Şrift:
“İNAMIN GƏLİŞİ” – İKİ YAŞ 24 – SAY
23.05.2017 [23:52] - Gündəm, DAVAMın yazıları
SAFRUH – Mütləqə İnam Ocağının Ruhsal Başçısı


(Qutlamasayaq)

İnamın istəyini yaşama anlatmaq üçün “İnamın Gəlişi”ni saylayır və tirajlayırıq. İnsanazidd gedişlərdən qurtulmaq istəməyənlərə, onu bacarmayanlara, bəlkə də ona yaramayanlara davamlı və ruhsal sağlam könül rahatlığı – yaşam fəlsəfəsi gətirmək istəyirik. Daha doğrusu, onun psixologiyasını. İnam Ata Öyrəti`sindən çıxış etməklə.
Bunun üçün yeni dünyabaxışa, əski baxışlardan mümkün qədər çox arınmış meydan gərəkdir. Yəni əski baxışları əski zamanlara buraxmaq, aktuallıqdan, bugünün taxtından endirmək zərurəti yaranıb. Əskinin əskiyə bənzəməyən (onu yenilərə xatırlatmayan) mənəvi-ruhsal şirəsini ümumbəşəri təzahür-dərs, idrak toxuması kimi çəkməklə. Yeni sivilizasiya ciddiliyi ilə.
Mütləqə İnama keçid bunu tələb edir.
Bunu gərəkdirən çağın cikkə çəkən neqativləri – olumsuzluqlarıdır. Çağın insanı əskilərin “kəsdiyi pişiyi” çox görüb doymuşdur və dünyanı özünün sivil zibilləri ilə doldurmuşdur: Dövlətlə xalq bir-birinə yadlaşmışdır; insanlarda mənəvi-dünyəvi, ruhsal-dini dəyərlərə inam ölmüşdür – indi bunların insanlar arasındakı varlığı yalnız uyuntu (xurafat) xofuna və cürbəcür maddi-cismani umacaqlara bağlıdır; halbuki dinlərin həşəmətli tikililəri ğöz qamaşdırır.
“Orqan köçürmə”, “orqan bankı yaratmaq” adı altında insan sallaqxanaları yaradılımışdır; heyvanlarda olduğu kimi, bəşər içində də süni mayalanmalar açığa çıxarılmaqdadır; ailə –özündən sonra heç bir birgəyaşayış biçimi buraxmadan yoxa çıxmaqdadır; insanların erkək cinsi yırtıcılığın, qadın cinsi iyrəncliyin rəmzinə çevrilməkdədir; etnoslar (xalqlar) hər vasitə ilə yox edilməyə çalışılır, bir-birinə düşmənləşdirilir; bütün mümkün çirkinlik və eybəcərliklər televiziya vasitəsilə bütün evlərdə və ağıllardadır – öyülərək, ağardılaraq; ləyaqət – istedadın tapdağında... Elə hal (hadisə yox, hal) yaranıb ki, insani dəyərdən danışmaq, yumşaq desək, arxaik səslənir. Toplumlar sanki insanın ruhunu cisminə qurban vermək yarışına çıxıblar...
Dünyada bu gedişlərə qarşı mövqelər, səslər eşidilir. Ancaq bunlar özünə və sözünə inamsızdır, buna görə də sistemsizdir.
İnsansızlıq o qədər geniş yayılıb və dərinlərə işləyib ki, onu yalnız peyğəmbər miqyası və harayı ilə önləməyə ümüd bəslənilə bilər. Belə bir vaxtda İnam Ata Özünü Peyğəmbər elan etməklə “İnsanlaşın – İnsanlaşdırın. Bəşərin nicatı insanlaşmaqdadır!” harayı çəkmiş və Mütləqə İnam sistemini irəli sürmüşdür. Ata öz sistemindən çıxış edərək, Mütləqə və İnsana tərif-təyin vermişdir. Biz bunu bütün ciddiliyi ilə önəmsədiyimizə görə, qəzetimizin hər sayında onları dərc eləyirik. Bizə görə, Mütləqə İnam dünyası da, xilası da bu iki car əsasında yarana bilər...
...Beləliklə, hər sayı mübarək olan, bəşəri nicat harayçısı “İnamın Gəlişi”, sənin iki yaşını – 24 sayını qutlayırıq!
Sənin ilk sayını 8 səh., növbəti üç sayını 12 səh., sonrakı saylarını isə 16 səh. olaraq nəşr etmişik. Hər sayın Ata Əsərləri ilə sanbllı və sorumludur (yükümlüdür, ciddidir). Atalı da Ata Yolunda dinşəkli və səcdəlidir; nicat harayından başqa söz düşünmür, demir, yazmır; ondan başqa yöndə addım atmır, yuxu görmür.
Sən iki ildir bunun harayını çəkirsən, ulu “İnamın Gəlişi”! Əsillik fədaisi, doğmalıq dəlisi, səmimilik məktəbi! Özgəçilik, həyasızlıq düşməni “İnamın Gəlişi”! Sən çağlar ayrıcının nəğməkarısan: İnamsızlıqdan İnama, Atasızlıqdan – Atalılığa, adam-heyvan mələzliyindən – İnsanlığa!
Nə qədər ki, sən varsan, Ali Söz qəribliyə düşməyəcək.
Yaşa, var ol, iki yaşlı, 24 saylı baş ucalığımız! Türk və insanlıq ilsırasına ruhsal ərməğanımız!
Sənin yanğılısı olduğun Ayrıc zərurəti ölkə aydınlarının qeyrətinə üz tutub deyir: Xalqı yad sivilizsiyaların uçqunları altından çıxarmalı, onu özümlüklə aydınladaraq, özünə qaytarmalısınız. “ Quzey Azərbaycan” adlı yavrucuq ölkəmizin hansı əhali potensialı, hansı elm, fəlsəfə, maarif, hansı tarixi ənənə potensialı, hansı ərazi potensialı var ki, onda fransız, alman, rus, ingilis dillərində işləyən ümumtəhsil ocaqları olsun, yabançı idmançı adına idman akademiyası olsun, əcnəbi məktəbləri Azərbaycan məktəblərini üstələsin?! İki mindən artıq məscid işləsin?! Sevgilərimiz bu qədər yad-yağı, yabançı ünvanlar arasında alışma ediləndə özümüzə nə qalacaq?!
Hara baxırsan Dünya, Dünya, Dünya! Xalqa yer yoxdur! Çəyirtgə sürüsü kimi xalqın üstünə gəlir Dünya. İş işdən keçməmiş “Dur!” deyən gərək.
Azərbaycanda alman məskunlaşması kimi bir dəvə buynuzunun 200 illiyi təntənə ilə qeyd olunur – boynumuzda özünün memarlıq minnətiylə, sırf alman ibadətxanası (kirka) ilə... Bunun etkisi, təsiri var axı! Azərbaycan toplumunda buna əks-təsir güçü yoxdur axı! Azərbaycanda bizim – sırf Azərbaycan türkü olaraq – elə bir yerimiz varmı? Yoxdur axı!
Gəncə Nizami quyusuna düşüb, İmamzadə quyusuna düşüb. Şairindən, Zadəsindən özümlük əvəzinə özgəlik əxz eləyən Gəncəli öz şəhərində gəzintiyə neçə dilmancla çıxmalıdır?! Buna təpki göstərilməlidir axı! “Yerli gəldi – yersiz qaç!” özümlüyü nə vaxt işə düşəcək? Xalq yadlığa – özgəçiliyə o qədər öyrəşdirilib ki, özümlük yadına düşmür. Bu yadlıq, özümsüzlük öyrəncəliyi (və onun özümlü-özgəli səbəbkarları) Ayrıcın o tayına – tarixə, arxivə itələnməlidir axı!
Əvəzində nə görürük:
“Şairlər ordusu səf-səf düzülsün,
Yoldaş Mayakovski komandan olsun!” – demişdi böyük milli şairimiz – öz kölə xalqının dilindən və onu köləlikdən çıxmağa çağırmamışdı... “... it-Türk” yazarı da çağırmamışdı. (Mən bunları qınaq kimi yox, fakt kimi yazıram.) Xalqı köləlikdən çıxmağa çağırmaq gələnəyimiz yoxdur. Az bir sayda, qısa bir zamanda bu yöndə qımıldanmaq istəyənlərimizi də Yoldaş Mayakovskinin komandanlığı altındakı ordular boğub, tapdayıb öldürdülər. Siz də bu gün o ölülərin cecəsi ilə öyünürsünüz – özünüzün Dünyalaşma yürüşünüzdə, xalq da sizin ardınızca Dünyalaşmağa gedir – özü olmağı arxaik hal sanıb, ondan dördnala qaçır.
Mütləqə İnam isə xalqı Dünya sayır, Dünya əlvanlığında sayır, Dünya zənginliyinin qaynağı sayır.
Xalqsız Dünyalaşma kimi oxuduğum son yazılarınızdan biri. İstedadlı bədiyyat bilicisi, ədəbiyyatı fəlsəfi səviyyədə araşdıran birisi kimi tanıdığım (o cür sandığım) Əsəd Cahangirin “Oskar”ı niyə Fərhadiyə verdilər?” araşdırması. “Ədəbiyyat qəzeti”, 29 aprel 2017, N15, s. 8 – 9. Bizdə, Azərbaycanda az yayğın olan İran kino sənəti barədə dərya bilik qoyur ortaya Əsəd bəy. Oxuduqca düşünürdüm: Adam bir ölkədən bu qədər filmə baxıb?! Onun işi-gücü yoxdurmu?! Axı daha kinofüruş ölkələr var (olmamış olmaz), Əsəd bəy də bizdə İran kinosu üzrə mütəxəssis deyil. Onun o birilər haqqında da yəqin ki, dərya bilikləri var. Ancaq məncə, o biliklərdə Əsədin xalqı təsdiq olunmur; özünün bədiyyatı, mədəniyyəti, dış və iç siyasəti ilə yenə də Dünya təsdiq olunur. Əsədin xalqı heç nədə, heç yerdə münsif deyil.
Yazıda xalqın (xalqların) Dünya qarşısında çarəsizliyi, zorun, siyasətin əlində oyuncağa çevirilməsi yüksək bədii səviyyədə, dramatizmlə göstərilir.
Əsədin özü təsvir-tədqiq etdiyi xalq durumuna qarşıdırmı? Tam əminliklə “Hə” deyə bilmirəm. Çünki Əsədin əlində, dilində o zora, siyasətə qarşı qoyulası heç nə yoxdur – sənətindən başqa. Sənəti də dəyərləndirən yenə “Oskar”çılardır. Çünki Əsədin xalqı yoxdur, inancı yoxdur – xalq əvəzinə “Dünyası” var, inanc əvəzinə əski ümmət kitabı var – yazı boyu qoltuğundan düşməyən. Bu da yenə həmin Dünyadır – xalqsız.
Əsəd Cahangirin yazısında qınayan da, qınanan da (“Satıcı” filminin yaradıcısı İranlı rejissor Əsgər Fərhadi) xalqdan ayrılmlşdır. Belə ki, hər ikisi “Oskar” pirinə can atır, hər ikisinın xalqı isə “Ət Ağa” (Mir Möhsün Ağa) pirinə – İstedadlı, Bilikli, Bacarıqlı oğullarının bərəkətindən. Xalqlar da, oğullar da: Oskarın biri həsrətini çəkir, o biri ləzzətini – növbəylə. “Xalqın içiboş adı qalıb və o ad Şərə işlədilir” deyəndə Deyimçi bənzər halları nəzərdə tutur.
... Dünya . Dünya. Dünya... Haranı açırsan, haraya baxırsan – Dünya . Xalq yoxdur. (Ancaq “beyn-əl-xalq” adlı bir tapmaca – ilğım var.)
Əsədin yazısında, gələnəksəl dil ilə desək, Xeyiri Şərin cəngindən qurtarmaq üçün çarə axtarışı yoxdur, yalnız Xeyirin halına acımaq var. Mütləqə İnamda Xalqın özümləşməsi “bəşərin nicatı” üçündür. Xalqın özümlüyü söndükcə o nicat çətinləşir.
İndiki Dünya (?!) mədəniyyətiylə insan yalnız xalqını deyil, öz insani (növ) müəyyənliyini qoruyub saxlamaq perspektivini də itirməyə doğru gedir.
Mütləqə İnam Ocağı bundan çıxış yolu olaraq, dörd təklif irəli sürmüşdür: 1. Din əvəzinə Mütləqə İnam (6 tərkibi ilə), 2. Özinamlı Xalqlıq, 3. Yavaş Yaşam Tərzi, 4. Qiblələrin dəyişilməsi.
Bunlar yuxarıda deyilən Ayrıcın prinsipləridir.
“İnamın Gəlişi” bunun carçısıdır, ona görə mübarəkdir, qutsaldır hər yazısıyla, hər sayıyla, hər səhifəsiylə! Elə yalnız illərin keçib getməsi, sayların çapdan çıxması ilə yox.
Atamız var olsun!
03. III. 39.
Bu xəbər oxucular tərəfindən 839 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed