Şrift:
İran Azərbaycanla Ermənistan arasındakı yeni vasitəçilik təşəbbüsündə səmimi deyil
30.04.2012 [15:25] - Güney Azərbaycan xəbərləri
Xəbər verildiyi kimi, Ermənistanın xarici işlər naziri Edvard Nalbəndyan İranda səfərdə olub və iranlı həmkarı Salehi ilə, o cümlədən prezident Əhmədinejatla görüşüb. Yayılan rəsmi məlumatlarda iddia olunur ki, Salehi erməni həmkarıyla Dağlıq Qarabağ münaqişəsinin həlli yollarında yaranmış mövcud durumu müzakirə edib, həmsədrlərin davranışlarını ciddi tənqid edərək vasitəçilik missiyasının formatının dəyişdirilməsinin vacibliyini vurğulayıb. İranlı nazir təmsil etdiyi dövlətin bu münaqişənin həllində öz dəstəyini də təklif edib, rəsmi Tehranın yeni vasitəçilik təşəbbüslərinin sülhə töhfə verə biləcəyini bəyan edib.



Xatırladaq ki, İran 1992 – ci ildə də anoloji təçəbbüslə çıxış edərək o vaxtkı Azərbaycan rəhbərliyinin obrazlı ifadə etsək, “saqqızını oğurlaya bilmişdi”. Nəticədə Milli Məclisin o vaxtkı sədri, Azərbaycan prezidenti səlahiyyətlərinin icraçısı Yaqub Məmmədov mayın 8–də Tehranda Ermənistan prezidenti ilə münaqişənin sülh yoluyla tənzimlənməsi üçün memorandum imzaladığı gün Şuşa şəhəri erməni silahlı birləşmələri tərəfindən xaincəsinə işğal edilmişdi.

Görəsən üstündən düz 20 il keçdikdən sonra rəsmi Tehranın yeni vasitəçilik təşəbbüslərinə bel bağlamağa dəyərmi, bu səylərin sülhə töhfə vermək şansı nə qədərdir?



Məsələ ilə bağlı elə Yaqub Məmmədovun özüylə görüşüb hörmətli professorun mövqeyini öyrənmək istədik. Y. Məmmədov bildirdi ki, bu cür paralel aparılmasını o qədər də düzgün hesab etmir və bu gün də o mövqedədir ki, o vaxt rəsmi Tehran vasitəçilik səylərində çox səmimi idi. Y.Məmmədovun sözlərinə görə, yalnız İranın bölgədəki nüfuzunu, xüsusən də Azərbaycanla dostluq və yaxın qonşuluq münasibətlərini pozmaq istəyən daxili və xarici güclər bu xoşməramlı niyyəti pozdular, nəticədə Şuşa işğal olundu.

“İran Xocalı soyqırımından sonra hələ Ayaz Mütəllibovun prezidentliyi dönəmində vasitəçilik təşəbbüsüylə çıxış etmişdi, buna görə də xarici işlər naziri Vilayəti həm Bakıda, həm İrəvanda, həm də Xankəndində danışıqlar aparmışdı. Ayaz Mütəllibovun istefasından sonra İran tərəfi mənim mövqeyimi öyrənmək istədi və yarımçıq qalmış vasitəçilk cəhdlərinin davam etdirilib–etdirilməməsi soruşuldu. Mən də sülhə səbəb ola biləcək istənilən xoşniyyətli cəhdləri müdafiə etdiyimi bildirdim. Ancaq təəssüf ki, məkrli qüvvələr buna imkan vermədi”.



Eks-spiker onu da bildirdi ki, o vaxtlardan fərqli olaraq bu gün İran – Azərbaycan münasibətlərində aşkar gərginlik müşahidə edilir, belə bir emossional atmosferin davam etdiyi dönəmdə vasitəçilik səylərinin fayda verəcəyinə ümid demək olar ki, yoxdur. Ona görə də Salehinin məlum bəyanatına adi bir diplomatik jestdən başqa ad vermək düşgün olmaz.



Zülfüqar Hüseynzadə
Bu xəbər oxucular tərəfindən 1244 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed