Şrift:
Azərbaycanlı idmançı: “Tehran və İsfahanda ayağım altına qırmızı xalça sərirlər, ama Təbrizdən getmirəm”
14.06.2017 [11:15] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Təbrizli məşhur atlet (dovəndə) Səccad Haşimi ona dəstək verilmədiyindən şikayətlənərək Azərbaycan və Təbriz naminə çalışdığını bildirib.

Türkiyə yarışmasında yenicə bürünc medal qazanan Səccad Haşimi bu barədə “Təbriz-i mən”in müxbirinə danışıb. “Tehran və İsfahanda ayağım altına qırmızı xalça sərirlər, ama oraya getmirəm. Təbrizdə isə kimsə harada məşq etdiyimi bilmir. Mən Təbriz və Azərbaycan üçün çalışdığım üçün, mənə dəstək verilməlidir. Əslində aldığım zədəyə görə yarışlara qatılmamalı idim, lakin Azərbaycan və Təbriz naminə bunu etdim”- o bildirib.

Azərbaycanlı atlet ona idman fəaliyyətində dəstək verilmədiyindən xüsusi olaraq şikayətlənib: “Çox təfərrüata getmək istəmirəm, ama son bir il müddətində bir rial belə almamışam. Əgər ehtiyat pulum olmasaydı, problemlərlə baş edə bilməzdim. Ümid edirəm ki, yeni Şəhər Şurası idman sahəsinə daha çox diqqət yetirəcək. Əgər doğma şəhərimdə mənə dəstək verilməsə, o zaman xarici klublara üz tutacam. İstəmərəm ki, qazandığım nailiyyət İranda başqa bir şəhərin adına yazılsın”- deyə azərbaycanlı atlet vurğulayıb.

Səccad Haşimi əlavə edib ki, “Rio Olimpiya Oyunları peşəkar atlet karyeramın sonu olacaq, ona görə də uğur qazanmaq üçün var gücümlə çalışacam.”

Qeyd edək ki, İranda bütün sahələrdə olduğu kimi idman sahəsində də Azərbaycana qarşı ayrı-seçkilik siyasəti tətbiq edilir. Bu siyasət təkcə Təbrizin “Traxtur” futbol klubu və Urmiyənin voleybol komandası ilə məhdudlaşmır. Son günlərdə dünyanın 8 min metrdən yüksək olan 14 Himalay dağı zirvəsini fəth edən güney azərbaycanlı dağçı Əzim Qeyçisaz mayın 29-da Tehranın Xomeyni hava limanına endiyi zaman heç bir rəsmi şəxs, o cümlədən Gənclər və İdman Nazirliyinin nümayəndələri tərəfindən qarşılanmadı, onun qarşılanması üçün rəsmi mərasim də təşkil edilməmişdir. İranda azərbaycanlı idmançılara qarşı belə qərəzli və biganə münasibətə dəfələrlə rast gəlinib.
Bu xəbər oxucular tərəfindən 548 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed