Şrift:
Ərdəbil dəmir əritmə zavodunun fəhlələri yenidən etiraz mitinqi keçiriblər – Valilik binasının qarşısında
26.05.2017 [10:52] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Uzun müddətdir etiraz mitinqləri keçirib və müxtəlif dövlət qurumlarına müraciət etdikdən sonra hər hansı bir nəticə ala bilməyən ərdəbilli fəhlələr mitinq keçirməkdə davam edirlər.

İran mətbuatında yayılan məlumata görə, Ərdəbil dəmir əritmə zavodu 13 aydır ki, fəhlələrinin maaşını ödəyə bilmir. Fəhlələr bu vəziyyətə etiraz olaraq Valilik binası qarşısında növbəti dəfə etiraz mitinqi keçiriblər.

Maaşlarını ala bilməyən fəhlələrin sayı 400 nəfərdən çoxdur. Onlar keçən bir il ərzində dəfələrlə Ərdəbil valiliyi və Əmək və Sosial Müdafiə İdarəsinin binası önündə aksiya təşkil ediblər.

Bundan öncə Ərdəbil valisi Məcid Xudabəxş dəmir əritmə zavodunun özəl şirkət olduğunu bildirərək etirazçılara Əmək və Sosial Müdafiə İdarəsinə müraciət etməyi məsləhət görmışdür. “Valilik bu barədə heç bir iş görə bilməz. Bununla bağlı Əmək və Sosial Müdafiə İdarəsinə müraciət etmək lazımdır. Həmin idarə fəhlələrin maaşını ödəməyən şirkətlə bağlı hökm çıxara bilər. Və təbii ki, verilən qərar məhkəmə orqanlarının vasitəsi ilə icra olunacaq”-deyə vali bildirmişdir.

Yuxarıda qeyd etdiyimiz kimi, dəmir əritmə zavodunun fəhlələri Əmək və Sosial Müdafiə İdarəsinin binası qarşısında da etiraz mitinqi keçiriblər, lakin yenə də heç bir nəticə əldə olunmayıb.

Qeyd edək ki, Güney Azərbaycanda hökm sürən iqtisadi tənəzzül və durğunluq bir çox sənaye və istehsal müəssisəsini ciddi problemlərlə üz-üzə qoyub, hətta bir çoxunun bağlanmasına səbəb olub. Həmin müəssisələrdə çalışan işçilər maaşlarını vaxtı-vaxtında ala bilmir vəya ixtisar edilərək işsiz qalır.
Bu xəbər oxucular tərəfindən 591 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed