Şrift:
Ombudsman Aparatı: Rusiyadakı soydaşlarımızın birləşmə azadlığı hüququ məhdudlaşdırılmış oldu
17.05.2017 [10:22] - Siyasət
Azərbaycanı sevməyən qüvvələrin təhriki ilə Rusiya Ali Məhkəməsinin Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatını ləğv etməsi Rusiyada yaşayan soydaşlarımızın birləşmə azadlığı hüququnu da məhdudlaşdırmış oldu.

Bunu Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı deyib.

Azərbaycanla Rusiya arasında 25 ildir ki, diplomatik münasibətlər qurulduğunu və yüksələn xətt üzrə inkişaf etdiyini deyən A.Səfixanlı qeyd edib ki, iki ölkə arasında 200-dən artıq müqavilə və saziş imzalanıb: “Eyni zamanda qeyd etmək istərdim ki, Rusiya ilə Azərbaycan arasında müxtəlif sahələr üzrə əməkdaşlıq proqramları qəbul olunub və uğurla icra olunub. Bakıda hər iki ölkə prezidentinin himayəsi altında 2011-ci ildən etibarən mütəmadi olaraq hər il “Bakı Beynəlxalq Humanitar Forumu”nun keçirilməsi bu əməkdaşlıq əlaqələrinin artıq ikitərəfli çərçivədən çıxaraq beynəlxalq müstəviyə keçməsinin göstəricisidir”.

Ölkəmizdə 150 mindən artıq rus yaşadığını deyən A.Səfixanlı bildirib ki, Cənubi Qafqazda öz etnik identikliyini, mədəniyyətini, dilini və dinini qoruyub saxlamış ən böyük rus diasporu Azərbaycanda fəaliyyət göstərir.

Onun sözlərinə görə, Azərbaycanda digər xalqlar kimi rusların da ölkənin sosial-iqtisadi, siyasi və mədəni həyatına tam şəkildə inteqrasiya edə bilməsi üçün hər cür şərait yaradılıb: “Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi fəaliyyət göstərir, rus icması – iki xalq arasında real birləşdirici həlqədir.

Lakin təəssüflə qeyd etmək istərdim ki, iki ölkə arasında yüksək səviyyədə əməkdaşlığın mövcud olduğu bir şəraitdə Azərbaycanı sevməyən qüvvələrin təhriki ilə Rusiyanın Ali Məhkəməsi tərəfindən Ümumrusiya Azərbaycan Konqresinin ləğvi barədə qərarın qəbul olunması bu əməkdaşlığa kölgə salmaqla bərabər Rusiyada yaşayan soydaşlarımızın birləşmə azadlığı hüququnu da məhdudlaşdırmış oldu. İnanıram ki, Rusiya tərəfi Azərbaycan-Rusiya əlaqələrinin müasir vəziyyətini qiymətləndirərək yaradılmış strateji tərəfdaşlıq səviyyəsinin inkişafına mənfi təsir göstərə biləcək bu qərarın dəyişdirilməsinə çalışacaq”.

Qeyd edək ki, mayın 15-də Rusiya Ədliyyə Nazirliyinin təqdimatına əsasən Rusiya Ali Məhkəməsi ÜAK-ın qeydiyyatını ləğv edib.
Bu xəbər oxucular tərəfindən 338 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed