Şrift:
Ərdəbildə iki Teleqram kanalının adminləri saxlanılıb
19.06.2017 [10:38] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanın Ərdəbil şəhərində iki nəfər Teleqram sosial şəbəkəsi istifadəçisi təhlükəsizlik qüvvələri tərəfindən saxalınıb.

İslam İnqilabı Keşikçilər Korpusunun (“Sepah”) Təhlükəsizlik Bölümünün əməkdaşları tərəfindən saxlanılan şəxslərin kimliyi barədə heç bir məlumat verilməyib.

Ərdəbil prokuroru Nasir Ətəbati “Təsnim” xəbər agentliyinə Teleqram kanalı adminlərinin saxlanma səbəbini açıqlayıb.

“Onlar sistemin əsas dəyərləri, xüsusi ilə Konstitusiyaya Nəzarət Şurası, “Sepah” və məhkəmə sisteminə qarşı təxribat və qarayaxma ilə məşğul olduqları üçün yaxalanıblar. Kanal adminləri prokurorun göstərişi ilə “Sepah” əməkdaşları tərəfindən tutulub, onlar hazırda təcridxanada müvəqqəti olaraq saxlanılır”- deyə o bildirib.

Ərdəbil prokurorunun sözlərinə görə, kanal adminləri saxlandıqdan sonra onların şəxsi əşyaları, o cümlədən kompüterləri yoxlanılıb, məhz bundan sonra onların nədə ittiham olunduğu məlum olub.

N.Ətəbati əlavə edib ki, saxlanılan şəxslərin dosyesi hələlik təkmilləşməyib, bu barədə istintaq aparıldıqdan sonra onlara qarşı məhkəmə hökmü çıxarılacaq.

İranda prezident seçkilərindən sonra sosial şəbəkə istifadəçilərinə qarşı təzyiqlər artıb. Teleqram şəbəkəsi dünyada az istifadə olunan şəbəkələr sırasında olmasına baxmayaraq İranda ən çox istifadə olunan sosial şəbəkədir.

İran rejimi internet və sosial şəbəkə istifadəçilərini özünə düşmən hesab etdiyi üçün onlara qarşı müxtəlif yollarla təzyiq göstərir, bir çoxlarını məhkəmə qarşısına çıxarır.
Bu xəbər oxucular tərəfindən 616 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed