Şrift:
Azərbaycan ilə Pakistan arasında təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib
10.06.2017 [11:46] - Gündəm, Siyasət
Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə bu ölkənin Baş nazirinin milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi, ehtiyatda olan general-leytenant Nasir Xan Janjua ilə görüşüb.

Görüşdə Azərbaycan ilə Pakistan arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin inkişafından məmnunluq ifadə olunub, təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığın davam etdirilməsi, qarşılıqlı səfərlərin təşkili ilə bağlı fikir mübadiləsi aparılıb.

Ermənistanın işğalçılıq siyasəti və təxribatları haqqında məlumat verən Əli Əlizadə regionda təhlükəsizliyin və sabitliyin təmin olunmasına Ermənistanın maneə olduğunu, Pakistanın ölkəmizə birmənalı dəstəyinin daim yüksək qiymətləndirildiyini bildirib.

Azərbaycan Prezidentinin Pakistanla əlaqələrə xüsusi önəm verdiyini vurğulayan səfir Kəşmir üzrə İslam Əməkdaşlıq Təşkilatının Təmas qrupunun üzvü kimi Azərbaycanın da hər zaman Pakistanın yanında olduğunu və Kəşmir məsələsinin BMT-nin Təhlükəsizlik Şurasının qəbul edilmiş qətnamələri əsasında tezliklə həll olunacağına ümid etdiyini diqqətə çatdırıb.

Pakistan Baş nazirinin məsləhətçisi Azərbaycana dəstəyin bundan sonra da davam edəcəyini, Pakistan ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin gələcəkdə daha da genişləndirilməsinin, ikitərəfli əməkdaşlığın uğurla inkişaf etdirilməsi istiqamətində birgə fəaliyyətlərin artırılmasının vacibliyini qeyd edib.

Görüşdə təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığın gələcək perspektivləri və müqavilə-hüquq bazasının gücləndirilməsi məsələləri ətrafında da geniş fikir mübadiləsi aparılıb.
Bu xəbər oxucular tərəfindən 630 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed