Şrift:
Güney Azərbaycanlı roman yazıçısı 2017-ci ilin ən yaxşı müəllifi seçilib
13.06.2017 [10:58] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Almaniyann Litprom (“LITPRM”) Müəssisəsi güney azərbaycanlı roman yazıçısı Fəriba Vəfini 2017-ci ilin ən yaxşı xarici yazıçısı mükafatına layiq görüb.

Müəssisənin rəsmi saytında yayılan məlumata görə, “Tərlan” romanının müəllifi F.Vəfi münsiflər heyətinin ən çox səsini qazanaraq bu mükafata layiq görülüb.

Mükafat 2017-ci il oktyabrın 11-dən 15-dək Frankfurt şəhərində keçiriləcək Dünyanın Ən Böyük Kitab Sərgisində azərbaycanlı yazıçıya təqdim olunacaq.

F.Vəfi “Tərlan” romanını 16 il öncə qələmə alıb.

“LITPRM” qeyri-hökumət müəssisəsidir və Almaniya dövlətinin maliyyə yardımı ilə fəaliyyət göstərir. Müəssisə Asiya, Afrika və Latin Amerikada nəşr olunan ən yaxşı əsərləri alman dilinə çevirir və alman oxucuları seçilmiş əsərlərlə tanış edir.

“Tərlan” romanı solçuluq siyasi düşüncəsinə təmayülü olan bir təbrizli qızdan bəhs edir. O, siyasi düşüncəsindən dolayı gözətçi işləməyə və bunun üçün dostu Rəna ilə birlikdə Tehrana gedərək hərbi məktəbə (mədrəsə) daxil olmağa məcbur olur. O kitab mütaliə etməyi çox sevir və bu səbəbdən hikayə yazmağa yönəlir.

Tanınmış azərbaycanlı yazıçı müsahibələrinin birində türkcə əsər yazmağın həsrətində olduğunu və məcburiyyət qarşılığında farsca yazdığını qeyd etmişdir. “Dastan yazmaq istedadımı inkişaf etdirmək üçün Tehranda məskunlaşmağa qərar verdim və peşə fəaliyyətimdə uğur qazanmaq üçün fars dilini seçməyə məcbur oldum. Lakin öz ana dilimdə bir əsər yazmağın həsrətindəyəm və həyatımda belə bir hadisənin baş verəcəyinə ümid edirəm”- deyə F.Vəfi bildirmişdir.

F.Vəfi 1962-ci ildə Təbrizdə doğulub. O, 11 cild qısa hekayə və roman kitabının müəllifidir. Yazıçının “Mənim quşum” və “Tibet röyası” əsərləri İranın bir neçə mötəbər ədəbi mükafatına layiq görülüb. Azərbaycanlı yazıçının bir neçə hekayə əsəri italyan, anadolu türkcəsi, alman, norveç, fransız, rus, isveç (Sued), ərəb, yapon və ingilis dillərinə tərcümə olunub.

N.S
Bu xəbər oxucular tərəfindən 636 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed