Şrift:
Siyamək Mirzayinin azadlığa buraxılması tələbi ilə Ərdəbil divarlarına onun şablon şəkilləri həkk edilib
19.06.2017 [10:41] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Milli zəmində apardığı dinc fəaliyyətinə görə 11 aydır Tehranın Evin zindanında saxlanılan tanınmış azərbaycanlı fəal Siyamək Mirzayinin azadlığa buraxılması tələbi ilə Ərdəbil şəhərinin divarlarına onun şablon şəkilləri həkk edilib, ingilis dilində şüar yazılıb.

Güney Azərbaycan mənbələrinin yaydığı məlumata əsasən, İranın məhkəmə və təhlükəsizlik orqanlarının ağır fiziki və psixi təzyiqi altında saxlanılan Siyamək Mirzayiyə qarşı repressiya siyasətinin gücləndirilməsinə etiraz əlaməti olaraq ərdəbilli fəallar divarlara onun şablon şəkillərini həkk edərək azadlığa buraxılmasını tələb ediblər. Ərdəbilli fəalların ingilis dilində şəhər divarlarına yazdığı “Free Siamak Mirzaei” (Siyamək Mirzayiyə azadlıq) şüarında dinc fəalın dərhal azadlığa buraxılması tələb edilir.

“ETTELAAT” əməkdaşları, 36 yaşlı Siyamək Mirzayini, 2016-cı il, iyulun 14-ü axşam saatlarında Ərdəbilə yaxın Parsabad şəhərində şəxsi ərzaq mağazasında tutublar. O, əvvəlcə ETTELAAT-ın yerli idarəsinə aparılsa da, sonradan Tehranın Evin zindanına köçürülüb. O, hazırda həmin həbsxananın 8-ci korpusunda saxlanılır.

Tehran inqilab məhkəməsi, Siyamək Mirzayini ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaqda və qanunsuz qurum yaratmaqda günahlandıraraq 10 il həbsə və 2 il Cənubi Xorasan əyalətinin Təbəs şəhərinə sürgünə məhkum edib.

Bundan əvvəl fəalın Apellyasiya Məhkəməsinin mayın 17-də keçiriləcəyi bildirilsə də, həmin gün, onun işi (dosyesi) məhkəməyə təqdim edilmədiyinə və digər naməlum səbəblərə görə məhkəmə iclası yenidən təxirə salınıb. Məhkəmənin dəqiq vaxtı barədə məlumat verilməyib.

Azərbaycanlı fəal bir neçə gün əvvəl Evin zindanının 8-ci korpusunun rəhbərliyinə açıq məktub yazaraq qeyri-müəyyən durumda saxlanılmasına etiraz olaraq aclığa başlayacağı barədə xəbərdarlıq edib.

O bildirib ki, əgər Apellyasiya Məhkəməsinə təqdim ediləcək dosyesində olan çatışmazlıqlar aradan qaldırılmasa və onun müvəqqəti azadlığa buraxılması üçün təyin edilən mülki vəsiqə girovu məbləğinin azaldılması üçün güzəştə gedilməsə, o, qeyri-müəyyən vəziyyətinin davam etdirilməsinə etiraz əlaməti olaraq iyunun 17-dən başlayaraq aclıq aksiyasına başlayacaq: “Aclıq aksiyası dövründə mənə yetiriləcək hər hansı bir fiziki və psixi zərər-ziyanın məsuliyyəti isə, ETTELAAT Nazirliyi əməkdaşlarının, Məhkəmə Sistemi orqanlarında çalışan şəxslərin, Tehran və Muğan Parsabadının şəhər məhkəmə prokurorlarının, eləcə də müstəntiq Rəcəbi və hakim Həsəninin üzərinə düşəcək”.
Siyamək Mirzayinin azadlığa buraxılması tələbi ilə Ərdəbil divarlarına onun şablon şəkilləri həkk edilib
Bu xəbər oxucular tərəfindən 103 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed