Şrift:
Fərəc Quliyev: Rusiya ilə münasibətlərə yenidən baxmaq lazımdır (audio)
17.05.2017 [09:38] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev Milli Məclisin 16.05.2017 tarixində keçirilən plenar iclasında Rusiya Ali Məhkəməsinin Ümumrusiya Azərbaycan Konqresinin ləğvi ilə bağlı qərarına ciddi etiraz edərək, Azərbaycanı sərt mövqe nümayiş etdirməyə və Rusiya ilə münasibətlərə yenidən baxmağa çağırıb.
Fərəc Quliyevin həmin çıxışının tam mətnini və səs yazısını təqdim edirik:

“Təşəkkür edirəm, Cənab sədr!
Mən deputat həmkarlarımın fikirlərinin əksəriyyəti ilə razılaşıram ,amma hesab edirəm ki, adekvat münasibət bildirmədikcə Rusiya bu xəttini yeridəcək. Biz tarixə nəzər saldıqda Azərbaycanın bölünməsindən tutmuş, Çar Rusiyasının sonrakı dönəmdə Azərbaycana elədiklərinə qədər mövqelərini görürük. Amma ən yeni tariximizdə 20 Yanvar da yaddan çıxmayıbdı. Xocalı soyrımı məsələsi Milli Məclisdə müzakirə olunanda, mən çıxışımda təkid elədim ki, müraciət layihəsində 366-cı alay Sovet İttiqfaqının ordusu kimi yox Rusiya ordusu kimi göstərilməlidir. O dönəmdə Sovet İttiqfaqı yox idi, Rusiya var idi. Xocalı soyqırımına görə siyasi- hüquqi məsuliyyəti isə təkcə Ermənistan yox, həm də Rusiyanın daşıdığını sənəddə göstərilməsini təkid elədim, təəssüf ki, onu ora salmadıq. Son zamanlarda Rusiyada milyarderlər ittifaqıını yaratmaqla, Dağıstanın prezidentini də ora daxil eləməklə Azərbaycana qarşı hər bir tədbiri gördülər. Bir Milli Şura yaratdılar və Milli Şuranı da yaradanın Valodin olduğu bilinirdi. Azərbaycanda da Azərbaycanı parçalamaq üçün hər bir tədbirə əl atdılar. Son zamanlar Rusiya Xarici İşlər Nazirliyi rəsmisinin Azərbaycana olan münasibətini də gördük. Azərbaycana indiki bu münasibət də onu göstərir ki, bütün bunlar bir zəncirin həlqələridir və basqı davam edir. Həm Rusiya özü Minsk qrupunun üzvü ola-ola Ermənistanı silahlandırması, bu bölgədə silahlar kvotasını pozaraq xeyli silahların yerləşdirilməsi, Ermənistanın bir il əvvəl Aprel döyüşlərində məğlub olduğu anda onun arxasında dayanması, müxtəlif bəyanatlar verməsi, bütün bunlar onu göstərirki, bu düşünülmüş bir siyasətdir və bizim də yumşaq davranmağımız doğru deyil. Rusiyada milyonlarla azərbaycanlı yaşayır və o insanlar Rusiyaya çox möhtəşəm xidmətlər verirlər. Orda alimlərimiz, akademiklərimiz, iş adamlarımız çox normal şəkildə işləyirlər və xidmətləri var. Amma göründüyü qədər Rusiya istəmir ki, bizim elitamız orda Rusiya siyasi dairələri ilə ünsiyyətdə olsun, Dumasında iştirak eləsin. Onlar çalışırlarki biz yalnız onların bazarlarında olaq, xammal aparaq və onların siyasi xəttində Azərbaycana haqlı münasibətin formalaşmasında diasporamızın gücünü aradan qaldırmağa çalışır ki, bu da düşünülmüş siyasətdir. Burda qeyd olundu, Azərbaycanda yüzlərlə rus məktəbi var. Azərbaycanda cəmi 200 min civarında rus kökənli azərbaycanlı yaşayır. Amma Rusiyada milyonlarla azərbaycanlı yaşayır və orda məktəblər yoxdu axı, sadəcə bazar günü məktəbləri var. Onda burda da ruslar üçün bazar günü məktəbləri olsun. Azərbaycanca danışsınlar, Azərbaycan dilini öyrənsinlər, təhsillərini azərbaycanca alsınlar, necəki Rusiyada yaşayan azərbaycanlılar davranırlar.
Hesab edirəm ki, Rusiya ilə münasibətlərə yenidən baxmaq lazımdır. Azərbaycan Rusiyaya qarşı sanksiyalara qoşulmadığından, Rusiyaya digər xoş münasibətləri ucbatından, dəfələrlə qərb təsisatlarında müxtəlif səviyyələrdə münasibətlərə xələl gəlməsi ilə rastlaşıbdı. Artıq, Azərbaycan qərb təsisatlarında mövcud yaxşı münasibətlərini daha da inkişaf və davam etdirməlidir . Hesab edirəm ki, Rusiyadan silah almağa da son qoymaq lazımdır. NATO-ya inteqrasiya olunmaq lazımdır. Qərb təsisatlarına getmək lazımdır. Gürcüstan və Baltikyanı ölkələr kimi tamamilə qərb təsisatları ilə, qərb ölkələri ilə münasibətlər qurmaq lazımdır. Rusiyanın bu cür siyasətinin dəyişəcəyinə qətiyyən inanmıram və hesab edirəm ki, siyasətimizə yenidən baxmaq lazımdır.
Təşəkkür edirəm.”



MDHP Mətbuat Xidməti
Bu xəbər oxucular tərəfindən 597 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed