Şrift:
Klassik Şirvan şairlərinə həsr edilən birinci elmi konfrans
29.04.2017 [09:45] - Gündəm, Mədəniyyət
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunun elektron zalında “Azərbaycan Ədəbiyyatının Şirvan məktəbi. Klassik ədəbi ənənə və müasirlik” mövzusunda klassik Şirvan şairlərinə həsr edilən birinci elmi konfrans keçirilib. Layihənin rəhbəri və təşkilatçısı Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, yazıçı-publisist Mətanət Ulu Şirvanlı idi.

Konfransda Ədəbiyyat İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli bu cür ədəbi elmi konfransların mütəmadi keçirilməsinin və digər bölgələrdən olan şairlərin də yaradıcılığına müraciət edilməsinin vacibliyini vurğulayıb. Bildirilib ki, yaxın gələcəkdə bir sıra regionlarda da elmi konfranslar təşkil ediləcək.

Konfransda Seyid Əzim Şirvani, Xəqani Şirvani, Məhəmməd Hadi, Mirzə Ələkbər Sabir poeziyalarina müraciət edilib.

Professorlar Alxan Bayramoğlu, İmamverdi Həmidov, filologiya elmləri doktorları Mətanət Vahidova, İslam Qəribli və filologiya üzrə fəlsəfə doktoru Xədicə İsgəndərlinin klassik şairlər haqqında məruzələri dinlənilib.

Türkiyə Elm və Ədəbiyyat Əsəri Sahibləri Məslək Birliyinin rəhbəri Mehmet Nuru Parmaqsız, AYB-nin mətbuat xidmətinin rəhbəri Xəyal Rza, Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Elgün Əliyev elmi konfransın əhəmiyyətindən danışıblar.

Tədbir iştirakçıları klassik Şirvan şairlərinə aid təklif və fikirlərini səsləndiriblər.

Sonda layihənin rəhbəri Mətanət Ulu Şirvanlı Ədəbiyyat İnstitutunun rəhbərliyinə və iştirakçılara minnətdarlığını bildirib.
Bu xəbər oxucular tərəfindən 596 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed