Şrift:
“Turan sivilizasiyasına giriş: Turan məfkurəsi və Tanrıçılıq” – Haqqında RƏY
14.06.2017 [11:32] - Xəbərlər, DAVAMın yazıları
Bütöv Azərbaycan sevdalısı, Turan Dünyasının layiqli aydınlarından olan AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, Bütöv Azərbaycan Ocaqlarının (BAO) Türk Dünyasıyla əlaqələr üzrə müavini, dos., dr. Faiq Ələkbərlinin “Turan sivilizasiyasına giriş: Turan məfkurəsi və Tanrıçılıq” adlı monoqrafiyasına
R Ə Y
Faiq Ələkbərlinin monoqrafiyasını sona qədər diqqətlə oxudum. Düzünü desəm, hər kitabı, monoqrafiyanı həvəslə oxumaq olmur. Elə əsərlər vardır ki, bir iki səhifə oxuyan kimi onu qatlayırsan. Çünki müəllifin nə demək istədiyi bəlli olmur və “çevir tatı-vur tatı”ndan o yana getmir. Bu cür əsərlər söz yığnağından ibarət olur. Amma elə əsərlər də vardır ki, onlardan ayrıla bilmirsən. Bu cür əsərlər uzun zəhmətin bəhrəsidir. İllərlə aparılan tədqiqatların nəticəsidir. Faiq bəyin ortaya qoyduğu “Turan sivilizasiyasına giriş: Turan məfkurəsi və Tanrıçılıq” monoqrafiyası da bu qəbildəndir. Tədqiqat işi ortaya qoymaq asan məsələ deyildir. Bunun üçün gərgin əmək, çox mütaliə etmək və ən başlıcası isə sanballı məntiq ortaya qoymaq lazımdır. İnsafən deyim ki, Faiq bəyin bu monoqrafiyası dediklərimə tamamilə uyğundur. Düzdü, monoqrafiyada mübahisəli məqamlar da vardır. Bu yöndə polemika açmaq olar. Elmi əsərin gözəlliyi də ondadır ki, oxucuda polemikaya geniş imkan yaradır.

Burada başlıca cəhət ondan ibarətdir ki, Faiq bəy nə istədiyini qabaqcadan ortaya qoyubdur. Bunu əsərin giriş hissəsində oxucuya çılpaqlığı ilə çatdırır.
Akademik Qrekov B.D. yazırdı ki, “Bizim əlimizdə yazılı mənbələr də var, qeyri-yazılı mənbələr də…Lakin hər hansı bir mənbə necəliyindən asılı olmayaraq yalnız o zaman fayda gətirə bilər ki, tədqiqatçı bu materialdan nə umduğunu, nə istədiyini dəqiqi bilmiş olsun”.
Faiq bəy də qabaqcadan qarşısına məqsəd qoyaraq, demək olar ki, məqsədinə çatmışdır. Bu məqsədə çatmaq isə asan deyildir. Çox ağır bir yükün altına girmişdir. Turan məfkurəsinin dərinliyinə enmək, oradan Tanrıçılığa boylanmaq asan gəlməsin. Azərbaycanda Turan məfkurəsinin fəlsəfəsini, Turançılığın fəlsəfəsini kimsə işləməmişdir. Ancaq səthi məlumatlar vardır. Hazırda bu istiqamətdə qardaş Mərkəzi Asiya Türk dövlətlərində, Tatarıstanda tədqiqatlar aparılır. Bundan əvvəllər isə qardaş Türkiyədə bu yöndə tədqiqatlar aparılmışdır. Lakin Azərbaycan mərkəzli Tanrıçılıq barədə kimsə ortaya sanballı əsər qoya bilməmişdir. Faiq bəy bu mənada ilk pionerlərdən biridir. Faiq bəy bu istiqamətdə cəmiyyətə mesaj vermişdir. Tanrıçılıqdan yazmaq üçün nə qədər mənbələr, tədqiqat işlərinə baş vurmalısan. İş bununla bitmir. Onları oxuyandan sonra isə obyektiv məntiq ortaya qoymalısan. Fransız mütəfəkkiri Aleksis Tokvill yazırdı ki, “Tarix sanki bir rəsm qalereyasıdır. Orada az sayda orijinal, çoxlu sayda isə kopyalar vardır”. Faiq bəy də sanki buna əməl etmiş və tədqiq etdiyi mənbələrin, ədəbiyyatların təsiri altına düşməmişdir. Bəllidir ki, Azərbaycanın qədim və orta əsrlər tarixi bizə məlum səbəblərdən ərəb və fars dilində gəlib çatmışdır. XVIII sərdən başlayaraq isə dünya anqlo-saks ekpansiyasına məruz qalmışdır. O zamandan dünya elmi də anqlo-saks planına uyğun olaraq yaradılmış və “Avropamərkəzçilik” adlandırılmışdır. Rusiya tarix və fəlsəfə elmi də bu istiqamətdə inkişaf etmişdir. Qardaş Türkiyədə yazılan əsərlərdə də anqlo-saks təsiri olmuşdur. Bu baxımdan bizim tədqiqatçıların çoxu əsərlər ortaya qoyanda ya ərəb təfəkkürü, ya fars təfəkkürü, ya Avropa təfəkkürü, ya da ki, Rusiya təfəkkürü ilə düşünürlər. Hesab edirik ki, bizim elmimizdə bu istiqamətlər hələ çox-çox illər davam edəcəkdir. Çünki o insanlar bu istiqamətdə tədqiqatlarını aparmış və kitablar yazmışlar. İndi isə yazdıqlarından nəinki imtina edirlər, əksinə müqavimət də göstərirlər. Onların qabağına isə Türk təfəkkürü ilə, xüsusən Azərbaycan mərkəzli təfəkkürlə çıxan tədqiqatçılar vardır. Bunların içərisində Faiq bəyin adı ilk sıralarda gəlir. Bunu onun yazıb ortaya qoyduğu elmi əsrlər sübut edir. Diqqətimi bir neçə gün özünə cəlb edən Faiq bəyin monoqrafiyasında düşünüb ortaya qoyduğu plan ilk baxışdan müəllifin uğurlu bir əsər ortaya qoyacağını göstərirdi. Monoqrafiya beş fəsildən ibarətdir. Birinci fəsil “Turan imperiyası və Tanrıçılıq” adlanır. Bu fəsil iki yarımfəsildən ibarətdir. Birinci yarımfəsil “Əski Turan imperiyaları və Turan xalqlarının mənşəyi”, ikinci yarımfəsil isə “Tanrıçılıq fəlsəfəsi: Qamlıq/Şamanizm, Göy Tanrı” adlanır. Bu fəsildə müəllif Turançılığın tarixini dərindən tədqiq etmiş və Ön Asiya məsələsinə xüsusi diqqət yetirmişdir. Ön Asiyada olan qədim Türk dövlətlərinin tarixini fəlsəfi baxımdan izah edə bilmişdir. Müəllif xüsusilə Qam, Şaman, Göy Tanrı məsələlərinə diqqət yetirmiş və obyektiv nəticələr ortaya qoymuşdur. Faiq bəy mənim də ən çox sevdiyim Türk dünyasının ünlü tarixçilərindən olan İbrahim Qəfəsoğlunun yolunu davam etdirərək Qamlıq, Şamanlıq məsələlərinə Göy Tanrı müstəvisindən yanaşmışdır. Bu mənada qardaş Türkiyədən olan dostum Yaşar Kalafatın tədqiqatları ilə çox yaxınlaşmışdır. Faiq bəy haqlı olaraq Şamanizmi Tanrıçılqdan ayırmışdır. Əslində, göstərmişdir ki, Azərbaycan ərazilərindən Sibirə doğru gedən Göy Tanrı inanclı Türklər oradan yenidən qayıdanda inanclarına moğol ənənələrini də əlavə etmişlər. Haqlı olaraq şaman inancını moğollarla bağlayır. Əslində, şaman sözü ifadəsini Türklərə avropalılar vermişlər. Faiq bəy də bütün bunların kökündə Tanrıçılığın durduğunu ortaya qoyur və qeyd edir ki, Türklər Tək Tanrıçı olmuşlar. Onlar sonradan bütpərəstliyi, iudaizmi, xristianlığı, islamı qəbul etsələr də, Tanrıçılıq sistemindən uzaqlaşmamışlar. Bütün bu problemlərə müəllif monoqrafiyanın ikinci fəsli olan “Mifoloji, tarixi və dini-fəlsəfi yönləriylə Turan-Avropa problemi” fəslində nəzər yetirmişdir. Bu fəsil də iki yarımfəslə bölünür. Birinci yarımfəsil “Qədim Turan əski “Hind-Avropa”ya və “Aryan”lara qarşı”, ikinci yarımfəsil isə “Tanrıçılıq fəlsəfəsi: Mağların təlimi. Zərdüştlük” adlanır. Müəllif bu fəsildə Turan dünyasının baxışlarına qarşı duran “Hind-Avropa” nəzəriyyəsini demək olar ki, darmadağın etmişdir. Xüsusilə Zərdüştlük məsələsində yeni fikirlər ortaya qoymuşdur. Əminik ki, Faiq bəy gələcək tədqiqatlarında bi istiqaməti daha da dərinləşdirəcəkdir. Çünki bu gün bir çox müəlliflər Zərdüştlüyü farsların baxışları kimi verir və “Avesta”nın onların məhsulu olduğunu yazırlar. Amma Herodot yazır ki, farslar bura gələndə onlar mədəniyyətdən uzaq bir xalq idilər. Öz mədəniyyətlərini qonşu xalqların mədəniyyətlərini oğurlamaqla yaratdılar. Onlar Midiyalıların mədəniyyətlərindən bəhrələndilər. Bu cür üsuldan sonralar ermənilər də geniş istifadə etmişlər. Ona görə də farslar “Avesta”nı da dəyişdirmiş və bu günki hala gətirmişlər. Hesab edirik ki, “Avesta” əslində makedoniyalı İskəndər tətəfindən yandırılmamışdır. Yəqin ki, bunu farslar uydurmuş və əsl “Avesta”nı məhv edərək, indikini yazmışlar. İnanırıq ki, Faiq bəy bəy məsələyə də gələcək tədqiqatlarında toxunacaqdır.
Əsərdə maraq doğuram fəsillərdən biri də üçüncü fəsildir. Bu fəsil “Orta çağ və yeni dövrdə Turan-Avropa, Türk-İslam fəlsəfi-ideoloji məsələləri”adlanır. Bu fəsil üç yarımfəsildən ibarətdir. Birinci yarımfəsil “İslam dini meydana çıxdıqdan sonra Turan-Avropa, Turan-İslam məsələləri”, ikinci yarımfəsil “Qızılbaş Səfəvilər dövləti: Türk şiəliyi (Tanrıçılıq) və Fars şiəliyi (Zərdüştlük)”. Üçüncü yarımfəsil isə “Əfşarlar imperiyası: məzhəbçilikdən ümmətçiliyə (İslam birliyi), yoxsa türkçülüyə (Turana) dönuş” adlanır. Bu fəsildə Faiq bəy İslam dininin Türk dünyasına gəlişi və Tanrıçılıqla İslamın sintezi məsələlərinə toxunmuş və məntiqi nəticələr ortaya qoymuşdur. Bu mənada bu haqda yazan bütün tədqiqatçılardan fərqlənmişdir. O, haqlı olaraq Türk şiəliyi (Tanrıçılıq) ifadəsini elm aləminə gətirmiş və Türk şiəliyi ilə Fars şiəliyini ayıra bilmişdir. Bu cür yanaşma ilə uzun illər bizim və Türkiyə tədqiqatçılarının təsir altına düşdüyü Əli Şəriəti nəzəriyyəsini darmadağın etmiş, Qızılbaşlığa Tanrıçılıq müstəvisindən yanaşmış və dünya şöhrətli türkoloq İren Melikoffun, Ahmet Yaşar Ocakın ortaya qoyduqları xətti inkişaf etdirərək, bu məsələyə Türk şiəliyi müstəvisindən yanaşmışdır. Lakin sonradan Türk şiəliyini Fars şiəliyi əvəz etmişdir. Bu mənada Şah İsmayıl dövrünə obyektiv qiymət vermişdir. Faiq bəy Nadir şah Əfşar dönəmində olan dini münasibətlərə də xüsusi olaraq yanaşmış, onu islahatçı bir Türk fatehi kimi vermişdir. Onun bu islahatları Osmanlı sultanı tərəfindən qəbul edilsəydi, Turan yaradılacaqdı. Təəssüf ki, onun dini islahatı Osmanlı sultanı tərəfindən qəbul edilmədi. Faiq bəy bütün bunlara aydınlıq gətirmişdir.
Monoqrafiyanın dördüncü fəsli “XIX əsr-XX əsrin əvvəlində Qərb/Avropa və İslamlıq ideyaları zəminində Turan məfkurəsi və Tanrıçılıq fəlsəfəsi” adlanır. Bu fəsil də dörd yarımfəsildən ibarətdir. Birinci yarımfəsil “Sonuncu Türk imperiyası Qacarlar dövləti Turanla İran arasında”, ikinci yarımfəsil “Qacarlarda Turançı və İrançı milli-dini ideoloji hərəkatlar”, üçüncü yarımfəsil “Türk aydınlarının düşüncəsində Turançılıq və İrançılıq”, dördüncü yarımfəsil “Osmanlıyla Qacarların tənəzzülü dövründə Türk-İslam məfkurəsi və Qərb ideyaları” adlanır. Bu fəsil ən maraqlı fəsillərdən biridir. Həm də tədqiqatçıdan gərgin zəhmət tələb edir. Faiq bəy bunun öhdəsindən uğurla gəlmişdir. Hiss olunur ki, bu insanda millət sevgisi həddən artıq yüksəkdir. Bu özünü Qacarlara münasibətdə aydın göstərir. Faiq bəy bu fəsildə İran tarixçilərinə tutarlı cavablar vermişdir. Qacarlar dövründə hərəkatlar tarixini diqqətlə araşdıran müəllif Qərb aləminin Türk aləminə elmi müdaxiləsinə də toxunmuşdur. Türk aydınların Turançılıq və İarançılıq düşüncəsini tədqiq edən müəllif onların yanlışlıqlarını da ortaya qoumuşdur.
Beşinci fəsil “Türk Dünyası (Turan) və Avropa/Qərb münasibətlərinin yeni mərhələsi (1920-ci illər-XXI əsrin əvvəlləri)” adlanır. Bu fəsil də üç yarımfəsildən ibarətdir. Birinci yarımfəsil “Türk imperiyalarının süqutundan sonra Qərb ideyalarının Türkçülük düşüncəsinə təsiri”, ikinci fəsil “İdeal” Qərb sivilizasiyası dövründə Türk Dünyasında Türkçülük/Turançılıq və İslamçılıq məsələləri”, üçüncü yarımfəsil isə “Azərbaycan türklərinin Sovetlər Birliyi, Pəhləvilər və Molla-Fars rejiminə qarşı Turançılıq mücadiləsi” adlanır. Birmənalı şəkildə vurğulamaq olar ki, bu fəsil Faiq bəyin gəldiyi son nəticəni özündə əks etdirir. Artıq bu fəsildə nə istədiyini ortaya qoyur və vəziyyətdən çıxış yolunu göstərir. Türk imperiyalarını sıradan çıxaran Qərb aləmi özünəməxsus Türkçülüyü Türk aləminə sırımağa başladı. Faiq bəy bunları ciddi tənqid edir. “İdeal” Qərb sivilizasiyasının üç üzünü ortaya qoyur. Bu sivilizasiya dünyada yalnız dağıdıcılıqla, yerli kültürləri əritməklə, xalqları bir-birinə qoymaqla məşğuldur. Faiq bəy bu mənada onlara qarşı özünün ciddi arqumentlərini qoyur. Azərbaycan türklərinin Sovetlər Birliyi, Pəhləvilər və Molla-Fars rejimi zamanında mücadiləsinə toxunan Faiq bəy bu mübarizənin nəticələrini də sadalayır və sonu qələbəyə aparan, Azərbaycan bütövlüyünə gedən yolu göstərir. Faiq bəy bu məsələdə Azərbaycanın Güney və Quzey mücadiləsini birləşdirib vahid bir mübarizə sistemindən söhbət açır. Əslində göstərir ki, aramızda tikanlı məftillər olmasına baxmayaraq, bizim həmişə məfkurə birliyimiz olmuşdur. Nəticədə Faiq bəy tam əminliklə Azərbaycanın bütövləşəcəyinə, bunun da Turan Birliyi ilə nəticələnəcəyinə inandığını ortaya qoyur. Sonluğu belə bir cümlə ilə bitirir: “Əgər iki Azərbaycan bir olarsa, o zaman dünya tarixində Səfəvilərə, Əfşarlara, Qacarlara olan münasibət də, bügünki mifik “İran”a və gerçək Turana olan baxışlarda tamamilə dəyişəcəkdir!!!”. Necə də həqiqəti əks etdirən bir sonluqdur.
Sonda bildirək ki, Faiq bəyin bu monoqrafiyası Tarixə fəlsəfi bir baxış olmaqla tariximizin fəlsəfi baxımdan dərk olunmasıdır. Faiq bəy aydınlarımıza məsləhət görür ki, tarixi münasibətlərə ərəb qafası, fars qafası, Avropa qafası, Rusiya qafası ilə deyil, Türk qafası ilə yanaşmaq lazımdır! Bu mənada bu əsəri Tarix fəlsəfəsi adlandırmaq olar.

Dilavər Əzimli,
AMEA A.A.Bakıxanov adına
Tarix İnstitutunun aparıcı elmi işçisi, t.ü.f.d., dosent
Bu xəbər oxucular tərəfindən 997 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed