Şrift:
Yanvar-mart aylarında 407 yol-nəqliyyat hadisəsi baş verib
10.05.2017 [10:05] - Hadisə
Yanvar-mart aylarında ölkənin avtomobil yollarında 407 və ya 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 2,9 faiz az yol-nəqliyyat hadisəsi baş verib, bu hadisələr nəticəsində zərərçəkənlərin sayı 3,9 faiz azalaraq 573 nəfər olub.

Dövlət Statistika Komitəsindən bildiriblər ki, onlardan 162-si həlak olub, 411-i isə yaralanıb. Hadisələrin 46,7 faizi gündüz, 33,9 faizi gecə, 19,4 faizi isə toran vaxtı baş verib, 24,3 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib.

Yol-nəqliyyat hadisələrinin 89,9 faizi yaşayış məntəqələrində baş verib, bu hadisələr nəticəsində həlak olanların sayı 2016-cı ilin müvafiq dövrünə nisbətən 24,0 faiz artaraq 119 nəfər, yaralananların sayı isə 7,2 faiz azalaraq 386 nəfər olub.

Bütün yol-nəqliyyat hadisələrinin 47,9 faizi nəqliyyat vasitələrinin və piyadaların, 33,7 faizi bir neçə nəqliyyat vasitəsinin, 18,4 faizi bir nəqliyyat vasitəsinin iştirakı ilə baş verib və 2016-cı ilin yanvar-mart aylarına nisbətən hadisələrin sayı müvafiq olaraq 14,0 faiz artıb, 17,0 və 9,6 faiz azalıb.

Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 72,8 faizini, yaralananların isə 71,8 faizini kişilər təşkil edib.

Nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 7 hadisə baş verib, nəticədə 4 nəfər ölüb, 5 nəfər isə yaralanıb. Belə hadisələrin 85,7 faizi minik avtomobillərinin sürücüləri tərəfindən törədilib.

Yanvar-mart aylarında yol hərəkəti qaydaları əleyhinə aşkarlanmış inzibati xətaların sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə eyni səviyyədə qalaraq 747,8 min olub. Xətaların 50,8 faizi yolda müəyyən edilmiş hərəkət sürəti həddinin aşılması, 11,4 faizi svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi, 11,3 faizi dayanma və ya durma qaydalarının pozulması, 9,5 faizi yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi, 3,7 faizi təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsinin idarə olunması, qalan hissəsi isə digər səbəblər üzrə aşkarlanıb. Qaydaların pozulmasına görə 15,1 milyon manat məbləğində cərimə tətbiq edilib.
Bu xəbər oxucular tərəfindən 144 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed