, hansı addımlar atmaq zəruridir?

-Diaspor fəaliyyətimizin gücləndirilməsi üçün ilk növbədə vahid informasiya mərkəzi qurulmalıdır. Xarici ölkələrdə azərbaycanşunaslıq mərkəzləri formalaşdırılmalı və bu mərkəzlər vasitəsilə elm adamlarının əməkdaşlıq əlaqələri qurulmalıdır. Diaspor təşkilatları arasında informasiya mübadiləsi sistemi formalaşdırılmalıdır. Elm, mədəniyyət idman və başqa sahələrdə dünya şöhrətli şəxsiyyətlərimiz diaspor işimizə cəlb edilməlidir. Çoxsaylı informasiya portalları xarici dillərdə formalaşdırılmalı, diaspor fəaliyyətini əks etdirən layihələrə dövlət büdcəsindən maliyyə yardımı ayrılmalı və ya bu istiqamətdə ayrılan maliyyə vəsaiti artırılmalıdır. Digər bir məsələni yaddan çıxartmamalıyıq ki, Azərbaycan diasporu ümumtürk diasporu ilə birgə hərəkət etməlidir. Azərbaycan diasporu ümumtürk diasporunun imkanlarından yararlanmalı və birgə fəaliyyət üçün uzunmüddətli konsepsiya hazırlanmalıdır. Türkiyə-Azərbaycan dövlətlərinin qardaşlıq və strateji iş birliyi ümumdiaspor fəaliyyətində də özünü ciddi şəkildə göstərməlidir. Açıqcası mən Azərbaycan diasporunu ümumtürk diaspor hərəkatından ayrı görmürəm. Əgər bu gün İrəvanda Türkiyə və Azərbaycan bayrağı ermənilər tərəfindən yandırılırsa deməli bu mənfur düşmənə qarşı biz birgə mübarizə aparmalıyıq.
Bu xəbər oxucular tərəfindən 1223 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed