Şrift:
Cümhuriyyətçilərin abidəsi Bakının harasında qoyulacaq? - Əməkdar memar danışdı
25.05.2017 [10:58] - Xəbərlər, Türkün şanlı tarixi
Bir müddət öncə Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illik yubileyi haqqında sərəncam imzalayıb.
Sərəncamda AXC-nin yaradılmasının 100 illik yubileyinin respublikada dövlət səviyyəsində geniş qeyd edilməsi nəzərdə tutulub.
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzov sərəncamdan irəli gələn məsələlərdən danışarkən AXC qurucularının adlarının əbədiləşdirilməsi üçün Bakının ən görkəmli yerlərinin birində abidə kompleksi qoyulacağını açıqlayıb.

Memarlar İttifaqının üzvü, əməkdar memar Feyzulla Quliyev də məsələ barədə öz fikir və təkliflərini Modern.az-la bölüşüb.

O deyib ki, cümhuriyyətçilərə abidə ucaldılması üçün şəhərin qədim yerləri seçilməlidir:
“Abidə kompleksi şəhərin qədim yerlərində, meydanlarda ucaldıla bilər. Çünki onların hamısı tarixi hadisələrlə bağlı insanlardır. Bunun üçün elə meydanlar lazımdır ki, insanlar sərbəst şəkildə toplana, ziyarət edə və tarixlə tanış ola bilsinlər”.

Əməkdar memar qeyd edib ki, abidə ucaldılması üçün hələlik Memarlar İttifaqına müraciət edilməyib:
“Müraciət daxil olanda konkret fikir yürütmək olacaq. Hər halda abidə Bakının qədim hissəsində ucaldılacaq. Bildiyim qədəri ilə işlərə başlamaq üçün xüsusi komissiya yaradılacaq”.


Qeyd edək Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 ili gələn il qeyd ediləcək.

Gülşən RAUFQIZI
Bu xəbər oxucular tərəfindən 230 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed