Şrift:
Paytaxtın sərnişindaşıma avtobuslarına yeni TƏLƏBLƏR
19.05.2017 [11:42] - Sosial
Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtın inzibati ərazisində müntəzəm sərnişindaşımalarda istifadə edilən avtobuslara, taksi minik avtomobillərinə, onların sürücülərinə, sərnişin daşımalarını həyata keçirən daşıyıcılara, sərnişindaşımaya aid infrastruktura dair tələblər hazırlayıb.
BNA-nın İctimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev deyib ki, yaxın vaxtlarda bu tələblərlə bağlı ictimaiyyətə məlumat veriləcək.

O qeyd edib ki, sərnişindaşımalarda istifadə edilən avtobuslarla bağlı müəyyən edilən tələblər sırasında ən vacibi avtobusların banının ön, arxa və yan tərəflərinin üzərində Agentliyin verdiyi eyniləşdirmə kodunun və 141 Çağrı Mərkəzinin nömrəsinin olmasıdır:

“Məqsəd, sərnişindaşıma sahəsində əhaliyə göstərilən xidmətin keyfiyyətini artırmaq və dövlət nəzarətini daha da təkmilləşdirməkdir. Artıq Agentliyin tələbi və birbaşa nəzarəti altında bu məlumatların avtobuslar üzərində vurulmasına başlanılıb.
Bundan başqa, Agentliyin “ALO 141” Çağrı Mərkəzi vətəndaşlara daha rahat və operativ formada əlaqə saxlamaq, yaranmış problemlərlə bağlı onları maraqlandıran suallara dərhal cavab almaq imkanı verir. Əsas hədəfimiz ictimai nəqliyyat xidməti sektorunda vətəndaş məmnunluğunun təmin edilməsi, bu istiqamətdə yeni yanaşmanı formalaşdırmaq, göstərilən xidmət səviyyəsini yüksəltməkdir. Müvafiq tələblərə uyğun olaraq, avtobusların üzərində və salonunda ayrı-ayrı daşıyıcılara məxsus qaynar xətt nömrələri də yığışdırılır. Bununla da ictimai nəqliyyatla bağlı şikayət və müraciətlərin vahid mərkəzdə toplanması və mövcud çatışmazlıqların daha operativ aradan qaldırılması təmin ediləcək.
Yaxın vaxtlarda Çağrı Mərkəzinin internet portalı da istifadəyə veriləcək. İstifadəçilər portala daxil olmaqla, paytaxt yollarındakı vəziyyət, marşrutların hərəkət qrafiki və trayektoriyası, dayanacaqlar, eləcə də paytaxtın nəqliyyat sistemi ilə bağlı digər məlumatlarla tanış ola biləcəklər”.

M.Ağayev deyib ki, avtobuslara dair müəyyən edilən əsas tələblərdən olan eyniləşdirmə kodları isə ictimai nəqliyyatda ilk dəfə tətbiq edilir:

“5 rəqəmdən ibarət eyniləşdirmə nörməsinin ilk iki rəqəmi avtobusun hansı daşıyıcıya aid olduğunu bildirir. Eyniləşdirmə nömrələrinin verilməsi paytaxtın marşrut şəbəkəsində istifadə edilən nəqliyyat vasitələri barədə zəruri məlumatların toplandığı Vahid Bazasının Formalaşdırılması baxımından da əhəmiyyətlidir. Tələblərə əsasən, eyniləşdirmə nömrəsi avtobusun xaricində sağ, sol, ön və arxa tərəflərinə, eyni zamanda nəqliyyat vasitəsinin salonunda sərnişinlərin aydın görə biləcəyi yerdə vurulmalıdır. Bakı Nəqliyyat Agentliyinin tapşırığına əsasən, artıq eyniləşdirilmə nömrələrinin avtobuslara vurulması prosesinə başlanılıb. Gələcəkdə bu nömrələrin avtobusların damına da vurulması təmin ediləcək.
Eyniləşdirmə nörmələrinin məhz bu formada avtobusun daxili və xarici tərtibatında yer alması xüsusi əhəmiyyət kəsb edir. Belə ki, avtobusla bağlı hər hansı bir müraciəti və ya şikayəti olan sərnişinlərimizin nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanını bildirməsinə ehtiyac qalmayacaq”.
Məlumat üçün bildirək ki, qeyd edilənlərlə yanaşı sərnişin avtobusların xaricinə və salonuna nəqliyyat vasitəsinin fəaliyyət göstərdiyi marşrut xəttinin nömrəsi, keçdiyi dayanacaq mənətəqlərinin ardıcıllığı, gediş haqqının məbləği ilə bağlı məlumatlandırıcı, eləcə də ictimai nəqliyyatdan istifadə qaydaları ilə bağlı maarifləndirici löhvələr də vurulub.

Gülşən RAUFQIZI
Bu xəbər oxucular tərəfindən 211 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed