Şrift:
Təbriz Traktorqayırma Şirkətinin iflas etməsi ilə bağlı yayılan xəbər təkzib edildi
04.05.2017 [17:07] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Təbriz Traktorqayırma Şirkətinin (İran Traktorqayırma Şirkəti) iflas etməsi ilə bağlı yayılan xəbər Təbriz İflas İşləri üzrə Hesablaşma Qurumunun rəisi Əziz Əmn-i İlahi və Təbriz Traktorqayırma Şirkəti Sənaye Qrupunun icraçı direktoru Əbulfəttah İbrahimi tərəfindən təkzib edilib.

“İran Traktorqayırma Sənaye Maşınları Şirkəti özəl sektora ötürüldükdən sonra idarəçiliklə bağlı bir sıra problemlərlə üzləşdi, lakin problem məhkəmənin qərarından sonra öz həllini tapdı. Artıq şirkət Təbriz İflas İşləri üzrə Hesablaşma Qurumu tərəfindən idarə olunur və öz fəaliyyətini davam etdirir”- deyə Əziz Əmn-i İlahi bildirib.

“Bundan öncə Təbriz Traktorqayırma Şirkəti onun iflasına səbəb olan Millət Yatırım Şirkəti tərəfindən idarə olunurdu. Sözügedən şirkət Birja Təsisatları və kütləvi informasiya vasitələrinə məktub göndərərək Traktorqayırma şirkətinin iflasa uğradığını elan edib, lakin bu belə deyil və şirkət öz fəaliyyətini davam etdirir”- deyə Əbulfəttah İbrahimi bəyan edib.

Əziz Əmn-i İlahi və Əbulfəttah İbrahimi xəbəri təkzib etsələr də, belə bir xəbərin hansı səbəbdən yayıldığını açıqlamayıblar. Onlar yayılan xəbərə cavab verərkən çox mübhəm və anlaşılmaz ifadələrlərdən istifadə ediblər.

Ötən günlərdə Millət Yatırım Şirkətinin icraçı direktoru Söhrab Rəstə bəyanat yayaraq Təbriz Trakturqayırma Şirkətinin iflasa uğradığını bildirmişdir. “Şirkət, Təbriz Məhkəməsinin 7 və 11-ci Şöbələrinin çıxardığı hökmə əsasən müflis elan edilib”- deyə şirkətin son vəziyyəti barədə açıqlanan bəyanatda qeyd olunmuşdur.
Bu xəbər oxucular tərəfindən 485 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed