Şrift:
Vilnüsdə Respublika Günü münasibətilə rəsmi qəbul təşkil olunub
25.05.2017 [10:37] - Gündəm
Azərbaycanın Litvadakı Səfirliyində 28 May – Respublika Gününə həsr olunmuş rəsmi qəbul təşkil edilib.

Səfirlikdən bildirilib ki, qəbula Litva Seyminin vitse-spikeri İrena Şiauliene, təhsil və elm naziri Yurqita Petrauskiene, Seymin insan hüquqları komitəsinin sədri, Seymdə Azərbaycan Respublikası ilə parlamentlərarası əlaqələr üzrə qrupun rəhbəri Valerius Simulik və qrupun üzvləri, Baş nazirin müşavirləri, Xarici İşlər Nazirliyinin idarə rəisləri, Litva universitetlərinin rektor və müəllimləri, Litvanın ictimai-siyasi xadimləri, yerli KİV-lərin nümayəndələri, Litvada yaşayan soydaşlarımız, Litva Azərbaycanlı Gənclər Təşkilatının (AYOL) üzvləri qatılıblar.

Səfir Həsən Məmmədzadə bildirib ki, bu il müstəqilliyin 99-cu ildönümüdür. O, 28 may 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının xalqımız üçün tarixi hadisə olduğunu, müsəlman aləmində ilk dəfə Azərbaycanda qurulmuş demokratik respublikanın qırmızı ordu tərəfindən işğal edilməsinə baxmayaraq, dövlətçilik, müstəqillik və demokratiya ideyasının xalqımızın yaddaşından silinmədiyini, 1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa etdiyini diqqətə çatdırıb.

Səfir Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində ərazilərimizin 20 faizinin işğal olunduğunu, 1 milyondan artıq insanın qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü vurğulayıb.

İrena Şiauliene müstəqillikdən sonra Litva Seymi ilə Azərbaycan Milli Məclisi arasında əlaqələrin inkişaf etdiyini və intensivləşdiyini bildirib. O, əlaqələrin tək ikitərəfli deyil, həm Baltik Assambleyası, həm də GUAM Parlament Assambleyası çərçivəsində mövcud olduğunu diqqətə çatdırıb.

Valerius Simulik ölkələrimiz arasında tarixi baxımdan oxşarlığın olduğunu qeyd edib.

Rəsmi və bədii hisslərdən sonra Azərbaycan şərablarının təqdimatı keçirilib.
Bu xəbər oxucular tərəfindən 621 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed