Şrift:
Mərkəzi Asiyada sabitlik adası - Qazaxıstan: Nazarbayevin uğur strategiyası
31.05.2017 [11:40] - Siyasət, Türk dünyası-Turan
Son illər Qazaxıstanın beynəlxalq aləmdə rolu yüksələn xətlə gedir. Bu, Rusiya ilə Türkiyə arasında münasibətlərin nizama salınmasından tutmuş, dünyanın əsas geosiyasi probleminə çevrilən Suriya münaqişəsinin həlli üçün Astana formatında iştiraka qədər fərqli məsələlərdə özünü biruzə verir.

Türkdilli ölkələrlə, o cümlədən Azərbaycanla sıx münasibətlərdə olan, Çin və Rusiya kimi dünya gücləri ilə qonşuluqda yerləşən, Mərkəzi Asiya regionunda sabitliyi təmin etmək baxımından daim Qərbin maraq dairəsində olan Qazaxıstan dinamik iqtisadiyyatı və stabil siyasi quruluşu ilə də seçilir. Analitik mərkəzlərin və ekspert birliklərinin fikrincə, bu uğurun əsas səbəbi 27 ildir ki, ölkəyə 77 yaşlı Nursultan Nazarbayevin başçılıq etməsidir.

Modern.az-ın əməkdaşı Mərkəzi Asiyada sabitlik adası kimi xarakterizə olunan Qazaxıstandakı durumu şərh edib:

Sovet İttifaqının dağıldığı zaman Nazarbayev ölkəni bazar iqtisadiyyatına uğurla keçirərək, çoxmillətli Qazaxıstanda separatçı meyllərə də son qoymuşdu. Belə ki, ölkənin şimalında, Ust-Kameneqorsk və Uralsk şəhərində ruslar separatçı çıxışlar edərək, muxtariyyət şüarları irəli sürmüşdülər. Lakin qısa müddətdə bu etirazları yatıran Nazarbayev aksiyanın başında dayanmış Semireçensk kazaklarının rəhbəri Nikolay Qunkin və “Rus torpağı” hərəkatının rəhbəri Viktor Kazimirçuku həbs etdirmişdi. Bundan başqa, paytaxtı Alma-Atı şəhərindən ölkənin mərkəzində yerləşən Astanaya köçürən Nazarbayev Qazaxıstanın vahid mərkəzdən idarəedilməsini asanlaşdırmışdı. Digər tərəfdən, 1991-ci ildə əhalinin 36%-ni təşkil edən rusların sayının 2013-cü ildə 19%-ə qədər azalması da rəsmi Astanını 2014-cü ildə Ukraynanın üzləşdiyi rus separatizmindən sığortalamış oldu.

Ölkə neftinin tamının çıxarıldığı Xəzərsahili Qərb regionları – Aktyubinsk, Manqistau və Atırtau vilayətlərində yerli əhalinin etirazları Nazarbayevin 27 ildə üzləşdiyi daha bir ciddi sınaq idi. Bu regionun sakinləri neftin ərazilərdən çıxarılmasına rəğmən, həyat səviyyəsinin aşağı olmasından, Astana, Alma-Atı və Şərq regionlarının büdcədən aldıqları dotasiyalar hesabına yaşamalarına kəskin etiraz etmişdilər. 2010-cu ildə bu etirazlar zamanı 15-ə qədər insan həlak olsa da, rəsmilər yerli əhalini sakitləşdirmək üçün stimullaşdırıcı addımlar atmalı oldular.

Nursultan Nazarbayev üçün ən çətin dövr isə 2015-ci ildə başladı. Dünya bazarında neftin kəskin ucuzlaşdığı şəraitdə avqusutn 20-də ölkənin milli valyutası tenge 35% devalvasiya olundu. Bunun ardınca, valyutanın stabilləşməsinə nail olunsa da, problem özünü biruzə verməkdə davam edir. Ekspertlərin fikrincə, 2017-ci ildə Qazaxıstanda devalvasiya ehtimalı çox yüksəkdir və bu haqda prezident Nazarbayev də açıqlama verib.

Buna rəğmən, Qazaxıstan Avropa Birliyi, ABŞ, Rusiya, Çin və İran, Hindistan, Türkiyə və qonşu türk dövlətləri ilə etibarlı münasibətlər quraraq, regionun lider ölkəsinə çevrilib. Yeganə təhlükə isə, ölkə siyasətinin patriarxı Nursultan Nazarbayevin gedişindən sonra ölkədə yaranacaq situasiya ilə bağlıdır. Bir çoxları sərt və mülayim siyasətin sintezi ilə ölkədə sabitliyi qoruya bilən Nazarbayevin xələfinin onun kimi müdrik ola bilməyəcəyini ehtimal edir. Ən pis ssenarinin reallaşacağı halda, Qazaxıstandakı sabitliyin pozulması Rusiyaya, Xəzəryanı ölkələr və Mərkəzi Asiyada siyasi şəraitə mənfi təsir göstərəcək.

Vüqar İSMAYILOV
Bu xəbər oxucular tərəfindən 243 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed