Şrift:
"Məqsəd ilk mərhələdə 4 min ailəni yeni mənzillərlə təmin etməkdir" - Mehriban Əliyeva
31.05.2017 [10:29] - Gündəm, Sosial
"Bu gün biz qaçqın və məcburi köçkünlərin yaşayış şəraitini yaxşılaşdırmaq məqsədilə Qaradağ rayonunda yeni yaşayış kompleksinin təməlini qoyduq. Artıq 20 ildən çoxdur ki, 1 milyondan artıq azərbaycanlı Ermənistanın hərbi təcavüzü və işğalından əziyyət çəkir. Soydaşlarımızın üzləşdiyi problemlər Azərbaycan dövlətinin diqqət mərkəzindədir. Müstəqilliyimizin ilk illərindən bu istiqamətdə həyata keçirilən tədbirlər, atılan addımlar dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Öz doğma torpaqlarından didərgin düşmüş soydaşlarımızın yaşayış şəraitinin yaxşılaşdırılması, işlə, təhsillə, tibbi və digər xidmətlə təmin edilməsi üçün 2004-cü ildə Dövlət Proqramı qəbul olunmuş, 2007-ci və 2011-ci illərdə bu proqrama əlavələr təsdiqlənib". Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Qaradağ rayonunda məcburi köçkün ailələri üçün yaşayış kompleksinin təməlqoyma mərasimində bildirib.
M.Əliyeva bildirib ki, bu istiqamətdə həyata keçirilən tədbirlərin icrası üçün 6 milyard manatdan çox vəsait ayrılıb: "Hələ 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev seçkiqabağı vədlərində bildirmişdi ki, Azərbaycanda mövcud olan bütün çadır şəhərcikləri 5 il ərzində ləğv ediləcək və biz buna nail olduq, hətta 5 il yox, 4 il ərzində nail olduq. Son çadır şəhərciyi 2007-ci ildə ləğv olundu və çadır şəhərciklərində ağır şəraitdə yaşayan insanlar qaçqın və məcburi köçkün ailələri üçün inşa olunmuş 100-dək müasir yaşayış qəsəbəsinə köçürüldülər. Ümumilikdə, bu, 50 min ailənin, 250 mindən çox insanın yaşayış şəraitinin yaxşılaşdırılması, yeni mənzillə təmin olunması demək idi".
Birinci vitse-prezident qeyd edib ki, son 13 ildə 400 mindən çox qaçqın və məcburi köçkün yeni iş yeri ilə təmin olunub: "Hər bir qəsəbədə məktəblər, uşaq bağçaları salınıb. Ali və orta ixtisas təhsili ocaqlarında ödənişli formada təhsil alan qaçqın və məcburi köçkünlər təhsil haqqı ödəməkdən azad olunmuşlar. Bu gün də dövlət tərəfindən həyata keçirilən bir sıra proqramlar, özünüməşğulluq, regionlarda ictimai işlərə aid yerlərin açılması məhz bu məqsədə, əhalimizin bu təbəqəsinin sosial problemlərinin həllinə yönəldilib və bir çox sosial problemlər öz həllini tapmaqdadır.
Ümumiyyətlə, Azərbaycan dövlətinin bu sahədə təcrübəsi - həm çadır şəhərciklərinin ləğvi, həm də demək olar ki, humanitar faciənin qarşısının alınması çox nadir bir təcrübədir. Bu təcrübə bütün beynəlxalq təşkilatlar tərəfindən çox yüksək qiymətləndirilir. Bu sahədə hələ də öz həllini tapmayan problemlər mövcuddur. Bakı və Sumqayıt şəhərlərində yararsız, qəzalı vəziyyətdə olan binalarda hələ də minlərlə insan yaşayır. Qaçqın və məcburi köçkün ailələrinin əksəriyyəti müvəqqəti məskunlaşdıqları bu ictimai binalarda, uşaq bağçalarında, pansionatlarda, tikintisi bitməmiş binalarda çox ağır vəziyyətdə yaşayırlar. Bu ilin mart ayında məhz bu problemə - qaçqın və məcburi köçkün ailələrinin Bakı və Sumqayıt şəhərlərində qəzalı binalardan köçürülməsinə həsr olunmuş müşavirə keçirilmiş, bütün lazımi tapşırıqlar verilmişdir. Birinci mərhələdə ən qəzalı binalarda yaşayan 4 min ailənin köçürülməsi üçün tədbirlər planı hazırlanmışdır. Hazırda bu plana uyğun olaraq Abşeron rayonunun Masazır qəsəbəsində 3 bina, Sabunçu rayonunun Ramana qəsəbəsində 1 bina inşa olunur. Sumqayıt şəhərində qaçqın və məcburi köçkün ailələri üçün artıq 5 binanın tikintisi başlayıb və digər 5 binanın inşası üçün yer ayrılıb, yaxın zamanda tikinti işləri başlayacaq. Bununla yanaşı, həm Bakı şəhərində, həm də Sumqayıtda artıq tikilmiş hazır binalarda həmin məqsəd üçün dövlət tərəfindən mənzillər alınır".
Birinci vitse-prezident vurğulayıb ki, bu gün təqdim edilən layihə, təməli qoyulan müasir yaşayış kompleksi ölkəmizin özəl sektorunun bu nəcib işə töhfəsidir: "Burada, Qaradağ rayonunda 6 hektardan çox ərazidə yeni yaşayış kompleksi yaradılacaq, ümumilikdə, 1026 ailə üçün onbirmərtəbəli 9 bina inşa olunacaq. Qəsəbənin bütün lazımi infrastrukturu olacaq, 220 nəfərlik uşaq bağçası, 624 şagird yerlik orta məktəb binası tikiləcək. Əminəm ki, çox yaxın gələcəkdə - 1 il ərzində insanların rahat yaşaması üçün burada yeni bir qəsəbə salınacaq. Hesab edirəm, çox gözəl haldır ki, dövlətlə yanaşı, biznes strukturları da, sahibkarlar da ölkəmiz üçün çox vacib olan bu məsələyə, soydaşlarımızın yaşayış şəraitinin yaxşılaşmasına biganə yanaşmayıblar və öz dəstəyini verməyə hazırdırlar. Mən çox şadam ki, bu təşəbbüsə artıq bir sıra şirkətlər qoşulub. Mən bu şirkətlərin adlarını sadalamaq istərdim – “Kristal Abşeron” 5 mənzil təmin edib, “Azercell Telekom” - 2 mənzil, “Kontakt Home” mağazalar şəbəkəsi - 1 mənzil, “Sədərək” ticarət mərkəzi - 1 mənzil, “Retro Holdinq” - 164 mənzil, “Askorp” - 1 mənzil, “Azinşaat N” - 3 mənzil, “Dərhal” MTK - 50 mənzil, “Xəzər” MTK - 2 mənzil, “Araz-2011 A” - 3 mənzil, “Vesta Konstrakşn” - 2 mənzil, “Paşa İnşaat” şirkəti təməlini qoyduğumuz yaşayış kompleksində inşa olunan - 1022 mənzil. Mən soydaşlarımızın problemlərinə biganə qalmayan, dəstək verən bu şirkətlərin rəhbərlərinə dərin minnətdarlığımı çatdırıram. Hesab edirəm ki, bu, çox yüksək qiymətə layiq olan təşəbbüsdür və fürsətdən istifadə edərək Azərbaycanda fəaliyyət göstərən digər şirkətləri, digər sahibkarları bu təşəbbüsü dəstəkləməyə və ona qatılmağa dəvət edirəm. Bu, şübhəsiz ki, Azərbaycan xalqına xas olan xeyriyyəçilik ənənələrinin davamıdır, eyni zamanda, bu, xalqımızın həmrəyliyinin, dövlətimizin gücünün və inkişafının təzahürüdür. Bizim bütün işlərimizin mərkəzində, təməlində Azərbaycan vətəndaşı durur. Bizim məqsədimiz güclü və inkişaf etmiş dövlət qurmaq, hər bir Azərbaycan vətəndaşının rahat yaşamasına nail olmaqdır".
Birinci vitse-prezident Mehriban Əliyevanın sözlərinə görə, şübhəsiz ki, hər bir azərbaycanlının ən böyük arzusu ölkəmizin ərazi bütövlüyünün bərpa olunması, torpaqlarımızın işğaldan azad edilməsidir: "Mən inanıram ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi öz ədalətli həllini tapacaq və soydaşlarımız doğma torpaqlarına qayıdacaqlar. İşğaldan azad olunan torpaqlarda Azərbaycan dövləti bütün lazımi infrastrukturu quracaq, şəhərlərimizi, qəsəbələrimizi bərpa edəcək. Bir daha deyirəm ki, bizim əziz soydaşlarımız öz doğma torpaqlarına qayıdacaqlar. Buna heç bir şübhə ola bilməz.
Çox gözəl haldır ki, bu gün dövlət qurumları ilə bərabər, özəl sektor, biznes strukturları da bu təşəbbüsə qoşulur. Bir daha qeyd edirəm ki, Azərbaycan dövləti bu sahədə böyük uğurlar əldə edib. Bir çox beynəlxalq təşkilatlar Azərbaycanı nümunə göstərir. Baxmayaraq ki, müstəqilliyimiz bərpa olunandan sonra ölkəmiz ilk illəri çox ağır vəziyyətdə yaşayırdı. Amma biz bu humanitar faciənin qarşısını ardıcıl surətdə almağa nail olduq. İndi qarşımızda duran əsas məqsəd ilk mərhələdə 4 min ailəni yeni mənzillərlə təmin etmək, qəzalı, yararsız binalardan köçürməkdir. Əminəm ki, biz buna birlikdə nail olacağıq.
Mən sizin hər birinizi mübarək Ramazan ayının başlanması münasibətilə təbrik edirəm, Azərbaycan xalqına sülh və əmin-amanlıq arzulayıram".
Bu xəbər oxucular tərəfindən 257 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed