Şrift:
“Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi keçirilib
23.05.2017 [10:08] - Gündəm, İdman
“Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimində Azərbaycanın altı məşhur müğənnisi - Səmra Rəhimli, Nigar Camal, Miri Yusif, Səbinə Babayeva və Eldar bütün idmançıları və qonaqları əyləndirmək üçün səhnəyə çıxıblar.
Sonra Tünzalə Ağayeva yan səhnədə “Sürət-2017 Azərbaycan Qran Pri” mahnısını ifa etdiyi zaman, 30 səhnə iştirakçısı Bakı Şəhər Halqasını təsvir edən əsas səhnədə işıq saçan çubuqlarla rəqs ediblər. Sonra o, əsas səhnədə iki mahnı ilə “Birlik” konsertini başa çatdırır: “Salam Bakı” – “Bakı 2017” könüllülərin himni və “Mən Azərbaycanlıyam”.
Konsert stadion üzərində gözəl atəşfəşanlıqla başa çatıb.
Bununla da “Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi yekunlaşıb.
*** saat 22:05
“Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimində İslam Həmrəyliyi İdman Federasiyasının bayrağı endirilib.
Mərasimdə növbəti Oyunların 2021-ci ildə Türkiyənin İstanbul şəhərində keçiriləcəyi elan olunub.
İslam Həmrəyliyi İdman Federasiyasının bayrağı Türkiyənin gənclər və idman nazirinin müavini, "İstanbul-2021" İslam Həmrəyliyi Oyunlarının nümayəndəsi Kamuran Özdənə təqdim olunub.
Türkiyənin dövlət bayrağı qaldırılıb və dövlət himni səsləndirilib.
*** saat 21:54
“Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimində “Bakı 2017” Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva çıxış edib.
O tamaşaçıları və idmançıları salamlayıb.
Müstəqil Azərbaycanın növbəti beynəlxalq qələbəsi – IV İslam Həmrəyliyi Oyunlarının başa çatması münasibətilə hamını təbrik edən və təşəkkürünü bildirən Mehriban Əliyeva deyib: "Azərbaycan növbəti tarixi qələbəyə imza atdı. Son 10 gün ərzində İslam aləminin idmançıları idman, dostluq və birliyin möhtəşəm təntənəsi çərçivəsində bir araya gəldilər. Onların mübarizliyi və fədakarlığı həqiqətən valehedici oldu. Onların çıxışlarını seyr etmək böyük hisslər yaratdı".
İdmançıları nailiyyətləri münasibətilə təbrik edən və İslam aləminin tamaşaçılarına verdiyi sevincə görə onlara təşəkkürünü çatdıran Təşkilat Komitəsinin sədri ümidvar olduğunu bildirib ki, atletlər Bakıdan bütün həyatları boyu unutmayacaqları ən xoş xatirələrlə ayrılacaqlar.
Azərbaycan komandasının ümumilikdə 162, o cümlədən 75 qızıl medal qazanaraq, medallar cədvəlində birinci yer tutaraq, xalqımızı bir daha fərəhləndirdiyini vurğulayan Mehriban Əliyeva idmançılarımıza müraciətlə deyib ki, onların fədakarlığı və ustalığı həmvətənlərimizi ilhamlandırır və gələcək nəslə ən parlaq nümunə kimi xidmət edəcək.
“Lakin son 10 gün ərzində burada, Bakıda bizim üçün və hamı üçün əsl qələbə bu Oyunlarda gördüyümüz İslam aləminin həmrəyliyi oldu. Olduqca fərəhləndiricidir ki, Azərbaycan xalqlar arasında dostluq ruhuna dəstək verdi. Biz hamımız gələcəkdə bu ülvi missiyanın davam etdirilməsi üçün yorulmadan çalışmalıyıq”, - deyə Birinci vitse-prezident bildirir.
Oyunların uğurlu olmasında könüllülərin böyük rolunu qeyd edən Mehriban Əliyeva onları İslamiadanın geniş qəlbi adlandırır və gördükləri işlərə görə hər birinə minnətdarlığını ifadə edir.
“Mən məmnuniyyətlə elan edirəm ki, növbəti İslam Həmrəyliyi Oyunları 2021-ci ildə İstanbulda keçiriləcək. Biz türk qardaş və bacılarımıza böyük müvəffəqiyyətlər arzulayırıq”, - deyən Təşkilat Komitəsinin sədri dördüncü Bakı İslam Həmrəyliyi Oyunlarını bağlı elan edib.
Daha sonra İslam Həmrəyliyi İdman Federasiyasının baş katibi Faisal Əbdüləziz Əl Nassar çıxış edib. O vurğulayıb ki, bu əlamətdar İslam Həmrəyliyi Oyunları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və “Bakı-2017”nin Təşkilat Komitəsinin sədri xanım Mehriban Əliyevanın və onun Azərbaycan İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsində çalışan heyətinin fəaliyyəti sayəsində qonaqpərvər ev sahibinin səyləri ilə mümkün oldu. Faisal Abdüləziz Al Nasser İslam Həmrəyliyi İdman Federasiyası adından idmançılara Oyunlarda iştirak etdiklərinə, könüllülərə "Bakı-2017"yə verdikləri töhfəyə və Azərbaycan xalqına göstərdiyi fədakarlığa, çox böyük qonaqpərvərliyə görə təşəkkürünü bildirib.
*** saat 21:20
“Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimində atəşfəşanlıq olub.
Daha sonra tədbirin bədii hissəsi başlayıb.
Günəş qalxır və səhnə üzərində hərəkət edir. Onun fırlanan 60 paneli qızılı şüanı göstərmək üçün hava hərəkəti ustaları tərəfindən hərəkətə gətirilir. Günəşin şüası aşağıda tamaşaya start verir.
Kitab formasında bir-biri ilə birləşdirilmiş 1000-dən artıq əlvan üçbucaq iki böyük altıbucaq formalaşdırır. Bu cür kitabın səhifələri “şəbəkə” sənətindən ilhamlanaraq, maraqlı naxışları yaratmaq üçün 110 səhnə iştirakçısı tərəfindən vərəqlənir. Günəş oturduğu zaman, həmin kitablar açılaraq, göy işıq saçır və qaldırılaraq, Xəzərin gözəl 3 ölçülü formasını yaradır. Xəzər dənizi dünyanın ən böyük hər tərəfdən torpaqla əhatə olunan gölüdür.
*** saat 21:10
“Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimində İslamiadada iştirak edən idmançıların keçidi olub
Azərbaycan komandasının bayraqdarı cüdo üzrə Avropa və dünya çempionu Elxan Məmmədovdur.
Daha sonra bədii proqram nümayiş etdiriləcək.
*** saat 21:00
“Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi başlayıb.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və “Bakı 2017” Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva, İslam Həmrəyliyi İdman Federasiyasının baş katibi Faisal Əbdüləziz Əl Nassar iştirak edir.
mərasimdə İslamiadada iştirak edən ölkələrin keçidi olacaq, bədii proqram nümayiş etdiriləcək.
Azərbaycan komandasının bayraqdarı cüdo üzrə Avropa və dünya çempionu Elxan Məmmədov olacaq.
Qeyd edək ki, “Bakı 2017”də 54 ölkə iştirak edib. Azərbaycan 75 qızıl, 50 gümüş, 37 bürünc mesalla İslamiadanın qalibi olub. Türkiyə isə 71 qızıl, 67 gümüş və 57 bürünc olmaqla, 195 medal qazanıb və kəmiyyətcə birinci yeri tutub. Oyunların açılış mərasimi mayın 12-də elə Bakı Olimpiya Stadionunda təşkil edilib.
Bu xəbər oxucular tərəfindən 525 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed