Şrift:
Azərbaycan Demokratik Cümhuriyyətinin səma şahinləri - Onlar kimlərdir?
05.05.2017 [10:56] - Xəbərlər, Hərb
hərb tariximizin araşdırıcısı Şəmistan Nəzirlinin Cümhuriyyət dönəminin səma şahinləri haqqında olan araşdırmasını oxuculara təqdim edirik:

Azərbaycan dövləti, hərbi hava quvvələrini möhkəmlətmək üçün 1920-ci ildə on iki hidro-plan və altı aeroplan almalı idi.

Arxiv sənədi

1918-20-ci illərdə Milli Ordumuzda hərbi təyyarəçilərimiz olubmu? Bu barədə Azərbaycan Dövlət Yeni Tarix Arxivində məlumata rast gəlmək olur. Müdafiə naziri, general Səməd bəy Mehmandarov 1919-cu il yanvarın 22-də Gürcüstan Respublikasının nəzdində ADR-in diplomatik numayəndəsi Məmməd Yusif Cəfərovun adına belə bir məktub göndərmişdir:

“Əlahəzrət Məmməd Yusif bəy!

Bizim qoşunların təşkili işində yaxından iştirak etdiyinizə görə Sizdən razıyam və minnətdaram. Radioteleqraf işinin təlimi üçün iki zabiti və ya giziri, lazımi təhsili olan on iki cavanı Sizə ezam edə bilərəm. Onların məktəbə gəlmək vaxtını əvvəlcədən xəbər verməyinizi xahiş edirəm.

Bununla yanaşı, xahiş edirəm aydınlaşdırasınız ki, azərbaycanlıların da Tiflisdə yerləşən təyyarəçilik məktəbinə həmin şərtlərlə qəbulu mümkündürmü?”

Həmin il sentyabrın 14-də hərbi nazir orduda aviasiya dəstəsini yaratmaq haqqında əmr verib. Gürcüstanda doqquz nəfər Tiflis Aviasiya məktəbində üç aylıq kurs bitirib Azərbaycana qayıtmışdır. Bunlar ikinci Bakı alayının praporşikləri Əlihüseyn Dadaşov, Teymur Mustafayev, Gəncinski, birinci Cavanşir piyada alayının podporuçiki Əliyev, birinci artilleriya briqadasından kapitan şahzadə Firidun bəy Qacar, üçüncü Gəncə süvari alayından praporşik Həsənzadə, praporşik Qaraşarov və başqaları idi.

Arxivdə general S.Mehmandarovun və M.Sulkeviçin imzaladığı 370 nömrəli əmr də saxlanılır. 1919-cu il avqustun 19-da verilən əmrdə göstərilir ki, hərbi təyyarəçi podporuçik Xan Teymurçin Əfşar Azərbaycan Ordusunun Baş Qərargah İdarəsində aviasiya dəstəsinin rəisi təyin edilsin. Ona hərbi təyyarəçi kimi maaş verilsin.


Bu barədə Baş Qərargah rəisi, general Məmməd bəy Sulkeviçin 1920-ci il yanvarın 28-də Şuşadan Bakıya, kvartir-meyster generalının adına vurduğu teleqram saxlanılır:

“Gürcü təyyarəçilərinin Svanetidə üsyanı yatırmaq üçün təcrübəsi, çətin keçilə bilən dağ yerlərində bu üsulun əlverişli olduğunu subut etdi. Gürcü təyyarəçilərinin arasında beş pudluq bombanı üsyan etmiş kəndin uzərinə atmış leytenant Makayev də var idi. Bu təcrübədən elə o cür, tez, qəti nəticələr baş verə bilən Zəngəzurda da istifadə etmək olar. Telefon vasitəsilə Tiflislə əlaqə saxlayıb, məsələni aydınlaşdırın, Zaxaryadze ilə gürcü dilində danışın. Bir aeroplan göndərmək olar, özü də təyyarəçi Xan Əfşar Teymurçin ola bilər. Beləliklə, gürcülər gürcü zabitlərinin bizim daxili ekspedisiyalarda iştirakını qadağan edən hərbi konvensiyanı pozmurlar. Uçuşlar qısa olacaq, uçuş radiusu 100 verstdən uzaq olmayacaq. Aviasiya bazası Şuşada və ya Xankəndindədir. Cavabı mənə teleqrafla çatdırın. Yanvarın 29-da Xankəndində, 30-da Yevlaxda, 31-də isə Bakıda olacağam, bu halda cavabı mənə evə çatdırın. Yevlaxa vaqon göndərmək üçün komendanta tapşırıq vermişəm.

Baş Qərargah rəisi M.Sulkeviç”.

Qanlı-qadalı iyirminci ilin apreli gəldi. Bu tarixdə daşnak-bolşevik qoşunu ölkəmizə soxuldu. Bu igidlərin də payına sürgün, ölüm və təqiblər düşdü. ÇK-nın qəddarlığı ilə yüzlərlə azərbaycanlı əsgər və zabitin şöhrəti unudulub yaddan çıxdı. Onların adı yalnız məhkəmə protokollarında və xatirələrdə qaldı.

Milli Ordumuzun hərbi təyyarəçisi Xan Əfşar Teymurçin haqqında rast gəldiyim daha bir sənəd görkəmli pianoçu və Bakıda Şərq konservatoriyasının yaradıcısı Xədicə xanım Qayıbovanın dindirilmə protokoludur. 1933-cü ildə “casus” kimi həbs edilən ilk pianoçu Xədicə xanım 1938-ci ildə ikinci dindirilmədə demişdir; “Təyyarəçi zabit Xan Əfşar Teymurçinlə məni indi xalq düşməni kimi ifşa olunmuş Çingiz İldırım tanış etmişdir”.

“Dəstəmizə hərbi kadrları könüllülərdən yığırdıq. Onların çoxusu yoxlanılmamış və naməlum adamlar olub. Sənin əqidən Qızıl Orduda xidmət etməyinin ziddinə deyil ki sualıma o, belə cavab verdi:

- Mənim əqidəm mənə veriləcək pulun miqdarından asılıdır.

Bu cavabdan məlum oldu ki, Əfşar etibarlı adam deyil, ona görə də biz onu təyyarəçi vəzifəsinə götürmədik. O, Azərbaycan hava donanmasında işə düzəldi. Bir xeyli işləyəndən sonra Əfşar həkim işləyən həyat yoldaşı ilə qaçıb İrana getdi”.

(Marşal S.A.Krasovski, “Jizni v aviasii” kitabı, 1960-cı il, səh. 46).

Vəssalam. Təyyarəçi Xan Əfşar Teymurçinin son taleyi necə olub, məlum deyil.

* * *

Fərrux ağa Qayıbov

1919-cu ildə Milli Ordumuzda təyyarəçi kimi xidmət edən Mahmud Mahmudzadənin 1927-ci ildə Solovki həbs düşərgəsindən yazdığı məktubdan sətirlər:

“...1896-cı ildə Lənkəranda anadan olmuşam. On üç yaşına qədər məktəbdə oxumuşam. Ərəb və fars dillərini öyrənmişəm. İki il Lənkəran üçillik məktəbində ibtidai təhsil almışam, sonra gimnaziyaya daxil olmuşam. 1918-ci il fevralın 23-də gimnaziyanı ekstern yolu ilə bitirmişəm. Ali təhsilimi yarımçıq qoyub əlimə silah alaraq, millətimi, torpağımı təcavüzkarlardan xilas etmək məcburiyyətində olmuşam.

Süvari praporşikliyindən başlayaraq, artilleriyaya keçib 1919-cu ildə Tiflisdə aviasiyaya düşdüm (Аrхivdə gizir М Маhmudzаdənin охumаsı hаqqındа Аzərbаycаn Rеspublikаsının hərbi аttаşеsinə göndərdiyi bеlə bir rаpоrt sахlаnılır: "Diqqətinizə çаtdırırаm ki, iyulun 4-də Тiflis şəhərinə çаtdım və аviаsiyа məktəbində dərslərə bаşlаdım" -müəl.). 1920-ci ildə Bakıya qayıtdım. Azərbaycan Ordusunun Baş Qərargahı məni və dörd dostumu hərbi hava məktəbinə göndərdi.

Məktəbin rəisi, hərbi təyyarəçi Pavlov bizim aviasiya biliyimizi yoxlayandan sonra hamımızı nəzəriyyədən təcrübəyə keçirdi. Bizə M-5 hidro-təyyarəsini starşina Karpuxinin rəhbərliyi ilə yığmağı tapşırdılar. Mənim yoldaşlarım Teymur Mustafayev, Əlihüseyn Dadaşov, Əhədəli Əjdər Həsənzadə, Məlik Mikayıl Mirzə idi.

M-5 sınaq təyyarəsini yığandan sonra növbə ilə uçmağa başladıq. 1921-ci ildə ilk uçan Teymur Mustafayev oldu. O, məşq edib hərbi təyyarəçi rütbəsini aldı. 1922-ci il sentyabrın 22-də mən də uçdum. Məndən sonra Əlihüseyn Dadaşovu və kursant Əsəd Əliyevi uçuşa buraxdılar. Əlihüseyn Dadaşov və mən əlavə imtahan verib hərbi təyyarəçi rütbəsi aldıq.

1923-cü ildə məni Sevastopol yaxınlığındakı Kaçinski hərbi aviasiya məktəbinə göndərdilər...

1926-cı il oktyabrın 25-də həbs olundum. Səbəbini soruşdum, dedilər ki, 1920-21-ci illərdə xalq arasında milli məsələ ilə bağlı söhbətlər aparmısan.

Məndən bir az əvvəl Əlihüseyn Dadaşovu və Teymur Mustafayevi həbs etmişdilər. Bizi əlli ikinci maddə ilə beş il müddətinə Solovki adalarındakı həbs düşərgələrinə göndərdilər”.

* * *

Gərgin axtarışlardın sonra Mahmud Mahmudzadənin haqqında danışdığı azərbaycanlı təyyarəçilərdən ancaq birinin kimsəsini tapa bildim – Teymur Mustafayevin qardaşı, ağsaqqal İsrafil müəllimi. Unudulmuş, yaddan çıxmış qardaşının adını eşidəndə qocaman müəllimin uşaq kimi kövrəldiyini təsvir etmək çətindir...

Qardaş həsrətli İsrafil müəllim:

- Qardaşımın adı iyirminci illərdə dastan idi, - dedi, - hamı - böyük də, kiçik də onunla fəxr edirdi. Atam, anam isə bu şöhrətdən bərk narahat idilər. “Bu xoşbəxtliyi bizə çox görmə, ay Allah” deyib dua edirdilər. Kasıb ailə idik. Teymur işləyəndən sonra güzəranımız yaxşılaşdı. O, məndən böyük idi. 1896-cı ildə Bakıda anadan olub. Atam dülgər idi. 1919-cu ildə hökumət onu pulsuz-parasız məktəbə götürəndə atam xoşbəxtliyindən özünə yer tapa bilmədi.

1922-ci ildə əlaçı pilot Teymur Mustafayevə iki mükafat verildi. Noyabrın on dördündə yüz səksən nömrəli əmrlə Respublikanın Qırmızı Bayraq Ordeni ilə təltif olundu. Həmin il aprelin iyirmisində Respublika Hərbi Dəniz Komissarlığının yüz otuz iki nömrəli əmrilə Teymur uçuşda qazandığı müvəffəqiyyətlərə görə üstü yazılı qızıl saatla mükafatlandırıldı.

Təyyarəçi Teymur Mustafayev 1924-cü ildə Xəzərin üstü ilə beş yüz – altı yüz metr məsafədən uçarkən dəniz səthinin bir sahəsində yağlı neft ləkələri müşahidə edir. O, bu barədə Neft Təsərrüfatı Nazirliyinə məlumat verir. Həmin illərdə respublikamızda hərbi xidmətdə olan, sonralar Sovet İttifaqı Marşalı, Sovet İttifaqı Qəhrəmanı Stepan Akimoviç Krasovski yazır ki, Xəzərdə ilk dəfə neftin olmasını azərbaycanlı təyyarəçi Teymur Mustafayev
İyirminci illərin sonunda ölkədə ilk siyasi proseslərdən birinə başlandı. Gizli anti-sovet təşkilat olan “prom-partiya” (sənaye partiya) ittiham edilirdi. Guya bu təşkilat burjua-texniki ziyalılarından ibarət yuxarı təbəqənin bir hissəsini birləşdirir və sərhədin o tayının köməyinə, digər əksinqilabi qüvvələrin yardımına arxalanaraq SSRİ-nin sənaye və nəqliyyat sahələrində pozuculuq fəaliyyəti göstərirmiş. Həmin iş üzrə ölkədə bir çox məşhur aviasiya konstruktorları, təyyarəçi və mühəndislər həbs edildilər.

Azərbaycanlı təyyarəçi Teymur Mustafayev də guya “sərhəddin o tayının köməyinə” gedənlərdən biri olub. Yalan və haqsızlığın qurbanı olan Teymur 1926-cı ildə həbs edilərək əvvəl Solovki adalarına, sonra isə Qazaxıstanın Karaqanda şəhərinə sürgün edilir. Şəxsiyyətə pərəstiş dövrünün ilk qurbanlarından olan həmyerlimiz burada da fəaliyyətini dayandırmır. O, Karaqandada yenicə açılan daş kömür mədənlərinin inkişafında yaxından iştirak edir. T.Mustafayev “Karaqanda kömür” mədənlərində müxtəlif məsul vəzifələrdə qaz generatorları qurğusunun hazırlanması və Böyük Vətən müharibəsi illərində cəbhə üçün yük avtomobillərinin əsaslı təmirində böyük əmək sərf etmişdir.

Dövlət onun müharibə illərindəki və müharibədən sonrakı xidmətlərini nəzərə alaraq “Böyük Vətən müharibəsində fədakar əməyinə görə”, “Əməkdə fərqlənməyə görə” və “Xam torpaqların istifadəyə verilməsinə görə” medalları ilə təltif etmişdir. Həmyerlimiz həm də “Üçüncü dərəcəli dağ mühəndisi” fəxri adına layiq görülmüşdür.

Ömrünün axırına kimi Vətəndən uzaqlarda yaşayıb işləyən Teymur Mustafayevin səksən illik yubileyini 1976-cı ildə Karaqanda ictimaiyyəti keçirmişdir.

V.Jilkin familiyalı müəllif “İndustrialnaya Karaqanda” qəzetinin 27 oktyabr 1976-cı il tarixli nömrəsində “Yaxşı insan haqqında” məqaləsində yazır: “Ucaboy, çevik və həmişə gülümsər sifətli Teymur Mustafayevi mədənçilər şəhərində hamı qayğıkeş bir adam kimi tanıyır. O, kiminə xeyirxah məsləhəti ilə, kiminə də mənzil və məişət məsələlərinin həllində kömək edir. Artıq uzun illərdir ki, Teymur şəhər sovetinin xalq nəzarəti şöbəsində ictimai müfəttişdir. O, həm də rayon komitəsində mənzil-məişət komissiyasının üzvüdür. Bizim şəhərdə o, demək olar ki, yarım əsrdir yaşayır və işləyir.

1930-cu ildə Qazaxıstanda daş kömür sənayesinin əsası qoyuldu. Bu sahədə ilk və fəal çalışanlardan biri də Teymur Mustafayev idi. Böyük Vətən müharibəsi illərində o, yük avtomobillərini təmir edib cəbhəyə göndərən sexin rəisi idi. Onun təşəbbüsü ilə yük avtomobillərinin mühərrikləri qaz generatorları ilə işləməyə uyğunlaşdırılmışdı. Bu təşəbbüs cəbhənin ehtiyaclarını ödəmək üçün yüz tonlarla benzin yanacağına qənaət etməyə imkan vermişdi.

Müharibədən sonra Teymur Mustafayev Tixonovski, Novomaykudski, Prişaxtinski avtobazalarının və avtotəmir emalatxanalarının tikintisinə rəhbərlik etmişdir”.

Heç bir günahı olmadan sevimli hərbi təyyarəçilik sənətindən ayrılaraq doğma Azərbaycandan uzaqda yaşayan Teymur Mustafayev yetmişinci illərdə bir neçə dəfə öz Vətəninə qonaq kimi gəlib qayıtmışdır. Bir neçə dəfə köçüb Vətəni Azərbaycanda yaşamaq üçün yuxarı dairələrə müraciət etsə də, “yox, sən siyasi dustaq olmusan, xalq düşmənisən...” kimi ədalətsiz ittihamlarla onu məyus qaytarmışlar.

1981-ci ildə qürbətdə Vətən həsrətilə vəfat edən Teymur Mustafayevin Karaqanda şəhərində iki oğlu yaşayır. Böyük oğlu Yusif dağ mühəndisidir, kiçiyi İsgəndər isə atasının ilk gəncliyində yarımçıq qalmış arzusunu davam etdirir - təyyarəçidir.

Hər şeyin ilki, əzəli və əbədidir. Tarixin müəyyən mərhələlərində onlar unudulsalar da, gec-tez yada düşür, xatırlanırlar.

Haqq nazilir, amma üzülmür. Bu gün adı, şöhrəti doğma xalqına qaytarılan ilk təyyarəçilərimizin - Fərrux ağa Qayıbovun, Xan Əfşar Teymurçinin, Mahmud Mahmudzadənin, Teymur Mustafayevin, Əlihüseyn Dadaşovun, Məlik Mikayıl Mirzənin, Əsəd Əliyevin, Əjdər Əhədəli Həsənzadənin ömür yolu öyrənilməklə adları əbədiləşdirilməlidir.
Bu xəbər oxucular tərəfindən 564 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed