Şrift:
28 Aprellə başlayan yüzillik QIRMIZI TERROR
28.04.2017 [11:07] - Xəbərlər, DAVAMın yazıları
“Bizim fraksiyamız təslim olmağın əleyhinədir. Fəqət, firqələrin əksəriyyətinin tələbinə görə və camaatımızın arasında daxili müharibə salmamaq üçün və əlavə bu günkü kommunist firqəsinin müstəqilliyimizi müdafiə edəcəklərini nəzərə alaraq bütün ixtiyarın onlara verilməsinin tərəfdarıyam, bu şərtlə ki, kommunistlər istiqlaliyyət, millət və məmləkətimizi layiqincə müdafiə etsinlər. Yox, əgər bunlara əməl olunmazsa, ixtiyarımızı geri alaraq haqqımızı özümüzdə saxlayacağıq”.
Bu sətirlər, Azərbaycan Parlamentinin 27 aprel 1920-ci il tarixli iclasında milli liderimiz Məhəmməd Əmin Rəsulzadənin son çıxışındandır. İstiqlaliyyətimizin, milli dəyərlərimizin yaşaması üçün son çabalar sərgilənirdi bu çıxışda.. Nə yazıq ki, 28 Aprellə son qoyuldu o istiqlala. Bu gün qürur hissi ilə andığımız Şərqin ilk müsəlman cumhuriyyətinin varlığına son qoyuldu. Azərbaycan Xalq Cumhuriyyəti adlı iki yaşlı yavrunun bağrı qana boyandı o gün . Millət adına qazanılan dəyərlər isə qırmızı terrorun hədəfinə çevrildı. Fətəli Xan Xoyski, Nəsib bəy Yusifbəyli, Həsən bəy Ağayev, Məmmədbağır Şeyxzamanlı və Cumhuriyyətimizin onlarla digər qurucu simaları bu terrorun ilk qurbanları oldular. Beləcə bu dəhşət saçan qırmızı qətliam Azərbaycanı qarış qarış dolandı. Özəlliklə ilk iyirmi il müddətində milli dəyərə sahib olan nə vardısa məhv edildi. Kollektivçilik prosesində kəndlərdə, türkçü ya pantürkist adı altında şəhərlərdə on minlərlə soydaşımız o terrordan, o amansız qətliamlardan yaxa qurtara bilmədi. Cəsarətlə demək olar ki, İkinci Dünya müharibəsinədək Azərbaycanda nisbətən cəsarətli və milli mövqe sərgiləyən bir ziyalı belə sağ qalmamışdı.. O qırmızı terror müharibədən sonrakı dönəmlərdə də bizi tərk etmədi. 20-ci əsrin sonundakı Qanlı yanvardan- millətimizə qarşı 20 Yanvar 1990-cı ildə həyata keçirilən qətliamdan keçib müstəqilliyə qovuşduqsa da , rəngini dəyişən , amma mahiyyətini itirməyən o nəhs terror dalğası yenə davam etdi. Və nəhayət 30 Aprel..
2009-cu ilə qədər Azərbaycan insanı üçün sıradan bir gün olsa da, artıq 8 ildir ki, yaddaşlarımıza acı, dəhşət və nifrətlə yanaşı hakim kəsilmış bir gün. Bir əsrlik faciələrimizi unudarkən, ya unutmaq istəyərkən yenidən tarixin amansızlığı ilə üzləşdiyimiz gün. Azərbaycanın müasir tarixinə ADNA terroru kimi düşərək 12 günahsızın həyatına son qoyan və insanlıq adına utanc gətirən bu hadisə hələ ki ötən yüz ildə üzləşdiyimiz sonuncu terror hadisəsi kimi də xatırlanır. Amma onun məşum köklərini nahaq yerə tarixdə axtarmırıq. Çünki bu terrorun tarixçəsi məhz 28 Aprelə, ondan da öncə 1918-ci ilin martındakı soyqırımlara qədər uzanır. Bir əsrlik qırmızı terrorlarla zəngin olan qaranlıq və qanlı bir tarix səhifəsi. Hər halda unutmadıq..
Bakı küçələrində, Qubada, Salyanda, Şirvanda, Qarabağda, vətənimizin güneyində minlərlə gunahsiz insanın soyqırıma məruz qalması ilə başlanan soyqırımı unutmadıq. Demokratik Cumhuriyyətimizin süqutu, Azərbaycanın işğalı və “Qırmızı terror”la davam edən qətliamları unutmadıq. 30-cu illərdə 70 mindən artıq aydınımızı məhv edərək milli düşüncəmizi korlaşdıran qatilləri, eləcə də sapı özümüzdən olan satqınları unutmadıq. Bir zaman unutdursalar da tarix təkrarlandıqca qan yaddaşımız bir daha yeniləndi. Çünki artıq o terrorlar gözlərimizin önündə davam etməkdə idi, “çağdaşımız”a çevrilmişdi. Dərbəndi, Göyçəni, Zəngəzuru, Borçalını qoparmaqla yetməyib yüz minlərlə soydaşımızı ata baba yurdundan deportasiya etməklə davam etdi bu qırmızı terror. Bu gün erməninin sözdə soyqırım iddialarına qahmar çıxan bu insanlıq suçu caniləri 1946-cı ilin dekabrında Təbriz al qana boyananda da Azərbaycana olan nifrətlərini gizlətmədilər. 20-ci əsrdə insanlığın üz qarası olan Xocalı faciəsi isə bu nifrətin ən aşkar nümunəsi idi. Qarabağın işğalından sonra ölkəmizdə törətdikləri terror aktları da bu qatillərin Azərbaycan-Türk insanına qarşı nifrətə dayanan “ənənələrinin” səngimədiyinin bariz göstəricisi idi. Təkcə 1994-cü ildə Azərbaycan ərazisində, o cümlədən Bakı Metropolitenində törədilən terror aktları nəticəsində 70-dən artıq insan həlak oldu, yüzlərlə soydaşımız ağır xəsarətlərə məruz qaldı. Və nəhayət 2009-cu ilin 30 aprelində Dövlət Neft Akademiyasında bir əsr davam edən “məşum ənənənin” daha bir qanlı səhifəsi açıldı. Professorundan tələbəsinədək 12 məsum insanın bir anda həyatına son qoyan dəhşətli terror.
Ötən 8 ildə bu qanlı olay haqda nə qədər yazıb, nə qədər danışıb və lənətləsək də, müxtəlif məhkəmə şoularını izləsək də nə yazıq ki, bu cinayətin həqiqi təşkilatçılarının üzə çıxarılması üçün siyasi iradənin şahidi olmamışıq. Bəs davam etməyəcəyini kimsənin sığortalamadığı , bir əsr boyu üzləşdiyimiz qətliamlar qarşısında susqun qalmağa haqqımız varmı?! Şübhəsiz tarix və zaman bir gün öz hökmünü verəcək. Amma unutmayaq ki, haqsızlıq qarşısında susmaq da elə suça şərik olmaqdır. Elə isə heç olmasa susmayaq.


Rüfət Muradlı
Bu xəbər oxucular tərəfindən 414 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed