Şrift:
Ermənistandan azərbaycanlıların köçürülməsi haqqında Sovet hökumətinin 11 maddəlik qərarı - Ürək ağrısı ilə oxuyacağımız sənəd
19.05.2017 [12:02] - Xəbərlər, Hadisə
Bu günə kimi işlədiyim arxivlərdə, kitabxanalarda və yaxud tarixi-arxiv materiallara həsr olunmuş kitablarda paralanmış və uralanmış bütöv Azərbaycan haqqında heç də ürək açan, sevindirici sənədlərə rast gəlmədim. Açığı, hər tozlu arxivi qaldırdıqca ümid dolu baxışlarla bir dəfə də olsa sevindirici tarixi sənədlə qarşılaşacağımı düşünürəm. Təəssüf ki, bu günə kimi hələ rastıma çıxmayıb...

Xanlıq dövrü də daxil olmaqla Türkmənçay və Gülüstan müqavilələrindən düz Sovet hökumətinin çöküşünə qədər olan aralıqda bu Vətənin başına olmazın oyunlar açıldı, öncə Vətənimizi iki yerə böldülər, sonra da bölünən hissəni tikə-tikə qoparıb soyu biliməz haylara yurd etdilər. Bunula da yetinməyib bölüb verdikləri torpaqların sahibi olan bu milləti hissə-hissə yurdundan qovub çıxardılar. Bu planın son həlqəsi də 1988-ci ildə gerçəkləşdi və öz yurdlarından tarixən oranın sahibi olan insanları qovub çıxardılar, bir ev belə qalmadı. Çar Rusiyası Vətənimizi böldü, Sovet Rusiyası Azərbaycan torpaqlarında gəlmə haylara yurd düzəltdi və tarixən o torpağın sahibi olan insanları yerindən-yurdundan elədi, bugünkü Rusiya Federasiyası isə sələflərinin oyununu davam etdirir...

Bu gün oxucularımıza ürək ağrısı ilə təqdim edəcəyimiz material isə 1947- ci il dekabrın 23-də SSRİ Nazirlər Soveti “Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” 4083 nömrəli qəbul etdiyi qərardı. Enter.News araşdırmaçı-yazar Adıgözəl Məmmədovun araşdırmalarından əldə etdiyimiz həmin qərarı təqdim edir:

"1. 1948-1950-ci illərdə Ermənistan SSR-dən 100 min kolxozçu və başqa azərbaycanlı əhali könüllülük əsasında Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülsün; onlardan: 10 min nəfər 1948-ci ildə, 40 min nəfər - 1949-cu ildə və 50 min nəfər - 1950-ci ildə.

2. Azərbaycan SSR və Ermənistan Nazirlər sovetlərinə tapşırılsın:

a) kolxozçular və digər azərbaycanlı əhali arasında Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülənlərə dövlətin yaratdığı şəraitin və verdiyi güzəştlər barədə izah etmə işləri təşkil edilsin;

b) kolxozların köçkün kolxozçulara, onların yola düşməsinə 10 gün qalmasından gec olmayaraq, qazandıqları əmək günlərinin kolxozların istehsalat planları ilə nəzərdə tutulmuş ölçülərdə haqq-hesab təmin edilsin;

v) köçkünlərin şəxsi istifadəsində olan bütün əmlakın, mal-qaranın və quşların daşınması təmin edilsin.

3. Nazirliklərin və baş idarələrin, idarə və müəssisələrin rəhbərlərinə bir vəzifə olaraq tapşırılsın ki, Ermənistan SSR-dən Azərbaycan SSR-nin Kür-Araz ovalığına köçən şəxsləri işdən azad etsinlər.

4. SSR-nin Kür-Araz ovalığına köçürüləcək azərbaycanlı əhali üçün aşağıdakı güzəştlər təyin edilsin:

a) köçürülən hər ailəyə iki ton ev əşyası və kənd təsərrüfatı heyvanlarını aparması üçün dövlət hesabına pulsuz gediş təmin edilsin;

b) SSR-nin Kür-Araz ovalığına köçürüləcək kolxozçulara, məcburi süd tədarükü üzrə güzəşt istisna olmaqla “Kənd təsərrüfatında köçürmə işləri üzrə güzəştlər haqqında” SSRİ Mərkəzi İcraiyyə Komitəsinin və SSRİ Xalq Komissarları Şurasının 1973-ci il 17 noyabr tarixli 1152043 nömrəli Qərarı şamil edilsin;

v) köçmə zamanı köçkünlərin ailələrinə qaytarılmaq şərtilə ailə başçısına 1000 manat və ailənin hər bir üzvünə 300 manat məbləğində müavinət verilsin;

q) Azərbaycan SSR-nin Kür-Araz ovalığına köçürülmüş ailələrə məskunlaşdığı yerlərində ailə başçısına 1,5 sentner nağd hesabla ərzaq taxıl satılsın.

5. Ermənistan SSR-dən Azərbaycan SSR-nin Kür-Araz ovalığına köçürülən azərbaycanlı əhaliyə məskunlaşacağı yerlərdə mübadilə qəbzləri əsasında həmin miqdarda məhsul və mal-qara almaq hüququnu saxlaması ilə, tərk etdikləri yerlərdə tədarük təşkilatlarına kənd təsərrüfatı məhsulların (taxıl, kartof), habelə karantin şərtlərinə görə daşınması qadağan edilmiş mal-qaranı təhvil verməsinə icazə verilsin.

6. Kənd təsərrüfatı Bankına tapşırılsın:

a) Azərbaycan SSR-nin Kür-Araz ovalığına köçürülənlərdən ehtiyacı olanlara hər təsarrüfata ev tikmək və həyətyanı tikinti üçün 20 min manat məbləğində, kreditin alındığından üç il sonra başlayaraq, 10 il müddətində ödəməklə kredit verilsin;

b) Ehtiyacı olan köçkünlərə hər ailəyə, ssuda alındıqdan sonra, üçüncü ilindən başlayaraq 5 il müddətində ödənilməklə, mal-qara almaq üçün 3 min manat məbləğində uzunmüddətli ssuda verilsin.

7. Dəmir Yolları Nazirliyinə bir vəzifə olaraq tapşırılsın:

a) Ermənistan SSR Nazirlər Sovetinin sifarişləri əsasında azərbaycanlı əhalini, onların əmlakın və mal-qarasının Azərbaycan SSR-ə daşınması xüsusi düzəldilmiş eşelonlarla dezinfeksiya edilmiş və avadanlıqla təchiz olunmuş vaqonlarla təmin edilsin;

b) Köçkünlərin köçdükləri yerlərdə vaqona görə ödəniş tutulmadan Dəmir Yolları Nazirliyinin, Azərbaycan SSR Nazirlər Sovetinin və Ermənistan SSR Nazirlər Sovetinin təsdiq etdikləri qrafik üzrə Yollar İdarəsi vaqonların göndərilməsini həyata keçirsin. Azərbaycanlı əhalinin daşınmasına görə pul hesabı Dəmir Yol İdarəsi tərəfindən təqdim edilmiş hesabdan mərkəzləşdirilmiş qaydada ödənilsin.

8. SSRİ Sahiyyə Nazirliyinə tapşırılsın ki, çıxış yerlərində bütün köçkünlərin tibbi müayinədən keçirilməsini və onlara yol boyunca tibbi-sanitar xidməti göstərilməsini təmin etsin.

Eşelonları müşayiət etmək üçün tibb işçiləri və lazımi dərman ayrılsın.

9. SSRİ Maliyyə Nazirliyinə tapşırılsın ki, Azərbaycan SSR-nin 1948-ci il büdcəsində Ermənistan SSR-dən azərbaycanlı əhalinin Azərbaycan SSR-yə köçürülməsini təmin etmək üçün lazımi xərcləri nəzərdə tutsun.

10. Ermənistan SSR-nin Nazirlər Sovetinə və Azərbaycan SSR-nin Nazirlər Sovetinə tapşırılsın ki, Ermənistan SSR-dən köçürülən əhalinin Azərbaycan SSR-nin Kür-Araz ovalığına köçürülməsini və orada yerləşdirilməsini təmin etmək üçün bu qərarın icrası ilə əlaqədar olaraq bir ay müddətində birgə konkret tədbirlər planı işləyib hazırlasın və onların haqqında SSRİ Nazirlər Sovetinə məlumat versinlər.

11. Ermənistan SSR-nin Nazirlər Sovetinə icazə verilsin ki, azərbaycanlı əhalinin Azərbaycan SSR-nin Kür-Araz ovalığına köçməsi ilə əlaqədar onların boşaltdıqları tikililəri və yaşayış evlərini xaricdən Ermənistan SSR-yə gələn xarici erməniləri yerləşdirmək üçün istifadə etsinlər.

İ.STALİN

Y.CADAYEV

SSRİ Nazirlər Sovetinin İşlər İdarəsinin müdiri”

Təqdim etdi: Rəşad Sahil
Bu xəbər oxucular tərəfindən 11 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed