Şrift:
Azərbaycan-Moldova diplomatik əlaqələrinin 25 illiyinə həsr olunmuş konfrans keçirilib
25.05.2017 [10:38] - Siyasət
Mayın 24-də Moldova parlamentində Azərbaycan Respublikası ilə Moldova Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinə həsr olunmuş fotosərgi və konfrans keçirilib.

Azərbaycanın Moldovadakı səfirliyindən verilən məlumata görə, tədbir Azərbaycan Respublikasının Moldovadakı səfirliyi tərəfindən Moldova Parlamenti ilə birgə təşkil olunub. Tədbirdə Azərbaycan Milli Məclisinin deputatları, Moldova Parlamentinin 20-yə yaxın aparıcı deputatı, Moldova Xarici işlər və Avropaya inteqrasiya nazirliyinin rəhbərliyi, xarici diplomatlar və Azərbaycan diaspor nümayəndələri iştirak ediblər.

Moldovanın Parlamentinin hollunda təşkil olunan Azərbaycan-Moldova ikitərəfli münasibətlərini 25 il ərzində əks etdirən fotosərgidə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin Moldovaya səfəri, prezident İlham Əliyevin Moldovaya 2005-ci və 2009-cu illərdə səfərləri, Moldovanın rəhbərliyinin Azərbaycana səfərləri və Parlamentlər arası ikitərəfli görüşlər barədə şəkillər nümayiş olunub.

Konfransda iştirak edən Moldova Parlamentinin vitse-spikeri Vladimir Vityuk çıxışında iştirakçıları bu əlamətdar tarix ilə təbrik edib, Azərbaycan-Moldova arasında münasibətlərin tarixindən danışıb. O, iki dövlət arasında 250 yaxın saziş və konvensiyalar bağlanıldığını qeyd edərək, iki ölkə arasında gələcək əməkdaşlığın inkişafı üçün böyük potensialın olduğunu bildirib.

Səfir Qüdsi Osmanov iştirakçıların diqqətinə Azərbaycan ilə Moldova arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərin olduğunu çatdırıb. Qeyd edib ki, Dağlıq Qarabağ və Dnestryanı münaqişələrində Azərbaycan ilə Moldova beynəlxalq qurumlarda və institutlarda bir mövqedən çıxış edirlər. İki ölkə arasında əməkdaşlığın bütün sahələrdə inkişaf etdiyini vurğulayan səfir, bu ilin sonuna kimi bir çox Moldova rəsmilərinin Azərbaycana səfər edəcəklərini bildirib.

Tədbirdə Moldova Xarici İşlər və Avropa inteqrasiya nazirinin müavini Lilian Dariy 25 il ərzində iki ölkə arasında əldə olunan nailiyyətlərdən söz açıb, siyasi-diplomatik əlaqələrin möhkəmlənməsi üçün iki dövlət arasında ciddi hüquqi bazanın olduğunu bildirib. Dövlətlərarası münasibətlərə toxunan nazir müavini, əlaqələrin inkişafında humanitar əməkdaşlığın xüsusi rolunu vurğulayıb.

Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov iştirakçıları Azərbaycan Respublikası Milli Məclisinin adından əlamətdar tarix ilə təbrik edib. Avronest PA iclasında iştirak üçün Moldovada səfərdə olan millət vəkili, Moldova dövləti və xalqı barədə xoş təəssüratları ilə bölüşüb. F.Muradov iki dövlət arasında hə tərəfli əməkdaşlıq üçün böyük imkanların olduğunu vurğulayıb.

Moldova azərbaycanlıları Konqresinin sədri Vüqar Novruzov çıxışında Moldovanın bir çox azərbaycanlılar üçün ikinci Vətən olduğunu bildirib. O, Moldovada Azərbaycan diasporu tərəfindən həyata keçirilən bir çox layihələrdən danışıb, ölkələr arasında münasibətlərin inkişafı üçün xalq diplomatiyasının xüsusi rol oynadığını vurğulayıb.

Sonda səfir Qüdsi Osmanov AR Milli Məclisin deputatı Fuad Muradov ilə birgə Moldova Parlamentinin kitabxanası üçün hədiyyə olaraq Azərbaycanın tarixi, mədəniyyəti barədə, o cümlədən Dağlıq Qarabağ həqiqətlərini əks etdirən kitabları Parlamentin sədr müavini Vladimir Vityuka təqdim ediblər.
Bu xəbər oxucular tərəfindən 308 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed