Şrift:
İranda bəhailərə qarşı repressiyalar gücləndirilib. 18 bəhainin iş yerləri qapadılıb
06.05.2017 [10:22] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İrandakı hüquq müdafiəçilərinin bəhai mənbələrinə istinadən yaydığı məlumata əsasən, ticarət obyektlərinin fəaliyyətinə nəzarət edən idarənin əməkdaşları mayın 1-də İsfahan əyalətinin Şahinşəhr şəhərində 18 bəhainin iş yerlərində yoxlama keçirdikdən sonra onların mağaza və obyektlərini bağlayıblar. Yoxlama zamanı bəhailər təhqir və təhdid edilib, onların mağazalarındakı bir sıra mallar və şəxsi əşyalar götürülüb.

Həmin gün, ETTELAAT-ın Kaşan şəhəri bölməsinin mülki geyimli əməkdaşları daha 2 bəhainin (Ziyaulla İlahiyan və Əmrulla Mənuçehri) şəxsi mənzilinə basqın edib. Hər iki evdə yoxlama aparıllıb, bəhailərə məxsus dini kitablar, kompüterlər, mobil telefonları və bir sıra digər şəxsi əşyalar götürülüb. Bildirilir ki, evdə yoxlama apararkən tez-tez yuxarı orqanlarla telefon əlaqəsi saxlayaraq onlardan göstəriş alan ETTELAAT əməkdaşları hər iki bəhainin ailə üzvləri ilə kobud davranaraq onları da təhdid ediblər.

Rəsmi statistikaya görə, hazırda İranda 350 mindən çox bəhai yaşayır. İran konstitusiyası bəhai dinini müstəqil bir din kimi tanımır. Elə buna görə də, son 38 ildə ölkədə bəhailərin sərbəst təhsil almasına, dövlət idarələrində işə götürülməsinə qadağa qoyulub, digər hüquqları məhdudlaşdırılıb. 1979-cu ildə İranda islam hakimiyyəti qurulandan bu günə kimi, ölkədə ən azı 300 nəfərdən çox bəhai edam edilib.
Bu xəbər oxucular tərəfindən 434 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed