Şrift:
Azərbaycan komandası bədii gimnastika üzrə Dünya Kubokunda mükafat yerləri uğrunda mübarizə aparmağa hazırlaşır
29.04.2017 [09:55] - Gündəm, İdman
Azərbaycan komandası Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kubokunda mükafat yerləri uğrunda mübarizə aparmağa hazırlaşır.

Azərbaycanın qrup hərəkətləri üzrə Siyana Vasileva, Aleksandra Platonova, Diana Doman, Elif Zeynep Çelep və Ayşən Bayramovadan ibarət komandası halqa ilə hərəkətlərdə finalçı adını qazanıb.

Gimnastlar deyiblər: "Yaxşı hərəkət etdik. Sadəcə gürzələrlə hərəkətlərdə balaca səhv oldu".

Gimnastların sözlərinə görə, hər hərəkətin öz çətinliyi var, qrup hərəkətlərdə sinxronluluğu izləmək, bir-birini başa düşmək lazımdır.

Planlarından danışan gimnastlar qeyd ediblər ki, hazırda bədii gimnastika üzrə Dünya Çempionatına hazırlıq gedir: "Biz çempionatda uğurlu çıxış gözləyirik".

Qeyd edək ki, bu gün Bakıda bədii gimnastika üzrə FIG Dünya Kuboku yarışlarına start verilib. Aprelin 30-dək davam edəcək yarışlara 21 ölkədən 92 gimnast qatılıb. Onlardan 34 nəfəri fərdi proqramda, 58 nəfəri isə ümumilikdə 10 qrup hərəkətləri komandasının tərkibində çıxış edir.

Ölkəmizi bu turnirdə yeniyetmələr proqramında Avropa çempionatının gümüş və bürünc medalçısı Jalə Piriyeva, istedadlı gimnast Zöhrə Ağamirzəyeva, həmçinin Avropa çempionatının qrup hərəkətləri komandasının tərkibində gümüş medalçıları Siyana Vasileva, Diana Doman, Aleksandra Platonova, Ayşən Bayramova və Elif Zeynep Celep təmsil edirlər.

Yarışların ilk iki günü təsnifat mərhələlərinin nəticələrindən asılı olaraq, həm fərdi gimnastlar, həm də qrup hərəkətləri komandaları arasında çoxnövçülük üzrə qaliblər və ayrı-ayrı alətlər üzrə finalçılar müəyyənləşəcək. Finallar isə turnirin son günü keçiriləcək.

Üç gün ərzində tamaşaçılar Azərbaycanın tanınmış gimnastları ilə yanaşı, bir çox xarici favorit idmançıların da çıxışlarını izləmək şansı əldə edəcəklər. Belə ki, yarışlarda 2 qat dünya çempionu və Avropa çempionu Aleksandra Soldatova (Rusiya), Avropa çempionatının bürünc mükafatçısı Zelikman Nikol (İsrail) və Rusiya (Olimpiya Oyunlarının qızıl medalçısı), İspaniya (Olimpiya Oyunlarının gümüş medalçısı), Bolqarıstan (Olimpiya Oyunlarının bürünc medalçısı), Belarus (dünya çempionatının bürünc mükafatçısı) qrup hərəkətləri komandaları iştirak edirlər.
Bu xəbər oxucular tərəfindən 364 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed