Şrift:
Nadir Şahın rus imperatriçası Anna İoannovnaya məktubu - Böyük Səfəvi dövləti ilə ali-Osman arasında öz nəfsani məqsədləri üçün...
09.06.2017 [11:13] - Xəbərlər, Türkün şanlı tarixi
Tarixdə hökmdarların bir-birinə yazdıqları maraq doğuracaq məktublar mövcuddur. Bu yazışmaların müəyyən qismi günümüzə qədər gəlib çatıb. Tarixin bizə yetirdiyi məktublardan biri də XVIII əsr siyasi meydanının ən parlaq simalarından olan Nadir Şah Əfşarın Rus imperatriçası Anna İoannovna Romanovaya yazdığı məktubdur.

Enter.News Əlyazmalar İnstitutunun əməkdaşı Rauf Şeyxzamanlının fars dilindən tərcümə etdiyi həmin məktubu təqdim edir:

“Qəbul şahidlərinin qulaqlarını və boyunlarını bəzəyən dəvətlər cəvahirləri və dostluq dalğıclarının köməyi ilə ürək və can sağlığı dənizlərindən bəyan sahilinə gələn xeyir-duaların parıldayan ləlləri günəşşüalı əlahəzrət, səltənət ilə səadət asimanında Zöhrələrin Zöhrəsi, əzəmət ilə hökmranlıq sədəfinin bəyaz dürrəsi, izzət ilə cəlal səmasının nur saçan günəşi, ululuq ilə xoşbəxtlik gecəsini işıqlandıran şam, bərəkət ilə müvəffəqiyyət ağacının bəhrəsi, sahiblik ilə iqtidar bəhrəsinin ağacı, yeri göydə olan cənabın fələyi, ulduzlar kimi həşəmətli taxtın çarxı, rəyi çay suyu ilə suvarılan və hümmətini qüvvətli zeytundan alan hümay, pakürəklilərin dərmanı, Xosrov kimi cəlalətli, günəşpapaqlı böyük imperatriçanın (onun səltənətinin günləri uzansın) şərafətli məclisinin hədiyyəsi və ali toplantısının töhfəsidir. İzzət ilə hörmət sarayında qəbul olunanlar şahidlik edirlər ki, bundan öncə xaqanın yüksək rütbəli xidmətçisi tüfəngçibaşı Əhməd xan fələk kimi uca saraydan padşahın izdihamlı və bərəkətli iclaslarının müjdəsini gətirmək və iki ulu dövlət arasında dostluq və qarşılıqlı anlaşma adətlərini təzələmək və möhkəmləndirmək üçün səfir təyin olunmuş və şah sarayının nurlu astanasına ezam edilmişdi. Bağdad valisi Əhməd paşanın və onun atasının illər boyu möhkəm dostluq və məhəbbət əsasında əlaqələr qurmuş böyük Səfəvi dövləti ilə ali-Osman arasında öz nəfsani məqsədləri üçün fitnə-fəsad salmaq və nifaq ilə anlaşılmazlıq törətmək yoluna qədəm basmaları İlahi dərgahına möhtac olan o iki dövlətin arasını qarışdıranları tənbeh etmək üçün qəhredici qoşunların qalxmasına səbəb oldu. İlahi qüvvət və qüdrət ilə indiyə qədər ki, mübarək ramazan ayının ortalarıdır, bir neçə dəfə dava düşmüş və hər dəfə Rum əhlindən bir çoxu qılıncın qurbanı olmuş, onların paşalarından on, on iki nəfəri ələ keçirilmiş, xilafətin bünövrəsini təşkil edən Kərkük, Hillə, Nəcəfi-əşrəf, Kərbəlayi-müəlla və Bağdad işğal olunmuşdular. Başqala da həmçinin müzəffər ordu tərəfindən mühasirəyə alınmışdı və yuxarıda adı çəkilənin nə qalxan əli, nə də qaçan ayağı var. Həmin qalanın alınması bir neçə günlüyə təxirə salındığına görə, qoşunu bu işin tamamlanmasına təyin edib özümüz dünyanı fəth edənin nəzərinə düşmüş bəzi işlərinə əncam vermək üçün Şirvan sərhədinə ezam olacağıq. İndi ki, günəşpapaqlı alicah özünün nəcib xasiyyətləri və əhdinə sadiq qalması ilə dünyada xoş ad qazanmış və zəmanəmizin hökmdarlarının həsəd aparmalarına səbəb olmuşdur, bizim də o alirütbəlidən xahişimiz odur ki, özünə məxsus kamil iltifatını daha da təkmilləşdirərək məhəbbət diyarındakı ölkələri istila edəni və dostluq qapılarının fatehini qalan sözləşmiş məmləkətlərə vəkil etmək üçün adı çəkilmiş yüksək rütbəli səfirə uğurla geri dönmək rüsxətini bəxş edəsiniz ki, İnşəllah-təala, Şirvan hüdudlarında müzəffər əsgər düşərgəsinə zati-hümayunun və uzunömrlü dövlətdə yaşayan xalqların sağ və salamat olmaları müjdəsini gətirməklə istəkli dostların sevinməsinə səbəb olsun. Baqi, səltənətin və taleyin günəşi öz işığını və parıltısını izzət ilə cəlalın mənbəyindən alsın!”

Təqdim etdi: Rəşad Sahil
Bu xəbər oxucular tərəfindən 2658 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed