Şrift:
Həbib Sasaniyanın azadlığa buraxılması üçün “Twitter Fırtınası” keçirildi
19.06.2017 [10:38] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İyunun 16-da, Təbrizin mərkəzi zindanında uzun müddətdir qeyri-müəyyən vəziyyətdə saxlanılan azərbaycanlı milli-mədəni fəal Həbib Sasaniyanın azadlığa buraxılması üçün “Twitter Fırtınası” keçirilib.

Təbriz vaxtı ilə gecə saat 22:00-dan başlayan kampaniya saat 6:00-dək davam edib. İnsan haqları müdafiəçiləri, Twitter sosial şəbəkə istifadəçilərini Həbib Sasaniyanın vəziyyəti və İranda insan haqlarının durumu ilə tanış ediblər.

Fəallar “Twitter Fırtınası” üçün Hashtagından istifadə ediblər. Təbriz vaxtı ilə gecə saat 00:30-dək 400 sosial şəbəkə istifadəçisi tərəfindən Həbib Sasaniyanın azadlığını tələb edən 3000-dən çox twit paylaşılıb.
İnsan haqları müdafiəçiləri və Twitter sosial şəbəkə istifadəçiləri bildirir ki, onlar “Twitter Fırtınası” vasitəsi ilə azərbaycanlı fəal Həbib Sasaniyanın səsini dünya ictimaiyyətinə çatdırmaq istəyirlər.

“Twitter Fırtınası”na Türkiyə və Şimalı Azərbaycandan da çox sayda insan haqları müdafiəçisi qoşulub.

“Twitter Fırtınası”, Twitter sosial şəbəkəsində ortaq bir kampaniyadır. Sosial şəbəkə fəalları digər istifadəçilərin diqqətini hər hansı mövzuya cəlb etmək üçün ortaq hashtagda twitlər paylaşırlar.

Həbib Sasaniyan qeyri-müəyyən vəziyyətdə saxlanılmasına etiraz olaraq bir neçə gün öncədən aclıq aksiyasına başlayıb. O 14-cü aydır ki, Təbrizin mərkəzi zindanında saxlanılır, məhkəmə onun dosyesi ilə bağlı heç bir konkret qərar qəbul etməyib.

Təbrizin İnqilab Məhkəməsi təhlükəsizlik qüvvələrinin prosesə müdaxiləsi nəticəsində azərbaycanlı fəalın müvəqqəti olaraq azadlığa buraxılmasının qarşısını almaq məqsədi ilə onun barəsində bir milyard tümənlik mülki vəsiqə qərarı çıxarıb, fəalın ailəsi ağır məbləğdə vəsiqəni təmin etmək imkanına malik deyil.

H.Sasaniyan 2016-cı il mayın 15-də daha 5 fəalla birlikdə Ərdəbildə saxlanılıb. Fəallar “qanunsuz qrup yaratmaq” ittihamı ilə mühakimə olunur, lakin onlar irəli sürülən ittihamı qətiyyətlə rədd edir. H.Sasaniyan saxlandığı gündən bəri müvəqqəti olaraq həbsxanada saxlanılır.

Azərbaycanlı fəal yüksək qan təzyiqi və böyrək xəstəliyindən əziyyət çəkir, onun şəhər xəstəxanasında müalicə olunmasına icazə verilmir.

Həbib Sasaniyan bundan öncə də Azərbaycan türk millətinin milli və demokratik hüquqları uğrunda apardığı dinc mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və müxtəlif təzyiqlərə məruz qalıb.
Bu xəbər oxucular tərəfindən 22 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed