Şrift:
Dağıstan-Azərbaycan münasibətləri yeni mərhələdə
03.05.2012 [11:43] - Dərbənd, DAVAMın yazıları
Ənvər Börüsoy ekspert

Tarixdə olduğu kimi, bu iki bölgəni bir-birindən ayırmaq mümkün olmayacaq


18-ci yüzilin ortalarına qədər indiki anlamda Azərbaycan və Dağıstan heç zaman bir-birindən ayrı olmamışdır. Bölgədə fərqli etnosların yaşamasına baxmayaraq, hamını təkcə ortaq kulturoloji, etnokonfessional, sosial dəyərlər deyil, eyni zamanda coğrafi müstəvidə mövcud iqlimin kosmoqonik inanclarında düyünlənmiş mədəni dəyərlərin uzlaşan ölçüləri hakim inanc qavramında qəbul edilmişdir. Bütün bunlara Koban, Ter, Xəzər, Bulqar, Alan, Səlcuqlu, Altun Orda, Əfşar, Qacar dövlətlərinin mədəni qatında istənilən qədər rast gəlmək mümkündür. çox təəssüflər olsun ki, bu ortamın xaricində son iki yüz ildə bir sıra çatların və fəsadların törədilməsi üçün cəhdlər olmuşdur. Ancaq buna baxmayaraq, baş verənlərdən sonra hər iki bölgə tarixin dərin qatlarından boylanan dəyərlərə üz tutmaq zorunda olduqlarını etiraf etmək məcburiyyətində qalıblar.
Yeni anlaşmalar, yeni ümidlər

ötən ilin noyabr ayında öncədən razılaşdırılmış şəkildə Azərbaycan nümayəndə heyəti Dağıstanda olmuşdu. Paytaxt İnciqalada (Maxaçqala) Azərbaycandan gəlmiş 60 şirkət bölgədə qoyacağı yatırımların imkanlarını dəyərləndirmək üçün hərkətə keçdi. çünki ilk dəfə idi ki, 70 faiz dövlət təminatı verilməsi sayəsində iş adamlarına imkanlar yaradılırdı. Dağıstanın baş nazirinin müavini Rizvan Qazıməhəmmədovun da etiraf etdiyi kimi, artıq 10 sahədə Azərbaycana məxsus şirkətlərin yatırımlar qoyması üçün ümumi razılığa gəlinmişdir. Aqrosənaye sektorunun inkişaf etməsi üçün istixanaların salınması, konserv məhsullarını emal edən fabriklərin inşa edilməsi, şəkər istehsalına diqqətin artırılması, meyvə-tərəvəz tarlalarının salınmasında Azərbaycanın malik olduğu təcrübənin tətbiq edilməsi, iri sənaye komlekslərinin genişləndirilməsi bu anlaşmalarda yer almışdır. Bunun qarşılığında Azərbaycan üçün əlverişli olan digər sahələr üçün Dağıstan tərəfi öz təkliflərini irəli sürmüşdür. Prinsipcə həmin təkliflər Azərbaycanda yerli bazarda qiymətlərin gözlənildiyindən bir neçə dəfə ucuzlaşmasına gətirib çıxaracaq. Bununla da daxili bazarda əhalinin tələbatının ödənilməsi üçün daha geniş imkanlar yaranacaq. Əslində Azərbaycan-Gürcüstan münasibətlərində yaranmış belə bir əlverişli şərtlər bu dəfə Dağıstanla uzlaşdırılmış şəkildə inkişaf edə bilər. Qafqazın bir region kimi vahid orqanizm olduğunu regionlararası iqtisadi, mədəni, sosial, iqtisadi sahələrdə inteqrasiya üzərində inkişaf etdirməklə daha böyük uğurlar əldə etmək mümkündür. Unutmaq olmaz ki, Quzey Qafqaz yeni iqtisadi subregion anlayışı mərhələsinə qədəm qoymuşdur. Belə bir dönəm 19-cu yüzilin sonu və 20-ci yüzilin ilk çağında Azərbaycanda iqtisadi inkişaf prosesinin başlanmasından sonra Dərbənd, İnciqala, Temirxan Şura (indiki Xasavyurd), Qroznı, Vladiqafqaz, Nalçik, Soçi, Adler, Novorossiysk, Stavropol, Krasnodar və digər şəhərlərdə sürətli iqtisadi inkişafla müşahidə olundu. çünki bütün bu uğurlarda Azərbaycana məxsus şirkətlərin qoyduqları yatırımlar mühüm əhəmiyyət daşıyırdı. Həmin tarixi ənənənin yenidən təkrar olunmasını elə Quzey Qafqaz respublikaları və vilayətlərinin liderləri də açıq şəkildə etiraf etməkdədirlər. Bu prosesi yeni iqtisadi, sosial, mədəni, elmi və ictimai münasibətlərin qurulması texnologiyaları əsasında böyük bir prosesə çevirmək üçün tələb olunan münbit şərait də yaranmışdır. Qafqazda strateji maraqları olan və neokolonial siyasət yürüdən güclərin maraqlarının qarşısını almaq üçün bu növ inteqrasiyalara çox böyük ehtiyac var.
Nə qədər səmimiyik?

Sovetlər Birliyinin dağılmasından ötən 21 il ərzində Qafqazda tarixi ənənələrə söykənən çağdaş texnologiyalara uyğun şəkildə inkişaf modellərinin tətbiq edilməsi üçün münbit şəraitin olmamasının əsas səbəblərindən biri də bütün tərəflərin buna hazır olmaması idi. Digər tərəfdən isə, regionda yeni inkişaf mərhələsinin hazırlanması üzrə tələb olunan elmi mərkəzləri çalışdıra biləcək kadrların yoxluğu idi. SSRİ-nin çöküşü ilə yanaşı, həm də mövcud regionların maddi-texniki bazasının yoxluğu, hər bölgədə etnoloji müstəvidə hər bir xalqın yaşamaq uğrunda mübarizə aparması, böyük güclərin maraqlarına uyğun olan tamamilə yad ideoloji təlimlərin qarşıdurmalar yaratması barıt çəlləyinə çevrilən Qafqaz modelini ortaya qoymuşdu. Təəssüflər olsun ki, bu acı həqiqətlərin qurbanına çevrilən xalqların problemləri qalmaqda davam edir. çünki böyük güclərin təsiri və səyi nəticəsində "dondurulmuş" konfliktlər hələ də qalmaqda davam edir. Dağıstanda etnik müstəvidə ləzgi-türk, avar-kumuk, avar-noqay, ləzgi-tabasaran, lak-çeçen, lak-kumuk, ənənəvi islam və vəhhabilik, çeçenistanda ənənəvi islam və vəhhabilik, İnquşetiyada ənənəvi islam və vəhhabilik, Quzey Osetiyada müsəlman və xristian osetinlər, Kabarda-Balkarda kabardin-balkar, Qaraçay-çərkəzdə qaraçay-çərkəz qarşıdurmalarının yaşanılması mövcud problemlərin həll edilməsinə heç bir təsir göstərməmişdir. Gürcüstanın abxaz və osetinlərin bölücü sindromunu yaşaması, ermənilərin Qafqazda milli azlıq statusunu qəbul etmək istəməməsi regionun ən təzadlı problemlərindən biri hesab olunur. 2008-ci ildən iqtisadi və sosial mənada modernləşmə strategiyasının humanitar siyasət xarakteri alması tədricən Qafqazdakı bölgələr arasında uzlaşmalar nöqtələrinə üz tutmaqla buzların əriməsi ilə müşahidə olunmaqdadır.
Son illər Dağıstan, İnquşetiya, çeçenistan, Quzey Osetiya, Kabarda-Balkar, Adıgey və Qaraçay-çərkəz respublikalarının prezidentlərinin, hökumət nümayəndə heyətlərinin davamlı şəkildə Bakıda görünməsi, Qafqazda inteqrasiya təkliflərini irəli sürmələri elə əsas stimulverici səbəblərindən biridir. Bu porosesin inkişafının qarşısını alan əsas güc isə, bir tərəfdən çarlıq və Bolşevik Rusiyasının metropoliyasını təmsil edən xüsusi bir zümrə, digər yandan, Qərbdən Qafqaza olduqca məxfi şəkildə uzanmış əllərdir. Bu iki gücün yaratmış olduqları sosial şəbəkələr siyasi, iqtisadi, kriminal, mədəni, top və pop anlamında kəskin rəqabət aparmaqdadırlar. Halbuki Qafqazdakı etnoloji mozaikanın kulturoloji dəyərlərinin yaxınlaşmasını təmin etməklə mövcud problemləri həll etmək üçün imkanlardan yararlanmaq lazımdır. Təbii söykəmli dəyərlərin bol olduğu Qafqaz siyasətində, sadəcə, hər kəsdən səmimilik tələb olunur. 18-ci yüzildən süni şəkildə həyat tərzinə çevrilən və sonradan böyük problemlərə səbəb olan münasibətlərə əlvida söyləməklə əsl səmimi əlaqələrin inkişafına nail olmaq mümkündür.
Buna görə də Dağıstan tərəfinin etiraf etdiyi kimi, loqistik mərkəzlərin yaradılması, Samur çayının çevrəsindəki hövzədə təbii ehtiyatların ortaq şəkildə istifadə edilməsi ümumi maraqların inkişafı üçün böyük bir təkan deməkdir. Ən çox qazanan tərəfin Azərbaycanın olması da diqqət çətən məsələlərdən biridir. Xüsusilə Dağıstanın enerji ehtiyaclarının həll edilməsi bunun əsas mənbəyidir. 1941-ci ilə qədər Dərbənd şəhərinin ətrafında böyük neft və qaz yataqları olmuşdur. Stalin dünya müharibəsini bəhanə edərək neft və qaz quyularını bağlatmışdır. İndiyə kimi bu yataqlar bağlı qalıb. Halbuki bu yataqları 19-20-ci yüzildə Azərbaycana məxsus iş adamları çalışdırmışlar. Azərbaycana qarşı Dağıstanda erməni siyasətinin tərkib hissəsi olan bir sıra siyasi proseslərin əsası olmadığını da artıq hər kəs aydın şəkildə başa düşməkdədir. Buna görə də indi hamı səmimi olmağa çalışır.
Dərbənd uzlaşma mərkəzidir

ötən həftə Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin binasında Dərbənd şəhərinin 5 min illik tarixi mövzusunda Azərbaycan və Dağıstan alimlərinin birgə elmi konfransı keçirildi. Millət vəkili, akademik, AMEA-nın tarix institutunun direktoru Yaqub Mahmudov bildirdi ki, "Dərbəndin tarixi yolu Azərbaycan və Dağıstan xalqlarının ümumi tarixidir. Dərbənd Türk Dünyasında oğuz və qıpçaqların ən çox birləşdiyi nöqtələrdən biri hesab olunur. Dədə Qorqudun məzarının Dərbənddə olması bu şəhərin strateji dəyərinin mahiyyətinin təsdiqidir".
Konfransın mühüm əhəmiyyəti ondan ibarət oldu ki, ilk dəfə olaraq Türkiyənin də elmi mərkəzləri təmsil olunurdular. AMEA-nın prezidenti, akademik Mahmud Kərimovun "Dərbənd Azərbaycan və Dağıstanın ortaq tarixidir. Qafqaz xalqlarının dostluq şəhəridir. Bu tarixi ənənəyə ancaq bizlər birlikdə sahib çıxmaqla yanaşı, onu qorumalıyıq" fikri konfransda çıxış edən Azərbaycan, Dağıstan alimlərinin də məruzələrində geniş yer verilmişdi. Halbuki ötən 21 il ərzində Dərbənd şəhəri və onun ətrafındakı tarixi, arxeoloji və mədəni irsin erməni siyasətinin maraqları əsasında təbliğata çevrilməsi üçün əsası olmayan bir sıra iddialar irəli sürülmüşdü. İndi həmin təşəbbüslər artıq geridə qalmışdır. İndi bu coğrafi arealın təbii söykəmləri, etnomədəni və etnososial qavrayışları arasında süni çatlar yaradanlar tədricən öz iddialarından əl çəkmək məcburiyyətində qalmışlar.
Dərbənd şəhərini və onun tarixini zorla hansısa etnosa məxsus olması iddiasını ortaya qoymaq və bunu siyasi prosesə çevirmək nə qədər süni olsa da, bir o qədər də kökü olmayan bir dəyər kimi rəsmiləşdirməyə çalışanların hədəfləri də iflasa uğramaqdadır. Dərbənd şəhərinin 5 min illik tarixi YUNESKO səviyyəsində də qeyd olunacaq. Bu sırada Azərbaycan və Dağıstan alimlərinin birgə tədbirlər keçirməsi, Dərbəndin ortaq tarixi yaddaşa çevrilməsi indi daha çox təqdir olunmaqdadır. Yaxın zamanda İnciqalada gözlənilən Azərbaycan və Dağıstan alimlərinin, biznes dairələrinin ortaq toplantılar keçirməsi, bir sıra müqavilələr imzalaması bu inteqrasiyanın mühüm şərtlərindən biridir.
çağdaş dünyada regional infrastrukturların inkişafı sayəsində mövcud problemlər həll olunur. Bunun üçün Avropa Birliyi, Avrasiya, Uzaq Şərq, Ərəb Dövlətləri Liqası, Avro-Atlantik Hövzəsi, Güney Amerika Bloku, Ağ Dəniz Hövzəsi və digər örnəklər var. Nədən tarixi yaddaşı yüzilliklərə, minilliklərə qədər uzanan, ortaq etnokulturoloji dəyərə malik olan Qafqazda bizlər bunu yenidən ümumi prosesə çevirməyək? 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti dönəmində də ortaq Qafqaz Siyasəti əsas prioritetlərdən biri hesab olunurdu. Bu dönəmdə hətta Dağıstanın nüfuzlu ağsaqqalları, el birlikləri belə Azərbaycana birləşmək üçün rəsmi məktubla müraciətlər etmişdilər. Mövcud reallığı nəzərə alan Azərbaycan hökuməti Quzey Qafqaz Konfederasiyası - Dağlı Respublikası ilə mehriban qonşuluq siyasəti içində inteqrasiya modelini təklif etmişdi. Bunun qarşılıqlı mənfəətləri isə göz önündə idi. Hər iki tərəf bundan böyük fayda götürürdü. AMEA-nın Rəyasət Heyətinin binasında keçirilən son elmi konfransda Dağıstanın Azərbaycandakı nümayəndəliyinin rəhbəri Məhəmməd Qurbanov haqlı olaraq qeyd etdi ki, "Beş min ildir Dərbənd şəhəri Dağıstan və Azərbaycanın birlik və bərabərliyinin missiyasını yaşadır. Burada hələ də qorunub saxlanılan ənənələr yaşamaqda davam edir. Dərbəndin, Dağıstan və Azərbaycanın simvolu olan əfsanəvi Narın Qalanın daşları və yolları bu əzəmətli tarixin canlı şahididir".
Bu xəbər oxucular tərəfindən 1650 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed