Şrift:
Vaşinqtonda 28 May - Respublika və Azərbaycan Silahlı Qüvvələri günləri təntənəli qeyd olunub
09.06.2017 [10:33] - Gündəm, Siyasət
Ənənəyə uyğun olaraq, bu il də Vaşinqton şəhərinin ən tarixi və mötəbər binalarından biri olan “Endryu Melon Auditorium”da (Andrew Mellon Auditorium) minə yaxın qonağın iştirakı ilə 28 May - Respublika Günü və qarşıdan gələn Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə təntənəli ziyafət təşkil edilib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, ziyafətdə ABŞ adminsitrasiyasının yüksək vəzifəli rəsmiləri, Konqresinin üzvləri və peşəkar heyət, bir sıra ABŞ ştatlarının nümayəndələri, müxtəlif dövlət və ictimai qurumların çoxsaylı əməkdaşları, 40-dan çox səfirin də daxil olduğu diplomatik korpus, akademik dairələr və yerli ictimaiyyətin təmsilçiləri, həmçinin azərbaycanlı, türk və yəhudi icmalarının üzvləri qatılıb. Bununla yanaşı, ziyafətdə ABŞ Müdafiə Departamentinin və Silahlı Qüvvələrinin yüksək rütbəli zabitləri, o cümlədən generallar və Vaşinqtonda akreditə olunan hərbi attaşelər iştirak ediblər.
Tədbirin əvvəlində amerikan "Voices of Liberty" müsiqi qrupunun ifasında Azərbaycan və ABŞ-ın dövlət himnləri səsləndirilib.
Sonra çıxış edən səfir Elin Süleymanov qonaqları salamlayaraq, tədbirin eyni zamanda, Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının növbəti ildönümünə həsr olunduğunu diqqətə çatdırıb və vətənə göstərdiyi qəhrəman xidmətlərinə görə Azərbaycan hərbiçilərinə dərin minnətdarlığını bildirib. Diplomat ABŞ administrasiyası və digər dövlət qurumlarının tədbirdə müstəsna dərəcədə müşahidə olunan yüksək səviyyəli təmsilçiliyinin, həmçinin Azərbaycanın çoxsaylı dostlarının iştirakının tədbirin və ölkəmizin əhəmiyyətinin göstəricisi olduğunu bildirib. Həmçinin səfir tədbirin məhz Ramazan ayına təsadüf etməsini xoş məqam kimi qeyd edərək, Azərbaycan səfirliyi adından iştirakçılara sülh və əminamanlıq arzulayıb.
Diplomat tədbirin əlamətdarlığı barədə danışarkən 99 il bundan əvvəl müsəlman Şərqində ilk demokratik parlament respubikasının məhz Azərbaycanda yaranmasının tarixi əhəmiyyətini vurğulayıb. Bu xüsusda, səfir E.Süleymanov qısa müddət yaşamasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçiliyin möhkəmləndirilməsi, xalqların dinc və birgə yaşayışının, eləcə də etnik mənşəyindən və cinsindən asılı olmayaraq hər kəsin bərabərliyinin təmini sahəsində həyata keçirdiyi tədbirləri diqqətə çatdırıb.
Bundan sonra diplomat bu il Azərbaycan və ABŞ arasında diplomatik münasibətlərinin qurulmasının 25-ci ildönümünün tamam olduğunu xatırlayaraq, iki dövlət arasında qurulan möhkəm tərəfdaşlıq əlaqələrinə toxunub. Səfir ötən müddət ərzində ölkə rəhbərliyinin yürütdüyü ardıcıl siyasət nəticəsində Azərbaycanın nüfuzunun dünya miqyasında tanındığını bildirib və ölkəmizin qlobal sülh və təhlükəsizliyə töhfələri, Əfqanıstanda NATO-nun sülh missiyasında iştirakı, həmçinin enerji təhlükəsizliyinə dəstəyi barədə danışıb.
Diplomat hazırda dünyanın bir çox bölgələrində dözümsüzlük və zorakılıq meyllərinin artmasının müşahidə olunduğu halda, ölkəmizin etnik müxtəliflik və tolerantlıq təcrübəsi ilə seçildiyini və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasəti nəticəsində bu təcrübənin daha da möhkəmləndiyini vurğulayıb. Məhz bu yanaşmanın göstəricisidir ki, hazırda ölkəmiz həm Avropa Oyunlarına, həm də İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edir. Səfir İslam Həmrəyliyi Oyunlarının məhz proqressiv müsəlman dövlət kimi Azərbaycanda keçirilməsinin və onun Təşkilat Komitəsinə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etməsinin böyük simvolik əhəmiyyət kəsb etdiyini vurğulayıb.
ABŞ-ın yüksək vəzifəli, nüfuzlu və dərin təcrübəyə malik diplomatlarından sayılan dövlət katibinin siyasi məsələlər üzrə müavini Tomas Şanon çıxış edib. ABŞ diplomatı ölkəmizi bu əlamətdar gün münasibətilə təbrik edib və Azərbaycan-ABŞ münasibətləri barədə yüksək fikirlər səsləndirib. T.Şanon ABŞ Prezidenti Donald Trampın Respublika Günü münasibətilə Azərbaycan Respubikasının Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubunu oxuyub.
ABŞ diplomatı həmçinin iki dövlət arasında diplomatik münasibətlərinin qurulmasının 25-ci ildönümü münasibətilə ölkəmizi təbrik edib və bu müddət ərzində tərəflər arasında möhkəm tərəfdaşlıq əlaqələrinin qurulduğunu söyləyib. ABŞ diplomatı Azərbaycanın bir çox sahələrdə ABŞ-ın möhkəm tərəfdaşı olaraq qaldığını vurğulayaraq, ölkəmizin yeni enerji mənbələri təklif etməklə Avropa və dünyanın enerji təhlükəsizliyinə verdiyi töhfələrə toxunub.
T.Şanon 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin istismara verilməsini iki dövlət arasında tərəfdaşlığın həlledici mərhələsi adlandırıb. Həmçinin hazırda reallaşmaqda olan Cənub Qaz Dəhizi layihəsinin icrasına toxunan T.Şanon Bakıda 24-cü illik Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin və Konfransının keçirilməsi münasibətilə ABŞ Prezidenti Donald Tramp tərəfindən Azərbaycan Prezidenti İlham Əliyevə ünvanlanmış məktuba istinad edərək ABŞ-ın enerji resurslarının işlənilməsi və ixracında Azərbaycanın oynadığı mühüm rolu yüksək qiymətləndirdiyini bildirib.
ABŞ diplomatı həmçinin ABŞ-ın ölkəmizlə ticarət və biznes əlaqələrinin inkişafında maraqlı olduğunu, ölkəmizin 2001-ci il 11 sentyabr hadisələrindən sonra ABŞ-a dəstək göstərən birinci ölkələr sırasında olduğunu, Azərbaycanın İraq və Balkanlarda sülh əməliyyatlarında iştirak etdiyini və hazırda Əfqanıstanda NATO-nun "Qətiyyətli dəstək missiyası"na öz qüvvələri və logistik imkanları ilə töhfə verdiyini və ABŞ-ın terroçuluğa qarşı mübarizə sahəsində ölkəmizlə əməkdaşığı xüsusi təqdir etdiyini bidirib. T.Şanon həmçinin enerji və təhükəsizlik ilə yanaşı, siyasi dialoq və demokratik prinsiplərin təşviqi sahəsində əməkdaşlığa toxunub.
Qeyd edilməlidir ki, ölkəmizin bu tədbirində ABŞ adminsitrasiyasının əvvəlki illərdə müşahidə olunmayan dərəcədə yüksək səviyyədə təmsil olunması və səsləndirilən təqdiredici bəyanatlar Tramp administrasiyasının Azərbaycanla münasibətlərə verdiyi önəmin göstəricisidir. Xatırladaq ki, T.Şanon D.Tramp administrasiyasında yeni dövlət katibi təyin olunana kimi bu vəzifəni müvəqqəti icra edib.
Bundan sonra tədbirdə iştirak edən ABŞ administrasiyasının yüksək vəzifəli nümayəndələri, generallar, eləcə də Konqres üzvləri bir araya gələrək Azərbaycan-ABŞ dosluğunun şərəfinə badələr qaldırıb və ABŞ Konqresinin nüfuzlu üzvü Dana Rohrabaxer bu xüsusda ürək sözlərini ifadə edib.
Daha sonra Vaşinqon şəhərinin aid olduğu Kolumbiya Dairəsinin katibi Lauren Vaugan 2017-ci il 28 may tarixinin ABŞ paytaxtında Azərbaycan Milli Günü elan edilməsi barədə mer Müryel Bouzer tərəfindən verilmiş bəyanatın mətnini oxuyub.
Tədbir zamanı qonaqlara Azərbaycanın milli rəqs nümunələri nümayiş etdirilmiş və milli mətbəxin nümunələrindən ibarət təamlar təklif olunub. Ziyafətin Ramazan ayına təsadüf etdiyini nəzərə alaraq oruc tutan qonaqlar üçün həmçinin iftar süfrəsi təşkil edilib. Bundan əlavə ziyafətdə "İpək Yolu" rəqs qrupu tərəfindən Azərbaycan musiqinin sədaları ilə rəqs nümunələri təqdim edilib, həmçinin milli geyimdə "Naxçıvan Yallısı" rəqsi göstərilib.
Bu xəbər oxucular tərəfindən 553 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed