Şrift:
Zaxarovanın erməni sevgisi nə tez unuduldu?
02.05.2017 [13:59] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Fərəc Quliyev: “Rusiya heç vaxt Türkiyə ilə münasibətlərdə səmimi olmayacaq”; Sabir Rüstəmxanlı: “Bir arvad ”həqiqət" axtarır, amma..."

Rusiya Xarici İşlər Nazirliyi İnformasiya və mətbuat departamentinin rəhbəri Mariya Zaxarovanın qondarma “erməni soyqırımı” günü ermənilərə açıq dəstək statusu yazması cəmi bir neçə gün gündəm oldu. Türkiyə və Azərbaycan cəmiyyətləri buna sərt təpki versə də, məsələ gözlənildiyindən tez gündəmdən silindi.

Əslinə qalsa, Rusiya XİN-in təmsilçisinin bu açıqlaması olduqca ciddi hadisə idi. Belə ki, indiyədək əgər Kreml daha çox Vladimir Jirinovski tipli şəxslərin açıqlamaları ilə ermənipərəst mövqeyini ifadə edirdisə, indi açıq şəkildə dövlət nümayəndələrinin dili ilə tərəf tutduğunu ortaya qoyur. Bu da şübhəsiz ki, rəsmi Moskvanın hazırda yaxın əlaqələri olan Türkiyə və qonşuluğunda yerləşən Azərbaycana qarşı böyük sayğısızlığıdır.
Bununla bağla müxtəlif fikirlər var. O sırada hesab edilir ki, Rusiyanın indiyə qədərki ermənipərəst mövqeyi artıq adiləşib və o üzdən Zaxarovanın dediklərini insanlar normal qarşılayır, daha doğrusu, məsələ əvvəlki kimi maraq oyatmır.


Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev rus siyasətçilərinin müxtəlif formalarda hər zaman mövqelərini ifadə etdiklərini bildirdi: “Rusiya Ermənistana münasibətdə birmənalı mövqedən çıxış edir, ora öz quberniyası kimi baxır. Ermənilər də bunu qəbul ediblər. Kreml Ermənistanın düşmənlərinə öz düşmənləri kimi baxır, düşmən kimi davranır. Ermənistanı mütəmadi olaraq düşmənlərinə qarşı müharibəyə həvəsləndirir, silahlandırır, maliyyə yardımı edir. Qondarma ”erməni soyqırımı" günündə Zaxarovanın belə mövqe sərgilməsi ermənilərin dərdlərinə şərik çıxmaq deməkdir. Türkiyə-Rusiya münasibətlərinin bugünkü vəziyyəti əslində zərurətdən irəli gəlir və məcburi xarakter daşıyır. Bunun daimi olacağını düşünmürəm. Hesab edirəm ki, Amerika ağıllı davranmalı və Avropanın Türkiyəyə münasibəti dəyişməlidir. Avrasiyanın özündə artıq anormal hadisələr baş verməkdədir. Müttəfiqlər bir-birilərini normal qiymətləndirmirlər. Avropanın yanlış Türkiyə siyasəti başlarında çatlamaq üzrədir. Militarist qüvvələr hakimiyyət başına keçirlər. Türkiyə-Rusiya münasibətlərinin müvəqqəti olması belə zərər verən haldır. Rusiyanın Türkiyə siyasətində səmimiyyət yoxdur. Türkiyəni zorla Kremllə müttəfiq edənlər yanlış siyasət yürüdürlər. Rusiya heç vaxt rəsmi Ankara ilə münasibətlərdə səmimi olmayacaq. Zaxarovanın dedikləri əslində bunu sübut etdi. Dövlət olaraq, biz bu məsələləri diqqətdə saxlamalı, Zaxarovanın dediklərini gündəmdən salmamalıyıq.

Müttəfiqlərimizlə bu hesab-kitab üzərində münasibətləri qurmalıyıq. Bu açıqlama artıq məsələnin pik nöqtəyə çatdığını göstərir. Əslində Rusiya tərəfindən ciddi addımlar atılır. Erməni tərəfdə raket kompleksi yaratmasını xatırlamaq kifayət edir. Bu bəyanatlar onu göstərdi ki, bu, fərdi mövqe deyil, birbaşa dövlətin mövqeyidir. Biz doğru olaraq Türkiyə ilə hərbi təlimlərə birlikdə başlamışıq. Türkiyə ilə əlaqələri daha da möhkəmləndirməliyik. KTMT-də təmsil olunan Qazaxıstan və Belarus kimi dost dövlətlərlə əlaqələri bu şəkildə davam etdirməliyik. Güclənmək yolunu tutmalıyıq".

VHP sədri, xalq şairi Sabir Rüstəmxanlı Rusiya parlamentinin “erməni soyqırımı”nı qəbul etdiyini xatırlatdı: “Rusiyanın mövqeyi bəllidir. Rus mətbuatında çoxsaylı ermənipərəst mövqedən yazılan yazılar olub. Belə yazılar o qədər çoxdur ki, hər birinə ayrı-ayrılıqda cavab vermək mümkün deyil. Sadəcə, bu istiqamətdə işləmək lazımdır. Əks halda, bu tipli açıqlamaların hələ çox şahidi olacağıq. Qondarma yalanlar dilə gətirənlərlə, şər-böhtan kampaniyası aparanlarla Türkiyə barışa bilməz. Erməni yalanlarını ifşa edən əsərlər nəşr olunmalı, filmlər çəkilməli və bütün dünyada yayılmalıdır. Soyqırıma əsl məruz qalan türklərdir. Bu həqiqətləri yaymaq lazımdır. Bir arvad ”həqiqət" axtarır, amma biz həqiqətləri ortaya qoymalıyıq. Bu işlə məşğul olan ciddi qurumlar yaradılmalıdır. Təəssüflər olsun ki, nə biz, nə də Türkiyədə belə qurumlar yoxdur. Əlaqəli işləməyə böyük ehtiyac var".


Cavanşir ABBASLI
Bu xəbər oxucular tərəfindən 407 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed