Şrift:
Romada Respublika Günü və Azərbaycan-İtaliya münasibətlərinin qurulmasının ildönümü münasibətilə tədbir keçirilib
26.05.2017 [10:33] - Siyasət
İtaliyanın paytaxtı Romanın tarixi “Salone Margherita” Teatrında 28 May - Respublika Günü və Azərbaycan-İtaliya diplomatik münasibətlərinin qurulmasının 25-ci ildönümü münasibətilə qəbul və Azərbaycan milli musiqi və rəqslərindən ibarət “Odlar Diyarının səsləri və ritmləri” adlı konsert təşkil olunub
Azərbaycan Respublikasının İtaliyadakı Səfirliyindən verilən məıumata görə, tədbirdə İtaliya hökumətinin nümayəndələri, çoxsaylı senator və deputatlar, mədəniyyət xadimləri, işgüzar, elmi-akademik dairələrin, kütləvi informasiya vasitələrinin nümayəndələri, diplomatik korpusun üzvləri, İtaliyada yaşayan və təhsil alan azərbaycanlılar iştirak ediblər.
Əvvəlcə Azərbaycanın və İtaliyanın dövlət himnləri səsləndirilib. Daha sonra Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə Respublika Gününün Azərbaycan tarixindəki önəmindən, müstəqilliyin bərpasından sonra ölkəmizin keçdiyi inkişaf yolundan, Azərbaycan və İtaliya arasında diplomatik əlaqələrin qurulmasından sonrakı 25 il ərzində əlaqələrin genişləndirilməsindən və 2014-cü ildə Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya səfəri zamanı qəbul edilmiş “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə”nin əhəmiyyətindən ətraflı bəhs edib. Son illərdə qarşılıqlı yüksək səviyyəli səfərlərdə dinamikanın müşahidə edildiyini deyən diplomat siyasi, iqtisadi, mədəni, elm-təhsil sahələri də daxil olmaqla iki ölkə arasında hazırda mövcud olan geniş əhatəli əməkdaşlıqdan danışıb.
İtaliya Senatının sədr müavini Linda Lanzillotta Azərbaycan və İtaliya arasında sıx əməkdaşlığın qurulduğunu, iqtisadiyyat və mədəniyyət sahələrində iki ölkəni bir-birinə bağlayan önəmli layihələrin mövcud olduğunu deyib. O, TAP layihəsinin Azərbaycan ilə Avropa arasında əlaqələrin daha da inkişafı baxımında, habelə Azərbaycan-İtaliya iqtisadi əməkdaşlığının nə qədər vacibliyini göstərmək üçün əhəmiyyətini vurğulayıb. L.Lanzillotta bu layihənin həyata keçirilməsi istiqamətində son aylarda İtaliya rəhbərliyinin önəmli addımlar atdığını diqqətə çatdırıb. Son dövrdə İtaliyada Azərbaycanın mədəniyyətinin və həqiqətlərinin təbliği istiqamətində təşkil olunan tədbirlərdən danışan İtaliya Senatının sədr müavini Xocalı qətliamı ilə bağlı bu ilin fevralında Romada nümayiş olunmuş tamaşanı da xatırladıb, bu kimi tədbirlərin xalqların bir-birini yaxından tanıması və daha da yaxınlaşması üçün əhəmiyyətli vasitə olduğunu bildirib.
İtaliya parlamentində Azərbaycan ilə parlamentlərarası dostluq qrupunun sədri senator Sercio Divina Azərbaycanın son illərdə yüksək templə inkişaf etdiyini vurğulayıb, ölkəmizin müxtəlif sahələrdə əldə etdiyi nailiyyətlərdən danışıb. Azərbaycan-İtaliya əməkdaşlığı haqqında məlumat verən senator son illərdə bu əlaqələrdə əldə olunan önəmli nəticələrdən söhbət açıb. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunan italiyalı senator ərazisinin 20 faizinin işğal altında olmasına baxmayaraq, Azərbaycanın müharibə istəmədiyini, sülhsevər ölkə olduğunu və münaqişənin sülh yolu ilə həlli istiqamətində davamlı cəhdlər göstərdiyini bildirib. Çıxışında S.Divina Azərbaycanın dünyəvi ölkə olmasını təqdir edib, məhz Azərbaycan modelinin dünyaya müxtəlif mədəniyyətlərin və dinlərin bir arada sülh içində yaşamasının mümkün olduğunu göstərdiyini bildirib.
Tədbirin rəsmi hissəsindən sonra Azərbaycan Dövlət Filarmoniyası nəzdində Əməkdar Mədəniyyət İşçisi Elçin Abbasovun rəhbərliyi ilə Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı konsert proqramı ilə çıxış edib.
Bu xəbər oxucular tərəfindən 548 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed