Şrift:
Həbib Sasaniyan aclıq aksiyasına başlayıb
14.06.2017 [11:16] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bir ildən çoxdur Təbrizin mərkəzi zindanında qeyri-müəyyən vəziyyətdə saxlanılan azərbaycanlı milli-mədəni fəal Həbib Sasaniyan aclıq aksiyasına başlayıb.

ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) Nazirliyi tərəfindən irəli sürülən ittihamların yalan olduğuna, həmçinin uzun müddətdir qeyri-müəyyən vəziyyətdə saxlandığına etiraz edən milli-mədəni fəal aclıq aksiyasının 3-cü günündədir.

Həbib Sasaniyan artıq 13-cü aydır ki, müvəqqəti olaraq həbsxanada saxlanılır, məhkəmə onun dosyesi ilə bağlı heç bir konkret qərar qəbul etməyib.

Fəal iyunun 12-də Təbrizin mərkəzi zindanından ailəsi ilə telefon əlaqəsi saxlayaraq aclıq aksiyasına başladığını bildirib.

Azərbaycanlı fəal həmçinin qanunsuz saxlandığına etiraz olaraq aprelin 3-də aclıq aksiyasına başlamışdır, o, məsullar tələbinin təmin ediləcəyi ilə bağlı vəd verdikdən sonra aclığa son qoymuşdur.

Mayın 31-də Təbriz məhkəməsinin 3-cü şöbəsində hakim Bairpurun sədrliyi ilə azərbaycanlı fəallardan 5-nin məhkəmə iclası keçirilmişdir. Həbib Sasaniyan ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) İdarəsinin ona qarşı irəli sürdüyü yalan ittihamlar, məhkəmənin müstəqil olmaması və qaldırdığı vəsatətə baxılmamasına etiraz olaraq məhkəməyə müraciət etməkdən imtina etmişdir.

O aprelin 18-də də dosyesinin bəzi sənədlərinin yoxa çıxması səbəbindən məhkəmə iclasına qatılmaqdan imtina etmişdir.

Təbrizin İnqilab Məhkəməsi təhlükəsizlik qüvvələrinin prosesə müdaxiləsi nəticəsində azərbaycanlı fəalın müvəqqəti olaraq azadlığa buraxılmasının qarşısını almaq məqsədi ilə onun barəsində bir milyard tümənlik mülki vəsiqə qərarı çıxarıb, fəalın ailəsi ağır məbləğdə vəsiqəni təmin etmək imkanına malik deyil.

H.Sasaniyan 2016-cı il mayın 15-də daha 5 fəalla birlikdə Ərdəbildə saxlanılıb. Fəalın nədə ittiham olunduğu dəqiq olaraq məlum olmasa da, onun Azərbaycan-Ermənistan münaqişəsi və bu məsələ ilə bağlı maarifləndirmə işləri ilə məşğul olduğuna görə tutulduğu deyilir.

Azərbaycanlı fəal yüksək qan təzyiqi və böyrək xəstəliyindən əziyyət çəkir, onun şəhər xəstəxanasında müalicə olunmasına icazə verilmir.

Həbib Sasaniyan bundan öncə də Azərbaycan türk millətinin milli və demokratik hüquqları uğrunda apardığı dinc mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və müxtəlif təzyiqlərə məruz qalıb.

N.S
Bu xəbər oxucular tərəfindən 663 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed