Şrift:
“Regiondakı bir çox iqtisadi layihələr Azərbaycanla Türkiyəni birləşdirir”
04.05.2012 [15:09] - Sosial
Londonda Avropa Azərbaycan Cəmiyyətinin (AAC) təşkilatçılığı ilə “Azərbaycan və Türkiyə: müxtəlif investisiya imkanları” adlı biznes forum keçirilib.

“Davam.az”-ın məlumatına görə, tədbirdə müxtəlif sessiyalar, əsasən enerji təhlükəsizliyi, maliyyə layihələri və bank investisiyaları, İKT sahəsi, kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi ilə bağlı müzakirələr aparılıb. Müxtəlif sahələr üzrə sessiyalarda ümumilikdə 40 ekspert çıxış edib, suallara cavab verilib.

Forumda parlamentarilər, diplomatlar, alimlər, Azərbaycan, Türkiyə və Avropanın müxtəlif ölkələrini təmsil edən iş adamları, Türkiyənin Böyük Britaniyadakı səfiri Ünal Çeviköz, Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov və Böyük Britaniyanın Azərbaycandakı səfiri Peter Bateman da iştirak ediblər.

Konfransdakı çıxışlarda Azərbaycan və Böyük Britaniya arasındakı əlaqələrin inkişaf dinamikasından bəhs edilib. Bildirilib ki, Böyük Britaniya Azərbaycana ən çox birbaşa sərmayə yatıran ölkədir və bu sərmayələrin xüsusi çəkisi 52% təşkil edir.
Çıxışlarda qeyd olunub ki, Azərbaycanla Türkiyə arasındakı münasibətlər hər zaman yüksək səviyyədə olub. Ötən ilin sonunda iki ölkə arasında enerji sahəsində protokol imzalanıb ki, bu da Xəzər dənizindən çıxarılacaq qazın Cənub Dəhlizi vasitəsilə Avropaya çatdırılmasına və gələcəkdə Avropa Birliyinin enerji təhlükəsizliyinin təmin edilməsinə imkan verəcək.
Avropa Azərbaycan Cəmiyyətinin sədri Tale Heydərov isə çıxışında keçirilən biznes forumun ötən ilkindən fərqləndiyini bildirib: «Çünki bu forumda Azərbaycan və Türkiyəyə birgə investisiya imkanları dəyərləndirilir. Biz hesab edirik ki, regiondakı bir çox iqtisadi layihələr də Azərbaycanla Türkiyəni birləşdirir. Bu, yalnız iki ölkə arasındakı sıx mədəni əlaqələr, tarixi və qardaşlıq münasibətləri ilə bağlı deyil, həmçinin coğrafi mövqeyin yaratdığı birlikdir. Azərbaycan əsasən neft və qaz ixrac edir və son statistik məlumatlara görə, ölkəmiz dünyada sürətlə inkişaf edən iqtisadiyyata malik ölkədir. Azərbaycandan ixrac edilən neft və qazın böyük hissəsi Türkiyədən keçməklə Avropa bazarına çıxarılacaq».

T.Heydərov qeyd edib ki, Avropa ölkələrində iqtisadi böhran yaşandığı vaxtda Azərbaycan və Türkiyə iqtisadiyyatında ciddi artım qeydə alınıb. O, bunun həm də Bakı-Tbilisi-Ceyhan kimi layihələrin hər iki ölkənin iqtisadiyyatında oynadığı rolla əlaqələndirib: «Bakı-Tbilisi-Ərzurum boru kəməri Xəzər dənizinin Azərbaycan sektorunda «Şahdəniz» yatağından hasil olunan təbii qazı Türkiyəyə çatdırır. Bundan əlavə, Türkiyə, Gürcüstan və Azərbaycanı birləşdirəcək və Avropa ilə Asiya arasında daha güclü ticarət əlaqələri yaradacaq Bakı-Tbilisi-Qars dəmir yolu xətti də hazırda tikilməkdədir».

Böyük Britaniyanın Azərbaycandakı səfiri Peter Bateman çıxışında Azərbaycanın hüquqi, dünyəvi, tolerant və liberal ölkə olduğunu vurğulayıb: «Azərbaycanda 2005-ci ildə dünyada ən yüksək ÜDM artımı (35%) müşahidə olunub. Böyük Britaniyanın Azərbaycanda ümumilikdə 150-dən çox şirkəti fəaliyyət göstərir, bunlar yalnız enerji sahəsində fəaliyyət göstərən şirkətlər deyil, həmçinin maliyyə sektorunda, xidmət sektorunda fəaliyyət göstərən şirkətlərimiz də var». Səfir həmçinin qeyd edib ki, hazırda ölkədə orta sahibkarlıq da inkişaf edir, Bakı şəhəri ətrafında böyük tikinti bumu müşahidə olunur.
Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Mark Fild də Azərbaycan və Türkiyə arasındakı əhəmiyyətli dərəcədə güclü əlaqələrin inkişaf etməkdə olduğunu vurğulayıb: «Mən Bakıda olmuşam, Azərbaycanla tanışlığım var. Azərbaycan xalqının sahibkarlıq, iş görmək bacarığının şahidi olmuşam. Böyük Britaniya iqtisadiyyatında tənəzzül müşahidə edildiyi vaxtda Azərbaycanda iqtisadi artım nəzərə çarpır. Azərbaycanda neft-qaz sənayesi ilə yanaşı, maliyyə xidmətləri sektorunda

Böyük Britaniya şirkətləri üçün bir çox imkanlar var. Böyük Britaniya hökuməti Türkiyənin Avropa Birliyinə üzvlüyünü daim dəstəkləyir və Böyük Britaniya-Azərbaycan əlaqələrinin gücləndirilməsi bunun üçün tərəqqi üçbucağını təmsil edir».
Biznes forumun enerji məsələləri ilə bağlı sessiyasında çıxış edənlər Azərbaycanın bu layihədə mühüm rol oynadığını bildiriblər.

Avropa Komissiyasının (AK) Enerji məsələləri üzrə Baş Müdirliyinin əlaqələndiricisi Brendan Devlin bildirib ki, AK Cənub Dəhlizi layihəsinin daha tez işə düşməsini arzulayır. Onun sözlərinə görə, Azərbaycanla Türkiyə arasında imzalanmış son protokollar bu prosesin inkişafına təkan verəcək: «Belə ki, Azərbaycan hüquqi əsaslarla Xəzər regionunda Cənub Dəhlizinin mühüm qovşağına çevriləcək. Xəzərin dibi ilə çəkilməsi nəzərdə tutulan Trans-Xəzər qaz boru kəməri Türkmənistan və digər ölkələrdən qazın Azərbaycana, daha sonra Avropa Birliyi ölkələrinə ixrac edilməsi üçün əsas vasitə olacaq». B.Devlin bildirib ki, Avropa Birliyi Azərbaycan və Türkiyə ilə əməkdaşlığa hər zaman hazırdır.

BP şirkətinin «Şahdəniz» layihəsinin inkişafı üzrə vitse-prezident El Kuk (Al Cook) isə vurğulayıb ki, «Şahdəniz» layihəsinin ikinci fazasının işlənməsi Cənub Dəhlizinin reallaşmasına əsaslı yol açacaq: «Bu, təxminən 2017-ci ilə təsadüf edəcək və o zamana kimi qazın 80%-i Avropaya ixrac ediləcək. Bu, Azərbaycan üçün böyük imkanlar yaradır. İri həcmli strateji müqavilələr reallaşdırılıb, hazırda qazın İtaliyaya ixrac edilməsi üçün üstünlük verilən xətt Trans-Anadolu boru-kəməridir. Digər boru kəmərləri, o cümlədən «Nabucco» layihəsi nəzərdən keçirilir».

E.Kuk Azərbaycan, Türkiyə və AB arasındakı əməkdaşlığın genişlənəcəyinə və uzunmüddətli olacağına ümid etdiyini bildirib.
Biznes Forumun bütün sessiyaları müzakirələr və diskussiyalar şəraitində keçib.
Bu xəbər oxucular tərəfindən 1270 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed