Şrift:
Sulduzda “Yeddi göz” məntəqəsinin türkcə adı kürdlər tərəfindən təhrif edilib
01.05.2017 [10:39] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycan Sulduz Şəhərinin Balıqçı kəndində “Yeddi göz” adlanan istirahət məntəqəsinin adı bölgədəki mühacir kürdlər tərəfindən təhrif edilib.

Məlumata görə, ötən günlərdə Balıqçı kəndinin Şurası və Bəxşdari İdarəsi (Şəhər İcra Hakimiyyətinə bağlı bir idarədir) Balıqçı kəndində yerləşən məşhur istirahət məntəqəsininin girişində üzərində “Həft çeşme, həvt kani” ifadəsi yazılmış tablo qoyublar. Bu, həmin məntəqənin girişində Bələdiyyə İdarəsi tərəfindən “Yeddi göz” tablosu qoyulduqdan 3 gün sonra baş verib.

Türk adlarının tablolar üzərindən silinməsi və ya təhrif edilməsi faktlarına bundan öncə də dəfələrlə rast gəlinib, belə hadisələrin əksəriyyəti bölgədə yaşayan mühacir kürdlər tərəfindən törədilib.

Məsələyə münasibət bildirən Sulduz Şəhər Şurasının rəisi Mehdi Ələvi baş verən təhrif faktını pisləyib. “Qanuna görə, məntəqənin adını bu şəkildə dəyişdirmək olmaz. Bu, açıq-aşkar təhrifdir və buna görə Şəhər İcra Hakimiyyəti (Fərmandari) və Bəxşdari İdarəsi cavabdehlik daşıyır. Əgər Şəhər İcra Hakimiyyəti belə bir hərəkəti təsdiq edibsə, qanun pozuntusuna yol verilib”- deyə Şura rəisi bildirib.

Sulduz Şəhər İcra Hakimiyyəti başçısı Murtaza Fəramərzi isə hadisədən xəbərsiz olduğunu iddia edərək artıq həmin tablonun qaldırılmasına göstəriş verdiyini deyib.

“Məsələ araşdırılır və hər şey aydınlaşdırılacaq. Lakin soruşdurmalardan sonra Bəxşdari İdarəsinin də bu məsələdən xəbərsiz olduğu məlum olubdur”- deyə Murtaza Fəramərzi bildirib.

N.S
Bu xəbər oxucular tərəfindən 235 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed