Şrift:
Təbriz Xalça Muzeyinə 11 nəfis xalça hədiyyə edildi
08.06.2017 [10:55] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Təbrizli məşhur ticarətçi Yaqub Sadiq Nobəri, Təbriz Bələdiyyə Muzeyinə 11 nəfis xalça hədiyyə edib.

Bu barədə Təbriz Bələdiyyəsinin Turizm İnkişafı Təşkilatının icraçı direktoru Rza Xəlili məlumat verib.

“Təbrizli ticarətçi Yaqub Sadiq Nobəri təqdirə layiq bir addım ataraq Bələdiyyə İdarəsinin Xalça Muzeyinə 11 nəfis xalça bağışlayıb. Ölkələrarası xalça ticarəti ilə məşğul olan Sadiq Nobəri, xalçaları Almaniyanın Hamburq şəhərindən Təbrizə göndərib. Hədiyyə edilmiş xalçalar, xalça muzeyinə xüsusi gözəllik verib”- deyə o bildirib.

“Ekspertlərin fikrinə görə xalçalar 70-100 il bundan əvvəl azərbaycanlı sənətçilər tərəfindən toxunub. Onların toxunulmasında təmiz yun iplərindən istifadə olunub. Xalçalardan biri məşrutiyyət dövrünə, biri isə daha qədim dövrlərə aiddir”- deyə Rza Xəlili əlavə edib.

Azərbaycanın nəhəng xalçaçılıq mədəniyyətinin böyük bir qolunu təşkil edən Təbriz xalçaçılıq məktəbi çox qədim ənənələrə, zəngin, çeşidli dəst-xəttə malikdir. Sənətşünaslar qeyd edir ki, Təbriz xalçaçılıq məktəbi Azərbaycanın ən qədim və məşhur xalçaçılıq məktəbi olaraq, bölgədəki əksər xalça məntəqələrini əhatə edir. Xalça təbii olaraq xalqın qədim mədəniyyətini, məişətini, həyat tərzini, məşğuliyyətini, dünyagörüşünü və düşüncəsini ifadə edir.
Bu xəbər oxucular tərəfindən 516 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed