Şrift:
Trampın başqa ölkələrin “daxili işlərinə qarışmama” siyasəti
30.05.2017 [10:34] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Fərəc Quliyev: “Cəhənnəmə gedib, özünə yoldaş axtaranlardan” olmamalıyıq"

Mehman Əliyev: “Azərbaycan ümid etməməlidir ki, ondan vaz keçəcəklər”

Amerika prezidenti Donald Trampın vəzifəyə gəlişindən sonra Qərbin demokratiya, insan haqları, söz azadlığı adı altında digər ölkələrə etdiyi təzyiqlərin səngiyəcəyi ilə bağlı deyilənlər getdikcə doğrulmağa başlayır. Təkcə Azərbaycan acısından götürsək, bu ilin əvvəllərindən etibarən ölkəmizə bu ad altında edilən təzyiqlərdə kəskin azalma müşahidə olunur.

Prezident İlham Əliyev də 28 may Respublika günü ilə bağlı çıxışında bu məsələyə geniş yer ayıraraq, təzyiqlərin azaldığını təsdiqlədi. Ölkə başçısının Trampın “başqa ölkələrin daxili işlərinə qarışmayacağıq” bəyanatını xatırladaraq, dediyi bu sözləri bir daha önə çəkmək lazım gəlir: “Tramp dedi ki, başqa ölkələrin daxili işlərinə qarışmayacaq. Axı Azərbaycan təbliğat hücumu ilə üzləşən ölkələrdən biri idi. İndi Donald Trampın hakimiyyətə gəlişindən sonra biz artıq görürük ki, başqa ölkələrin daxili işlərinə qarışmaq tendensiyası azalmağa başlayır”.
Ekspertlər demokratiya və insan haqları kimi məsələlərin Trampın prezidentliyinin ilk müddətinin sonuna qədər Qərb üçün maraqlı olmayacağını qeyd edərək, Azərbaycan tipli dövlətlərə bu istiqamətdən təzyiqlərin gəlməyəcəyini düşünürlər.


Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev prezidentin çıxışında çox ciddi məqamlara toxunduğunu qeyd etdi: “Çıxışdan o aydın oldu ki, Azərbaycan konkret dostlarını və düşmənlərini əməllərinə görə seçmək fikrindədir. Ermənistanla bağlı mesaj o idi ki, Rusiyanın diktəsi ilə oturub duran ölkədir. Bu, çox ciddi mesaj idi. Amerikanın yeni rəhbərliyinin ölkəmizlə bağlı yanaşmalarından da söz keçirdi. Burada isə əsas mesaj ondan ibarət idi ki, biz ABŞ-la strateji müttəfiqliyimizi saxlaya bilərik, təki ədalətli olsunlar, daxili işlərimizə qarışmasınlar. Əslində daxili işlərə qarışmama Trampın çıxışlarında var idi. Onun barəsində deyirlər ki, qeyri-müəyyən siyasətçidir, Amerikanın köklü siyasətini dəyişəcək. Amma bu belə deyil. Onun verdiyi vədlərlə əməlləri arasında çox ciddi fərq var. Oturuşmuş Amerika siyasətini yürütməkdədir. Sadəcə, ABŞ-ın maraqlarından çıxış edərək, yeni taktikalar müəyyənləşdirir. Rusiyanın fonunda bildirildi ki, bizimlə müxtəlif yollarla təzyiq dilində danışmaq mümkün deyil. Əməkdaşlığa meyl edirik, əgər Qərb də buna maraq göstərəcəksə, yaxın əlaqələrin olacağına inanıram. Bunlar bizim üçün doğru yoldur. Trampın iş başında olması və bunun ölkəmizə problemlər yaradacağını düşünmürəm. Demokratiya və bu tipli məsələlərlə bağlı hər bir ölkədə problemlər var və bunu aradan qaldırmaq mümkündür. Amma bu o demək deyil ki, Azərbaycanla bağlı qərəzli məsələləri ortaya qoyub, bu yolla ölkəmizə təzyiqlər etsinlər. Biz ”cəhənnəmə gedib, özünə yoldaş axtaranlardan" olmamalıyıq. Biz ölkəmizdəki çatışmazlıqları etiraf edib, bunu aradan qaldırmağa çalışırıq. Bu məsələdə hər kəsin dost kimi bildirdiyi fikirlərə hörmətlə yanaşırıq. Amma biri də var ki, bizə qarşı qərəzli davranış olsun. Məsələn, biz Avronestdə fəaliyyətimizi dayandırmışdıq, amma Avropa Birliyinin rəhbərliyi gəlib prezidentlə görüşəndən sonra biz yenidən bu qurumda fəaliyyətimizi davam etdirməyə başladıq. Onlar da açıq gördülər ki, bizə qarşı qərəzli mövqe tutublar. İstənilən halda beynəlxalq qurumlarla yaxın təmasda olmalıyıq. Etiraf etməliyik ki, Rusiyaya görə uzun müddət müttəfiqlərimizdən ayrı düşdük. Amma Kreml buna adekvat siyasət yürütmür, bizə qarşı öz çirkin siyasətindən əl çəkmir. Yeni dönəmdə bunların nəzərə alınacağını düşünürəm".



“Turan” informasiya agentliyinin rəhbəri Mehman Əliyev Qərbin Azərbaycana qarşı təzyiqlərinin azalması kimi fikirlərlə razılaşmır: “İlham Əliyev əslində çıxışında onu demək istəyir ki, Obama administrasiyasından fərqli olaraq, Tramp administrasiyası Azərbaycanın daxili işlərinə qarışmaqda meylli deyil və Azərbaycan tərəfi də bunu qəbul edir. Azərbaycan tərəfi belə başa düşmək istəyir ki, Tramp administrasiyası onların daxili işlərinə qarışmayacaq. Tramp seçkiqabağı cürbəcür məsələlərlə bağlı bəyanatlara prezident seçildikdən sonra düzəlişlər verməyə başlayıb. Onun platforması ABŞ-ın milli təhlükəsizlik strategiyası ilə demək olar uzlaşmağa başlayır. Bu strategiya Trampın platformasından üstündür və ona görə öz siyasi gedişlərinə düzəlişlər etməyə məcbur oldu. Suriyanı bombalamaq, Səudiyyə Ərəbistanında İrana qarşı blokun yaradılması və orada İranın bir sıra məsələlərdə siyasətinə düzəlişlər etməli olduğu barədə fikirləri başqa ölkənin daxili işlərinə qarışmaqdır. Rusiya, Ukrayna ilə bağlı da bu cür gedişlərin şahidi olduq. Azərbaycanı götürək, intihar edən Mehman Qələndərovla bağlı bəyanat oldu. Orada konkret tələblər qoyuldu. Bu, ölkəmizin daxili işlərinə qarışmaqdır, ya yox? Son olaraq, Gözəl Bayramlı ilə bağlı ilkin bəyanat səsləndi və bunun ardınca daha sərt bəyanatların səslənəcəyini istisna etmirəm. Bu baxımdan, Amerikanın daxili işlərə qarışma məsələsinin getdikcə güclənəcəyini düşünürəm. Ona görə Azərbaycan ümid etməməlidir ki, ondan vaz keçəcəklər. İndidən proseslərin necə keçəcəyini demək çətindir. Burada əsas məsələ Azərbaycan hökumətinin gedişlərindən asılı olacaq. Hesab edirəm ki, referendum və vitse-prezidentlər institutunun yaradılması daxili komandaya keçiddir. Bu komanda da hakimiyyətin dəyişməsidir. Bu prosesin də Amerika ilə razılaşdırıldığını düşünürəm. ABŞ bu oyunun içindədir. Rusiya da bu proseslərdə iştirak edir. Ölkəmiz keçid bir mərhələyə qədəm qoyub. Qarşıda bizi çox maraqlı proseslərin baş verəcəyi hadisələr gözləyir. 2018-ci ilin prezident seçkiləri öncəsi nələrin baş verəcəyi hakimiyyətdaxili çəkişmələrdən və digər amillərdən daha çox asılı olacaq. Əslində hazırda komandadaxili gərginlik çox böyükdür. Proseslərin gedişi hansı formada müdaxilələrin olacağını, hansı formada güzəştlərin edilə biləcəyini göstərəcək. Hər şey vəziyyətin gedişindən asılı olacaq”.

Cavanşir ABBASLI
Bu xəbər oxucular tərəfindən 358 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed