Şrift:
Batumidə 28 May - Respublika Günü təntənəli şəkildə qeyd olunub
26.05.2017 [10:36] - Siyasət
Azərbaycan Respublikasının Batumi şəhərindəki Baş konsulluğu tərəfindən 28 May - Respublika Günü münasibətilə təntənəli tədbir keçirilib.
Tədbirdə Acarıstan Muxtar Respublikasınin səhiyyə və əhalinin sosial müdafiəsi naziri Zaal Mikeladze, kənd-təsərrüfatı naziri Laşa Komaxidzeni, Batumi şəhər Şurasının deputatları, hökumət aparatının məsul əməkdaşları, Türkiyənin baş konsulu Yasin Temizkan, İran İslam Respublikasının baş konsulu Hossein Maşhadi, SOCAR-ın Gürcüstan nümayəndəliyinin, Poti limanı Kulevi terminalının əməkdaşları, M.F.Axundov adına Gürcüstan-Azərbaycan Xeyriyyə Cəmiyyətinin sədri Vidadi Axundov və Azərbaycan icmasının üzvləri, habelə Batumidə fəaliyyət göstərən digər icmaların nümayəndələri iştirak ediblər.
Azərbaycan Respublikasının Batumidəki baş konsulu Rəşad İsmayılov çıxışında Respublika Gününün əhəmiyyətindən, Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) dövlətçilik tariximizdəki mühüm rolundan danışıb, 1991-ci ildə müstəqilliyimizin bərpasından sonra müasir Azərbaycanın dövlətinin inkişafında ümummilli lider Heydər Əliyevin rolunu xüsusi qeyd edib.
Baş konsul həmçinin pezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin son iqtisadi nailiyyətləri, müstəqil enerji siyasəti və Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfələrdən, habelə Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən qlobal enerji, nəqliyyat, turizm və infrastruktur layihələrdən geniş bəhs edib.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan diplomat ölkəmizin torpaqlarının 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğunu, BMT TŞ-nın məlum qətnamələrinin indiyədək Ermənistan tərəfindən yerinə yetirilmədiyini diqqətə çatdırıb.
Sonra çıxış edən nazir Zaal Mikeladze Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. Gürcüstan-Azərbaycan əlaqələrinin yüksək səviyyədə olduğunu vurğulayan nazir dövlət başçılarının qarşılıqlı rəsmi səfərlərini xatırladıb. O, səfərlərin ikitərəfli münasibətlərin inkişafına yeni töhfələr verdiyini bildirib.
Tədbir Azərbaycan və gürcü musiqiçilərinin konsert proqramı ilə başa çatıb.
Bu xəbər oxucular tərəfindən 501 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed