Şrift:
Uzun və sağlam həyatın əsas sirri - az yemək
17.06.2017 [11:47] - Sağlıq
Artıq çəki demək həm sağlamlıq, həm də görkəm baxımında problem deməkdir. Hazırda yay fəsli olduğundan əksər insanlar sağlam və gözəl görünmək üçün artıq çəkidən xilas olmağın yollarını axtarır.

Onların əksəriyyəti dietoloq yanına getmədən, müxtəlif internet səhifələrindən və yaxud yaxınlarından eşitdikləri pəhriz proqramları ilə arıqlamağa çalışırlar. Bir çox hallarda bu cür pəhrizlərin heç bir nəticəsi olmur, əksinə, bəzən də insan sağlamlığında ciddi problemlərə yol açır.

Son zamanlarda isə dünya alimləri belə qənaətə gəliblər ki, əslində pəhriz saxlamaqla deyil, daha az yemək lazımdır. Ümumiyyətlə, çox yeməyə can atmaq doğru deyil. Çox yeyərək qazandığımız çox qida orqanizm üçün lüzumsuz və səmərəsiz əlavə yükdür. Artıq qidalar isə onikibarmaq bağırsaqda çürüyərək zəhərli maddələrə parçalanır və bu da insanın sağlam, gümrah yaşamasına əngəl olur.

Gün ərzində hansı vaxtda yeməkdən imtina edilməsi haqda isə müxtəlif iddialar var. Bəziləri axşam yeyilən yeməyin orqanizm üçün təhlükəli olduğunu, artıq çəki yaratdığını, bəziləri günorta yeyilən yeməyin bu cür fəsadlara yol açdığını, digərləri isə yalnız səhər yeməyini ixtisara salmaqla gün ərzində iki dəfə qidalanmağı məsləhət görürlər. İddiaya görə, səhər qida qəbul etmək orqanizm üçün əlverişli deyil, səhər saatlarında axşamdan yeyilən qidaların həzmi davam edir. Günün ilk yarısında orqanizm özünü təmizləyir, buna görə də yoğun bağırsaq axşam qəbul olunmuş qidanı həzm etməyə təzə başladığı vaxt yeni qidanın qəbulu doğru deyil.

Bir sözlə, orqanizmə vaxtaşırı istirahət vermək lazımdır. Çünki bağırsağın divarları özündə 3 kiloqramdan 25 kiloqramadək şlak toplayıb saxlayır. Mümkün qədər orqanizmi zəhərləyən ət, yağ, yumurta, göbələk, çörək və paxlalı bitkiləri qidadan çıxartmaq, əvəzində isə tərəvəzlərdən istifadə etmək lazımdır.

Dietoloq Leyla Zülfüqarova mövzu ilə bağlı deyib ki, az yemək qaydalarını düzgün yerinə yetirmək lazımdır: "Sual olunur ki, "pəhriz, yoxsa az yemək?" Əslində pəhriz yeməyi sözünü hərfi mənada anlasaq bunun özü həyat tərzi deməkdir. Yəni insan yemək yeməlidir, amma diqqət etməlidir ki, nəyi və necə? Bu zaman dietologiyanın ən vacib hissələrindən olan orta dərəcə prinsipinə əsaslanmalıyıq. Buna əsasən yemək porsiyalarını orta dərəcədə qəbul etmək lazımdır. Bu nə çox, nə də heç yeməmək deyil. Bu səbəbdən pəhriz və az yemək sözü eyni anlayışdır. Ona görə də az yemək sözü bizə həm paradoks kimi görünə bilər, həm də düzgündür. Yəni dietologiya dozalı yemək deməkdir. Hər bir yeməyin, hətta sudan istifadənin belə dozası var. Yəni suyun dozasını da aşan zaman, yəni orta dərəcəni keçən zaman orqanizmdə problemlər yarana bilər.

Beləliklə, biz qidalanmalıyıq, amma çox yeməməli, orta səviyyəyə diqqət etməliyik. Hər günümüzü pəhrizli etməliyik. Pəhrizli olmaq sovet dönəmindən qalmış dieta anlayışı deyil. Pəhriz sağlam rasional qidalanmaq deməkdir. Yəni insan orqanizminə ehtiyac duyduğu bütün düzgün maddələri qəbul etməlidir".

Dietoloq gün ərzində insan orqanizmi üçün gərəkli olan düzgün qidalanma ilə bağlı məsləhətlərini də bildirib:

"Ümumiyyətlə, həmişə bildirirəm ki, qidalanmaq baxımından ölkə olaraq çox ciddi səhvlərimiz var. Yəni hər ölkənin, xalqın özünəməxsus bəslənməsi olmalıdır. Hər bir ölkədə kökəlmə müxtəlif səbəblərdən olur. Məsələn, bizdə hələ də qidalanma ilə bağlı çox ciddi səhvlər davam etdirilir, illərlə yaşadılır. Artıq bunlara bir "stop" demək lazımdır. Biz bu səhvləri gündəlik davam edərək yenə də möcüzə axtarırıq. Düşünürük ki, bu səhvi edərək hansısa möcüzəli formula tapacağıq və arıqlayacağıq. Amma ciddi səhv burasındadır ki, heç bir möcüzəli qida yoxdur. Sadəcə, qidaların bir-biriləri ilə əlaqəsi var.

Biz hələ də şirin çaydan istifadə edən xalqıq. Bu dəhşətdir. Sanki səhər yeməyimizdə süfrəyə alternativ heç bir şey tapmayıb mütləq şirin çay, çörək, pendir, yaxşı halda hətta kərə yağı da qoyuruq. Bu, şablondur və qidalanmada ən ciddi səhvdir. Biz hələ də yağı yandıraraq qida bişiririk. Bir çoxları hətta düşünür ki, yeməkləri kərə yağında bişirməklə doğru edir. Hətta kərə yağından istifadə edilsə belə, yağ yanmamalıdır, sonradan yeməyə əlavə edilməlidir. Bizlərdə belə bir adət də var, kərə yağını əridib, balonlara yığırıq, daha sonra istifadə edirik. Yağı yandıraraq yeməkdə istifadə etmək çox ciddi səhvdir".
Bu xəbər oxucular tərəfindən 126 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed