Şrift:
Azərbaycanda “Xainlər məzarlığı” yaradılır?
19.05.2017 [12:02] - Gündəm
Bir müddət öncə Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq düşmən kəşfiyyatçıları ilə məxfi əməkdaşlıq edən bir qrup hərbi qulluqçu və digər mülki şəxslər barədə yayılan məlumat geniş müzakirələrə səbəb oldu.
“Sapı özümüzdən olan baltalar”ın xəyanəti cəmiyətdə böyük əks-sadə doğurdu.
Ölkə gündəmini zəbt edən bu hadisə haqda müxtəlif fikirlər səsləndirildi.
Bu cür təxribatların bir daha təkrarlanmaması, cəmiyyətdə vətənpərvərlik hisslərinin daha dərindən təbliğ olunması, baş verəcək belə hallara qarşı insanların birmənalı mövqeyinin sərgilənməsi üçün müxtəlif təkliflər irəli sürüldü.
Belə təkliflərdən biri də vətənə xəyanətdə əli olanların öldükdən sonra “xainlər məzarlğı”nda basdırılması olub.
Amma bizim ölkədə belə bir məzarlıq mövcud deyil, Onun yaradılması “ibrət dərsi” mesajının verilməsi kimi qiymətləndirilə bilər.
Qeyd edək ki, Türkiyədə belə bir məzarlıq var. Həmin qəbirstanlıqda 15 iyul çevriliş cəhdinin iştirakçıları dəfn olunub. Çevriliş cəhdinin yatırılmasından dərhal sonra çevrilişə qalxarkən həlak olanların ayrıca “xainlər məzarlığında” dəfn edilmələri təşəbbüsü ilə İstanbul meri Kadir Topbaş çıxış etmişdi. Onun ideyasına görə bu qəbirstanlıq insanlara görk olmalı və onun yanından ötənlər çevriliş iştirakçılarına lənət oxumalıdırlar.
Bəs, görəsən, Azərbaycanda belə bir qəbirstanlığın yaradılması nə qədər realdır? Bununla hansı nəticəyə nail olmaq olar?
Mövzu ilə bağlı A24.Az-a açıqlama verən hərbi-siyasi məsələlər üzrə ekspert polkovnik Şair Ramaldanov birmənalı olaraq bu təşəbbüsün əlehinə olduğunu bildirib. Onun sözlərinə görə, həmin şəxslərin hansısa formada tarixdə qalması düzgün deyil:
“Bilirsiniz, tarix boyu bütün cəmiyyətlərdə qəhrəmanlar olduğu kimi, satqınlar da olub. Bu, hər bir xalqın yaralı yeridir. Əslində belə halları çox zaman unutmağa çalışırlar.
Qəhrəmanları əbədiləşdirmək üçün abidələr qoyulur, heykəllər ucaldılır. Amma belə xainlər, satqınlar üçün xüsusi nəyinsə hazırlanmasını düzgün hesab etmirəm. Onlar haqqında gələcək nəsillərə məlumat ötürmək, onların adlarını hansısa formada yaşatmaq lazım deyil. Əksinə, həmin insanları unutmaq, tarixdən silmək lazımdır. İndi həmin hərbçilər bağlı müəyyən tədbirlər görülür və hələlik qərar məlum deyil. Lap əgər bu adlar bəlli olsa da, qərar qəbul edilsə də, bu insanlar haqqında az danışmaq daha yaxşı olar. Onlar onsuzda qanun qarşısında cavab verəcəklər. Əlavə bir tədbirə ehtiyac görmürəm”.
Ş.Ramaldanovun fikrincə “xainlər məzarlığı”nın salınması kimi bir addım gələcək nəsillər üçün böyük mənəvi zərbə ola bilər.
“Məsələ başqa bir tərəfdən də yanaşmaq istərdim. Təsəvvür edin ki, gələcəkdə həmin nəsillərdən birinin nümayəndəsi vətənpərvər, hörmətli bir insan oldu. O niyə keçmişə görə əziyyət çəkməlidir ki? Övladlar atalara görə cavab verməməlidir. Hər kəs öz əməlllərinə görə qiymətləndirilməlidir”, – deyə ekspert fikrini əsaslandırıb.
Bu xəbər oxucular tərəfindən 126 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed