Şrift:
II Beynəlxalq “Türk dünyasının ortaq dili – naxışlar” simpoziumu
20.05.2017 [11:06] - Gündəm, Türk dünyası-Turan, Mədəniyyət
Mayın 22 - 24 - də Xalça Muzeyində "Ortaq qaynaqdan çeşidli yollar" mövzusunda II Beynəlxalq "Türk dünyasının ortaq dili - naxışlar" simpozium keçiriləcək. Simpozium Mədəniyyət və Turizm Nazirliyi, Yunus Emre İnstitutu Bakı Türk Mədəniyyət Mərkəzi və Xalça Muzeyinin təşkilatçılığı, Türkiyə Respublikasının Azərbaycandakı Səfirliyi, TÜRKPA (Türkdilli Ölkələrin Parlament Assambleyası), Türkiyə Respublikasının Azərbaycandakı Mədəniyyət və Tanıtma müşavirliyi, Türk Dünyası Fondu, "Z Company 2007", ATİB (Azərbayan Türkiyə İş Adamları Birliyi) və Azərbaycan Dillər Universitetinin dəstəyi ilə təşkil olunur.

Səfirlikdən bildirilib ki, simpoziumda Azərbaycan, ABŞ, Gürcüstan, İran, İtaliya, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Rusiya, Serbiya, Türkiyə, Türkmənistan və Ukraynadan aparıcı tədqiqatçılar, kolleksiyaçılar, xalçaçı rəssamlar və bu sahə üzrə digər mütəxəssislər iştirak edəcəklər.

Məqsəd bu simpozium vasitəsilə türk xalqlarının ortaq mirası olan xalça naxışlarının araşdırılması sahəsində aparılan tədqiqat işlərini daha da zənginləşdirmək, xalqımızın öz milli-mədəni dəyərlərinə olan qayğı və diqqətini, bu sahədə olan biliklərini yüksəltməkdir.

Simpoziumun mövzusu türk xalça sənətində naxışlardır. Naxışların tipoloji təsnifatındakı özəllikləri, coğrafi ərazi baxımından yayılması, bu maddi-mənəvi irsin qorunması və digər sahələrdə çalışan elm adamlarının məruzələri kitab şəklində nəşr ediləcək, kitabxanalara və iştirakçılara paylanacaq.

II Beynəlxalq "Türk dünyasının ortaq dili - naxışlar" simpoziumu çərçivəsində D. Kara Çoban adına Milli Qaqauziya Tarix və Etnografiya Muzeyininin eksponatlarından ibarət sərgi keçiriləcək. Sərgidə qaqauz türklərinin böyük zövqlə hazırladıqları xalça, tikmə, milli geyim və digər dekorativ-tətbiqi sənət nümunələri nümayiş olunacaq.
Bu xəbər oxucular tərəfindən 923 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed