Şrift:
Güney Azərbaycanda sel hadisəsində verilən itkilərin təqsirkarları müəyyən edilib
25.05.2017 [10:50] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran Parlamenti Abadlaşdırma Komissiyası Güney Azərbaycanda baş verən sel fəlakəti ilə bağlı raport hazırlayaraq hadisədə verilən itkilərlə əlaqədar 4 nazirliyi əsas təqsirkarlar kimi təqdim edib.

Mayın 23-də açıqlanan raportda sel fəlakətində 44 nəfərin öldüyü, Şərqi Azərbaycan Vilayətinə 4393 və Qərbi Azərbaycan Vilayətinə 4180 milyard rial maddi ziyan dəydiyi bildirilib. Komissiyanın raportunda təqsirkarların mühakiməsi vəya cəzalandırılması barədə heç nə qeyd olunmayıb.

Parlamentin Abadlaşdırma Komissiyasının açıqlamasına görə, təbii fəlakətdə verilən can və mal itkisində bu orqanlar təqsirkardır:

– Enerji Nazirliyi: Seli təhlükəsi olan çaylarda bəndlərin olmaması səbəbindən daşqınlar kontrola alınmayıb, çayların ətrafındakı qumlar qanunsuz şəkildə qazılıb və digər yerlərə daşınıb, kənd və yaşayış məntəqələrinə yaxın çaylarda dibdərinləşdirmə və güvənlik işləri görülməyib, çayların hövzəsinə nəzarət olunmayıb.

– Kənd Təsərrüfatı Nazirliyi: Bölgədə yetəri qədər suayrıcı layihələri icra olunmayıb, bitki örtüyü olduqca zəifdir və otlaqla heyvandarlıq səviyyəsi bir-birinə uyğun deyil, bölgədə kənd təfərrüfatı və əkinçilik inkişaf etməyib.

– Yol və Şəhərsalma Nazirliyi: Mümkün daşqınların miqdarı düzgün hesablanmayıb və bu amil körpülərin tikilişində nəzərdə tutulmayıb, Çaylar ətrafındakı yollarda yetəri qədər məlumatverici tablo və nişanlar görünmür, bu məsələ nəzarətdə saxlanılmayıb.

– Ölkə Nazirliyi (Daxili İşlər Nazirliyi): Böhranla bağlı vaxtında xəbər çatdırılmayıb və bu məsələ düzgün idarə olunmayıb, sel təhlükəsi olan yerlərdə əhalinin toplaşmasına mane olmaq üçün düzgün tədbir alınmayıb.

Qeyd edək ki, aprelin 14-də Güney Azərbaycanın bir neçə şəhərini sel basıb. Ağır maddi xəsarət və 44 nəfərin ölümünə səbəb olan təbii fəlakət ən çox Azərşəhr və Əcəbşer şəhərlərinə ziyan vurub. Dövlət Azərşəhrin Qələzar kəndində suyun yatağını yol kimi istifadəyə verdiyi üçün avtomobillər körpünün altından keçərkən sərnişinləri ilə birlikdə sel suları altında qalıb və çox sayda insan həlak olmuşdur. Dövlət rəsmiləri və bir çox mətbuat orqanı Qələzar körpüsündə baş verənləri təhrif edərək hadisə ilə bağlı yalan açıqlamalar verib, sel fəlakəti haqda həqiqəti əks etdirməyən məlumatlar yaymışdır.

FacebookTwitterGoogle+LinkedInEmail
Bu xəbər oxucular tərəfindən 295 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed