Şrift:
Ukraynaya NATO yolu açıldı
30.05.2017 [15:28] - Gündəm, DAVAMın yazıları
Elşən Manafov: "Bu üzvlük faktiki olaraq NATO-Rusiya müharibəsinin əsasını qoyacaq”
Avropaya inteqrasiya yolunu seçmiş Ukraynanın əsas hədəfi Avropa İttifaqı və NATO-ya üzv olmaqdır. Ancaq müraciətlərə baxmayaraq Ukrayna hələ də heç bir Avropa qurumuna üzv qəbul olunmayıb. Qeyd edək ki, Hollandiyada keçirilən referendumla rəsmi Kiyevin ümidlərinin üzərindən xətt çəkildi. Bu günlərdə isə Ukraynanın NATO-ya üzvlük məsələsi gündəmə gəlib.
Belə ki, Polşa Milli Təhlükəsizlik Bürosunun başçısı Pavel Solox "Rzeczpospolita” nəşrinə verdiyi müsahibədə bəyan edib ki, NATO-ya üzv dövlətlərin başçılarının mayın 25-də Brüsseldə keçiriləcək görüşündə müzakirə olunacaq məsələlərdən biri də Alyansın genişlənməsi məsələsidir. Onun sözlərinə görə, gündəlik "Şərqdən gələn” təhlükə və Rusiyanın "aqressiv siyasəti” ilə diktə olunur. Bu açıqlamalardan sonra beynəlxalq analitiklər Ukraynanın NATO-ya üzv dövlət kimi qəbul edilməsi şanslarının çoxaldığını bildirir.

Məsələni "Cümhuriyət” qəzetinə şərh edən politoloq Elşən Manafov Ukraynanın mayın 25-də keçiriləcək sammitdə NATO-ya üzv qəbul ediləcəyini düşünmədiyini deyib. Onun sözlərinə görə NATO nizamnaməsi buna imkan vermir:
"Düşünmürəm ki, mayın 25-də Brüsseldə keçiriləcək toplantıda Alyans üzvləri birmənalı şəkildə Ukraynanı NATO-ya üzvlük məsələsinə müsbət yanaşacaqlar. Almaniyanın kansleri Angela Merkelin bu məsələnin müzakirələri zamanı dəfələrlə Ukraynanın NATO üzvlüyünə qəbul edilməsinin əleyhinə olduğunu bəyan edib. Hazırda Ukraynada yaşanan iqtisadi-siyasi böhran, bu ölkənin faktiki olaraq Rusiya ilə qarşıdurma şəraitində olması belə deməyə əsas verir ki, Ukrayna münaqişə tərəfi olan dövlətdir. NATO-nun qüvvədə olan nizamnaməsinə görə münaqişə tərəfi olan ölkələri Alyansa qəbul etmir.
Ukraynanın NATO üzvlüyü ən yaxşı halda belə həllini tapa bilər ki, Ukrayna və NATO arasında əlavə müqavilə imzalansın. Çünki blokun qüvvədə olan nizamnaməsində belə bir müddəa var ki, ayrılıqda götürülmüş dövlətlə müqavilə imzalamaqla həmin dövlətin təhlükəsizliyi ilə bağlı NATO müəyyən öhdəlikləri öz üzərinə götürə bilər. Prinsip etibarı ilə Ukraynanın NATO üzvlüyünə qəbul olunması bu qurumla KTMT-nin üz-üzə gəlməsinə səbəb olacaq. Güman edirəm ki, siyasi, maliyyə, sosial-iqtisadi böhran yaşayan Ukraynanın NATO üzvlüyü ölkə üçün başağırısndan başqa bir şey olmayacaq. Bu üzvlük faktiki olaraq NATO-Rusiya müharibəsinin əsasını qoyacaq”.
Politoloq hesab edir ki, Ukraynanın Alyansa üzv qəbul edilməsi Rusiya ilə münasibətlərin müharibə həddinə çatmasına gətirib çıxaracaq. E.Manafov vurğulayıb ki, ABŞ bu məsələdə fərqli mövqe tutacaq və Rusiya ilə münasibətləri gərginləşməyə qoymayacaq:
"Onsuz da NATO-Rusiya münasibətlərindəki gərginlik kifayət qədər yüksəkdir. Bu gərginlik də ilk növbədə NATO-nun Pribaltika ölkələrində hərbi təlimlərə başlmasını ehtiva edir. Amerika siyasətçiləri NATO-nun Şərqə doğru genişlənməsi təbii ki, soyuq müharibənin başa çatması ərəfəsində SSRİ və ABŞ arasında əldə olunmuş razılıqların pozulması kimi qəbul edir. Təbii ki, Rusiyanın da bu mənada adekvat addımlar atmaq imkanı yetəri qədərdir.
Bütün hallarda Poroşenko iqtidarının bütün səylərinə və cəhdlərinə baxmayaraq güman etmirəm ki, Ukraynanın NATO üzvlüyü Brüssel samitində öz həllini tapsın. Çünki NATO-nun Avropada ən güclü təmsilçisi olan Almaniya dəfələrlə bu məsələ ilə bağlı öz mövqeyini açıqlayıb və indiki vəziyyətdə Ukraynanın NATO üzvlüyünün mümkün olmadığını vurğulayıb. Nəzərə alsaq ki, Trampın prezident olmasında sonra ABŞ-ın NATO dövlətləri ilə müəyyən problemlər yarandı.
Tramp NATO ölkələrindən xərclərin artırılmasını tələb etdi. NATO üzvü olacağı təqdirdə Ukrayna üzvlük haqqını ödəyə biləcəkmi? Bu gün əsas diqqət çəkən məqam da məhz budur. Hazırda Ukrayna bu imkanlara malik dövlət deyil. Ukrayna hal-hazırda Avropa banklarından milyardlarla kredit almaq üçün cəhdlər göstərir. Bu mənada Ukraynanın NATO üzvlüyü maliyyə problemləri, silahlanma ilə yanaşı Rusiya ilə açıq müharibəyə yol açacaq”.
Vilayət Muxtar
Bu xəbər oxucular tərəfindən 378 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed