Şrift:
Xanım Jalə Təbrizi qadın haqları mövzusunda BMT İnsan Haqları Şurasının 35-ci İclasında çıxış edib
19.06.2017 [10:40] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney azərbaycanlı İnsan haqları müdafiəçisi xanım Jalə Təbrizi Cenevrədə BMT (Birləşmiş Millətlər Təşkilatı) İnsan Haqları Şurasının 35-ci iclasında İranda qadın haqları mövzusunda geniş çıxış edib.

Azərbaycanlı insan haqları müdafiəçisi “İranda qadınlara qarşı zorakılıq” mövzusunda etdiyi çıxışda, ölkənin yarıdan çoxunu təşkil edən qadınların hüquqlarının pozulması və onlara qarşı müxtəlif zorakılıqlardan geniş bəhs edib.

“İranda qadınlar bir çox məhdudiyyətlərlə üz-üzədir. Onlar iş yerində və peşə fəaliyətlərində ayrı-seçkiliyə məruz qalır, hətta xarici pasport almaq üçün onlardan həyat yoldaşının rəsmi icazəsi tələb olunur. Təmin-i İctimai İdarəsi bir rəsmi orqan kimi, çalışan qadınlara bərabər hüquq tanımaq üçün onlardan həyat yoldaşlarının işsiz olduğunu sübut etməyi tələb edir. Təxminən son 40 il müddətində qadınlar universitet məzunlarının yarısını təşkil edir. Lakin rəsmi rəqəmlərə görə 2016-ci ilin mart ayından 2017-ci ilin mart ayınadək kişilər 64.1 faiz, qadınlar isə yalnız 14.9 faiz ölkənin iş qüvvəsini təşkil edir. İran rəsmilərinin açıqlamalarına görə, ana olduqdan sonra məzuniyyətə çıxan qadınlardan 48000 nəfəri iş yerini itirib və yenidən işə qayıda bilməyib.

Human Rights Watch təşkilatı İrandan ayrı-seçkiliyin aradan qalxmasına dair təcili olarq yeni qanunlar təsdiq etməsini tələb edib, lakin bu mümkün olmayıb. Ümumiyyətlə İran İslam Cümhuriyyətinin qanunları şəriət əsasında yazıldığı üçün onları beynəlxalq qanunlara uyğunlaşdırmaq əməldə qeyri-mümkündür.

İranda dini azlıqlar və qeyri-fars etniklərə mənsub qadınlar qat-qat çox ayrı-seçkiliyə məruz qalır. Bunu İslam Cümhuriyyəti çox yaxşı bilir, məhz bu səbəbdən UNESCO-nun 2030 sənədinə qarşı çıxır. Ona görə ki, davamlı inkişaf sənədinin qəbul olunması nəticəsində hüuqları pozulan qadınların müəyyən haqları təmin oluna bilər. Bir bəluç, lor, kürd, ərəb, türk, türkmən və s. etniklərinə mənsub qadın yerləşdiyi coğrafiyaya görə heç bir şəkildə inkişaf edə bilmir. Onların yarıdan çoxu öz hüquqlarını öyrənməkdən məhrumdur. Ana dillərində radio və televiziya kanalları yoxdur, onlar heç bir vasitə ilə maarifləndirilmir. Adi işçi qadınların əksəriyyətinin təhsili aşağı səviyyədədir. Onlara öz hüquqları ilə bağlı ana dillərində heç nə çatdırılmır. Mərkəzdən uzaq bölgələrdə yaşayan qadınlar daha çox yoxsuldular. Məcburiyyət qarşısında mərkəzi şəhərlərə mühacirət edən qeyri-fars qadınlar isə daha ağır yoxsulluq şəraitində yaşayırlar”- deyə o çıxışının bir hissəsində qeyd edib.

Çıxışının davamında konkret olaraq qadınlara qarşı zorakılıqdan bəhs edən Jalə Təbrizi, İranda qadınların evdən başqa, cəmiyyətdə də müxtəlif formalarda zorakılığa məruz qaldığını bildirib. Qadınlara qarşı zorakılığın tarixi, mədəni, dini, iqtisadi və s. kimi səbəblərinin olduğunu deyən insan haqları müdafiəçisi, qadınların İranda psixoloji, fiziki, hüquqi, cinsi, iqtisadi və s. sahələrdə hüquqlarının pozulduğunu və zorakılığa məruz qaldığını qeyd edib. Şərqi Azərbaycan, Qərbi Azərbaycan və Ərdəbil əyalətlərində qadınlara qarşı zorakılıqla bağlı araşdırma apardığını deyən Jalə Təbrizi, hökumətin rəsmi orqanları və statistik məlumatlara istinad edərək qadınların müxtəlif sahələrdə hüquqlarının pozulduğu barədə geniş məlumat verib.

FacebookTwitterGoogle+LinkedInEmailPrintFriendlyShare
Bu xəbər oxucular tərəfindən 517 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed