Şrift:
“ÜAK-ın bağlanması münasibətlərə təsir göstərəcək məsələdir”
23.05.2017 [14:51] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Millət vəkilləri Rusiya XİN təmsilçisinin açıqlaması ilə razılaşmırlar


Ümumrusiya Azərbaycan Konqresinin qeydiyyatı ləğv ediləndən bəri Rusiya rəsmilərinin mövqeyinə rast gəlinməyib. Halbuki, Azərbaycanın dövlət rəsmiləri və ictimaiyyət nümayəndələri dəfələrlə Rusiya hökumətinin məsələyə münasibət bildirməsini dilə gətirirdilər. Nəhayət, Rusiya Xarici İşlər Nazirliyinin ənənəvi olaraq keçirdiyi mətbuat konfransında ÜAK-la bağlı məsələyə münasibət bildirilib.

Belə ki, Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova ÜAK-ın ləğv edilməsini şərh edərkən deyib ki, Rusiyada Azərbaycan vətəndaşlarının maraqlarını 260-a yaxın təşkilat təmsil edir: "Rusiya Azərbaycanla strateji tərəfdaşlığa böyük önəm verir, münasibətlərin möhkəmləndirilməsi kursu hər iki ölkənin rəhbərləri tərəfindən qəbul edilib”. O, əmin olduğunu vurğulayıb ki, qurumun ləğv edilməsi ikitərəfli münasibətlərə xələl gətirməyəcək.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Mariya Zaxarovanın şərhinə münasibət bildirib. H.Hacıyev ÜAK-ın apellyasiya müraciətinə müvafiq qaydada baxılaraq məsələnin müsbət həll olunacağına ümid etdiyini dilə gətirib.

XİN sözçüsü deyib ki, Azərbaycan təbii olaraq Rusiya Federasiyasının vətəndaşları olan Ümumrusiya Azərbaycan Konqresinin üzvləri ilə əlaqə saxlayır: "Necə ki, Ermənistan hökuməti təbii olaraq Rusiya Erməni İttifaqının üzvləri ilə təmasdadır. Məndə olan məlumata görə, Rusiya Federasiyasının Ədliyyə Nazirliyi tərəfindən Ümumrusiya Azərbaycan Konqresinin nizamnaməsi ilə əlaqədar irəli sürülən irad və təkliflər nəzərə alınıb. Ümid edirik ki, məsələ üzrə apellyasiya müraciətinə müvafiq qaydada baxılacaq və məsələ öz müsbət həllini tapacaq”.


Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı, politoloq Aydın Mizəzadə bildirdi ki, Rusiya XİN-in mətbuat katibi ÜAK-la bağlı məsələyə çox ehtiyatlı diplomatik cavab verməyə çalışıb: "Çünki o, hüquq-mühafizə orqanlarının deyil, Xarici İşlər Nazirliyinin nümayəndəsidir. Proseslərin bundan sonra necə gedəcəyi ilə bağlı Mariya Zaxarova proqnoz verə bilmir. O, ümumi diplomatik münasibətlərə xələl gətirməyəcək bir mesaj verməyə çalışdı. Onun Rusiya-Azərbaycan münasibətlərinin bu prosesdə ziyan almayacağı arzusunu Azərbaycan ictimaiyyəti bölüşür. Biz çox şadıq ki, Rusiya tərəfi Azərbaycanla münasibətləri yüksək səviyyədə saxlamağa çalışır. Rusiyada azərbaycanlıların digər təşkilatlarının olmasına gəlincə, yadda saxlamaq lazımdır ki, Ümumrusiya Azərbaycan Konqresi siyasi, ictimai çəkisinə, əhatə dairəsinə və üzvlərinin sayına görə heç bir təşkilatla müqayisə edilə bilməz. Bu təşkilatın çoxillik təcrübəsi var, eləcə də həm federal, həm də regional səviyyədə Rusiya hakimiyyət orqanları ilə çox yaxşı münasibətlər qura bilib. Rusiya-Azərbaycan münasibətlərində humanitar körpü rolu oynayıb. Bu baxımdan, kiçik təşkilatların həmin boşluğu dolduracağı fikri ilə razılaşmaq olmaz. Bununla belə, Ümumrusiya Azərbaycan Konqresi öz hüquqları uğrunda mübarizəsini davam etdirir, hazırda kassasiya şikayəti hazırlanır. İstərdik ki, növbəti mərhələdə bu məsələ müsbət həllini tapsın”.
A.Mirzəzadə ÜAK-la bağlı məsələdə ümidsiz olmamağı məsləhət görür. Onun sözlərinə görə, həmişə düzgün hesab elədiyin məsələ üçün sonadək mübarizə aparmaq lazımdır: "Konqresin qeydiyyatı məsələsində də bu təşkilatın üzvü olan azərbaycanlılar bu gün əzmlə mübarizə aparırlar”.


Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev bildirdi ki, Rusiya XİN mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova hər dəfə Azərbaycanın əleyhinə olan bir bəyanatla çıxış edir: "Özü də tam ermənipərəst mövqedən çıxış edən bir adamdır. İndi isə əminliyini bildirir ki, azərbaycanlıların təşkilatı bağlansa, heç bir reaksiya olmayacaqdır. Fikrimcə, Zaxarova çox yanlış düşünür və demək istəyir ki, bizim Azərbaycandakı təşkilatlarımızı bağlamayın. Hər yerdə, eləcə də Milli Məclisdə də bəyan olundu ki, Ümumrusiya Azərbaycan Konqresinin bağlanması Rusiya-Azərbaycan münasibətlərinə xələl gətirəcək. Bunu bilə-bilə fikir bildirməsi tamamilə yanlışdır. Zaxarova Rusiyanın forpostu olan Ermənistanın adından danışa bilər, onun Azərbaycanla bağlı fikir bildirmək haqqı çatmır. Konqresin bağlanması münasibətlər məsələsidir və tərəflərdən biri olan Azərbaycan bundan narazıdır. Bizə qarşı ədalətsizlik baş verib. Hesab edirəm ki, bunun da çox ciddi nəticələri olacaqdır”.

F.Quliyev ÜAK-ın gələcəkdə fəaliyyətinin bərpa olunmasına inanmadığını deyib: "Çünki Rusiya qeyri-səmimi dövlətdir. İndiyə qədər bizimlə münasibətdə səmimi olmayıblar. Azərbaycan hər zaman Rusiyaya xoş münasibət sərgiləyib, lakin onlar bizə qarşı pis münasibətdə olublar. Rusiya ATƏT-in Minsk qrupunun həmsədri olmasına baxmayaraq, hər zaman Ermənistana dəstək verib, onu silahlandırıb, müxtəlif bəyanatları ilə torpaqlarımızı işğal edən ölkənin yanında olub. Eyni zamanda, Azərbaycanda gərginlik yaratmaq üçün müxtəlif təşkilatların yaradılmasına dəstək verib. Ona görə də Rusiyanın səmimiyyətinə və ÜAK-ın fəaliyyətinin bərpa olunacağına inanmıram”.

Bəxtiyar MƏMMƏDLİ
Bu xəbər oxucular tərəfindən 486 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed