Şrift:
Naxçıvan və Acarıstan muxtar respublikaları arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
06.05.2017 [09:36] - Gündəm, Siyasət
Batumidə rəsmi səfərdə olan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov mayın 5-də Acarıstan Muxtar Respublikası hökumətinin rəhbəri Zurab Pataradze ilə görüşüb.

Görüşdə Naxçıvan və Acarıstan muxtar respublikaları arasında əlaqələrin inkişaf perspektivləri, Naxçıvan ilə Batumi arasında birbaşa çarter reyslərin açılması, regionda aparıcı turoperatorların turizm, kənd təsərrüfatı sahələrində əlaqələrinin genişləndirilməsi, logistik mərkəzlərin yaradılması, turist axınının artımı və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Vasif Talıbov Azərbaycan ilə Gürcüstan arasında strateji tərəfdaşlığın Naxçıvan və Acarıstan muxtar respublikaları arasındakı münasibətlərin də bütün sahələrdə inkişafı üçün geniş imkanlar yaratdığını bildirib.

Sədr Naxçıvan Muxtar Respublikası Hökumətinin ticarət-iqtisadi və mədəni-humanitar əməkdaşlığının inkişaf istiqamətləri və perspektivləri haqqında ətraflı məlumat verib. O, aktivləşdirilmiş nəqliyyat kommunikasiyalarının, tranzit yük dövriyyəsinin artdığını və müxtəlif sahələrdə gələcək əməkdaşlıq üçün böyük potensialın olduğunu bildirib.

Acarıstan Muxtar Respublikası Hökumətinin sədri Zurab Pataradze Azərbaycan ilə Gürcüstan arasındakı qədim dostluq və qardaşlıq münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsindən məmnunluğunu ifadə edib. “Biz əlaqələrimizin inkişafında maraqlıyıq. Həmçinin muxtar respublikalarımızda fəaliyyət göstərən universitetlərarası proqram mübadiləsinə, uşaqların müalicəsinə aid proqramların həyata keçirilməsinə, müxtəlif müalicə və reabilitasiya mərkəzləri arasında əməkdaşlığa hazırıq”, - deyə o qeyd edib.

Görüşdə Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının sədri Vüqar Abbasov, Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Azərbaycanın Batumidəki baş konsul Rəşad İsmayılov, Gürcüstan tərəfdən Acarıstan Ali Sovetinin sədri David Qobaidze, kənd təsərrüfatı naziri Lasa Komaxidze, Turizm Departamentinin sədri Sulxan Qlonti və digər rəsmi şəxslər iştirak ediblər.
Bu xəbər oxucular tərəfindən 408 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed