Şrift:
Ermənistanla müqayisədə “Zaman” Azərbaycanın lehinə işləyir
19.06.2017 [10:49] - DAVAMın yazıları
SİVİLİZASİYALARIN VƏ GEOSİYASİ MARAQLARIN TOQQUŞMASI KONTEKSTİNDƏ ERMƏNİSTAN-AZƏRBAYCAN MÜNAQİŞƏSİ
Son dövrlərdə elmi dairələrdə daha çox müzakirə olunan məsələ dünyada baş verən bir çox münaqişə və qarşıdurmaların başlıca səbəbinin sivilizasiyaların toqquşması ilə əlaqələndirilməsidir. Bu düşüncənin qeyri-real olduğunu iddia edənlər də ola bilər və şübhə yoxdur ki, mövcuddur. Lakin tarixi faktlar və analitik təhlillər Qərb sivilizasiyası ilə Türk sivilizasiyası arasında keçmişdən bəri davam edən toqquşmanın varlığını, “erməni məsələsi”nin də bu toqquşmanın törəməsi kimi ortaya çıxdığını, Ermənistan-Azərbaycan münaqişəsinin, bu münaqişədə Qərb dövlətlərinin mövqeyini və ikili standartlar siyasətindən çıxış etmələrini hər iki sivilizasiya arasındakı toqquşmadan qaynaqlandığını sübut edir. Tarixi proseslərin təhlilinə əsaslanaraq milli, dini, psixoloji baxımdan Qərb sivilizasiyası ilə Türk-İslam sivilizasiyası arasındakı münasibətlərin hansı səviyyədə olduğunu müəyyənləşdirmək mümkündür:
Türk-Hunların Qərbi Roma İmperiyasının süqutuna zəmin hazırlamaları;
Osmanlıların (Fateh Sultan Məhəmmədin) 1453-cü ildə Şərqi Roma İmperiyasının (Bizansın) varlığına son vermələri və İstanbulu fəth etmələri;
Türklərin Qərbə qarşı, Qərbi Roma İmperiyasının süqutundan 1699-cu il Karlovitsa anlaşmasınadək tam 1300 il qəti üstünlük qurmaları;
Avropalıların xristianlıq uğrunda təşkil etdikləri bütün səlib yürüşlərinə də türklərin sinə gərmələri, onları ağır məğlubiyyətə uğratmaları və səlibçilərin 200 ilə yaxın davam edən hegemonluğuna son vermələri.
Məhz bu səbəblərdən hələ Orta Əsrlər dövründə avropalı hökm­darların, ümumiyyətlə, bütün Avropanın nəzərində “Tan­rının qırmancı” (Scorge of God) kimi qəbul edilən türklər Qə­r­bin şüuraltında insan kimi deyil, vəhşi varlıqlar, hər cür qəd­darlığı və amansızlığı törədə biləcək məxluqlar olaraq tanınırdılar. Yaddaşlarda kök salmış bu cür mifik düşüncələr və zehniyyət, eyni zamanda keçmiş keçmişdəki hadisələr Qərbdə türklərə qarşı qorxu və nifrət psixologiyası yaratmışdır. Nəticədə Qərb bu qorxunu “erməni” amili ilə aradan qaldırmağa çalışmışdır. Göründüyü kimi, Qərbdə türklərə qarşı nifrət hissinin güclənməsində keçmişdən miras qalan milli, dini və psixoloji amillər əsas rol oynayır. Heç təsadüfi deyildir ki, erməni məsələsi də Qərb-Türk sivilizasiyalarının toqquşmasının törəməsi kimi ortaya çıxmışdır. Hər iki sivilizasiya arasında keçmişdən günümüzə qədər davam edən toqquşma bilavasitə Ermənistan-Azərbaycan münaqişəsinə də təsir göstərmiş, nəticə­də Türk-İslam sivilizasiyasının daşıyıcılarından biri kimi Azərbaycan bundan ciddi yaralar almışdır.
Amerikanın məşhur strateqlərindən olan Prof. Dr. Samuel Hantinqtonun “Sivilizasiyaların toqquşması və dünya nizamının yenidən qurulması” adlı kitabı nəşr edildikdən sonra müəllifin “ortaya çıxmaqda olan qlobal siyasətin başlıca və ən təhlükəli miqyasının fərqli sivilizasiyaların daşıyıcıları arasındakı münaqişələr olacağı” ilə bağlı düşüncəsindən sonra insanlar son dərəcə təəccüblənmiş və qorxmuşlar. Hantinqtonun fikirləri olduqca fərqli bir şəkildə qəbul olunmaqda və analitiklər tərəfindən həddən artıq tənqid edilməkdədir. “Sivilizasiyaların toqquşması” ifadəsinin insanları qorxutduğu inkaredilməz bir həqiqətdir. Lakin Hantinqtonun bu iddiası fikrimizcə, o qədər də yanlış deyil. Təbii ki, bu bizim subyektiv fikrimizdir. Bu gün qlobal siyasətdə başlıca yeri sivilizasiyalararası münasibətlər tutur. Digər sivilizasiyalar bir tərəfə, Qərb sivilizasiyası ilə Türk-İslam sivilizasiyaları arasında qarşıdurmanın cərəyan etdiyi bir reallıqdır.
Fərqli sivilizasiyaların daşıyıcıları arasındakı münasibətlərin heç vaxt yaxın olmayacağını, ümumiyyətlə, soyuq və düşmən olaraq qalacağını qeyd edən Hantinqton sivilizasiyalararası münaqişəni 1) lokal və ya mikro səviyyə, 2) qlobal və ya makro səviyyə olmaqla iki fərqli formada izah edərək göstərir ki, lokal və ya mikro səviyyədə olan münaqişələr fərqli sivilizasiyalara mənsub olan qonşu dövlətlər və həmçinin bir dövlətin içində fərqli sivilizasiyaların daşıyıcıları arasında baş verir ki, belə münaqişələr xüsusilə müsəlmanlar və qeyri-müsəlmanlar arasında yayğındır. Qlobal və ya makro səviyyədə olan münaqişələr isə fərqli sivilizasiyaların böyük dövlətləri arasında baş verir.
Fərqli sivilizasiyaların böyük dövlətləri arasında baş verən, yəni qlobal və ya makro səviyyəli münaqişələrin öz növbəsində fərqli sivilizasiyaların daşıyıcıları olan qonşu dövlətlər arasında yaranan, yəni lokal və ya mikro səviyyəli münaqişələr üzərində təsiri isə inkaredilməzdir. Bu amil öz növbəsində Ermənistan-Azərbaycan münaqişəsinə də ciddi şəkildə təsir etmişdir.
Səmuel Hantinqton digər bir yerdə də göstərir ki, İslam İslam olaraq, Qərb də Qərb (xristian – E.Ş.) olaraq qaldığı müddət içərisində iki böyük sivilizasiya arasındakı qarşıdurma ötən 14 əsrdə olduğu kimi, gələcəkdə də davam edəcəkdir. Müəllif ortaya atdığı bu iddia ilə sanki hər iki sivilizasiya arasında toqquşmanın davam edəcəyi müddət içərisində fərqli sivilizasiyaların mənsubu olan Ermənistan ilə Azərbaycan arasında problemin bitməyəcəyi və prosesin uzanacağının işarələrini vermişdir.
Samuel Hantinqtonun sivilizasiyaların təsnifatına dair mülahizələrindən aydın olur ki, o, ümumiyyətlə, əsas faktor kimi din amilinə üstünlük verir. Doğrudur, dinləri sivilizasiyaların məhsulu kimi qəbul etmək olar və sivilizasiyalararası münasibətlərdə başlıca rol oynadığı danılmaz həqiqətdir. Lakin sivilizasiyaların əsasında dayanan faktorlar arasında milli amilin yeri xüsusilə qeyd edilməlidir. Qərb-Türk sivilizasiyaları arasındakı münasibətlərdə məhz milli və dini amillər əsas rol oynayır. Bu prizmadan məsələyə yanaşılsa, aydın görünər ki, Qərb dövlətlərinin istər qlobal səviyyədə diqqət çəkən erməni məsələsində, istərsə də Ermənistan-Azərbaycan münaqişəsində tutduğu ikili mövqe məhz Qərb-Türk sivilizasiyaları arasındakı toqquşmadan qaynaqlanır. Düzdür, keçmişdən miras qalan milli düşmənçilik hissləri Azərbaycandan daha çox Türkiyəyə şamil olunur. Lakin ortada qlobal erməni məsələsi olunca, bu amil dolayı olaraq öz növbəsində Azərbaycana da təsir edir. Bir tərəfdən Azərbaycan həm Türk və İslam dünyasının bir parçasıdır, digər bir ifadə ilə Türk-İslam sivilizasiyasının daşıyıcılarından biridir, digər tərəfdən də müharibə Qərbin maraqlarına cavab verən Ermənistanla aparılmaqdadır. Məhz bu baxımdan Ermənistan-Azərbaycan münaqişəsində əsas diqqət və dəstək Ermənistana verilməkdədir. Azərbaycanın cəlb olunduğu münaqişə lokal Ermənistan-Azərbaycan münaqişəsi çərçivəsində deyil, qlobal erməni məsələsi çərçivəsində diqqəti cəlb edir. Burada Ermənistan Qərb dövlətlərinin maraqlarının icraçısı, Azərbaycan isə əsas məqsəd, yəni onların maraqlarının gerçəkləşməsi yolunda kiçik maneədir. Əgər münaqişədə Azərbaycan lehinə qərarlar qəbul edilərsə və ya Ermənistana təzyiqlər göstərilərsə, o zaman “erməni kartı” qismən də olsa zəifləyə bilər. İkili standartlar siyasətinin də mahiyyətini burada axtarmaq lazımdır.
Ermənistan-Azərbaycan münaqişəsi Qərb-Türk sivilizasiyaları arasındakı toqquşmanın tərkib hissəsi olmaqla birlikdə, eyni zamanda geosiyasi maraqların da toqquşmasının başlıca nəticələrindən biridir. Bu baxımdan münaqişənin Rusiyanın geosiyasi maraqları kontekstində özü­nə­məx­sus yeri vardır. Münaqişəni Rusiyasız təsəv­vür etmək mümkün deyil. Politoloq Vəfa Quluzadə qeyd edir ki, Azərbaycan xalqını əsir etmiş problemin kökünə nəzər yetiril­sə, aydın görünər ki, xalqımız dünya hökmranlığı yolunda rus milli ideologiyasının qurbanıdır. Ermənilər isə yalnız onun gerçəkləşdirmə alətlərindən biridir. “Böyük Ermənistan”ın yaradılması ideyası və qondarma “tarixi ərazilər”in qaytarılması uğrunda separatçı hərəkat məhz bu məqsədə xidmət edir. Həqiqətən də danılmaz faktdır ki, Rusiya ənənəvi olaraq Ermənistanı hər vasitə ilə dəstəkləyir. Halbuki ATƏT-in Minsk qrupunun həmsədri kimi onun əsas vəzifəsi, bu iki qonşu dövlət, yəni Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olmasına köməklik göstərməkdir. Rusiyanın əks mövqedə dayanması onun sülh missiyasını həyata keçirmək istəməməsi ilə izah oluna bilər. Şübhəsiz ki, konflikti özü yaradan dövlət öz tələblərini reallaşdırmadan heç bir şəkildə problemin nizama salınmasında maraqlı ola bilməz. Qeyd etmək lazımdır ki, ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi Rusiya münaqişə orbitinə təsadüfən cəlb olunmamışdır. Rusiya özünü bu orbitə cəlb etdirməklə konfliktin açarının bilavasitə öz əlində olduğunu bir daha bəyan etmişdir. Ermənistan da özünü Qafqazda Rusiyanın geosiyasi əməliyyat arenası olaraq görməkdə və onun icraçısı hesab etməkdədir. Daha doğrusu, rus hərbi qüvvələri Azərbaycandan çıxarıldığı və Gürcüstana etimadı qalmadığı üçün Ermənistan Rusiyanın maraqları və məqsədləri yolunda yeganə icraçıya çevrilmişdir. O, Rusiyanı öz milli təhlükəsizlik konsepsiyasının əsas iştirakçılarından biri kimi görür.
“Erməni” amili Rusiyanın siyasi olmaqla birlikdə, eyni zamanda iqtisadi baxımdan da həm Azərbaycana, həm də Gürcüstana qarşı təzyiq vasitəsidir. Hər şeydən əvvəl ona görə ki, Rusiya həm Azərbaycanın, həm də Gürcüstanın müstəqilliyini və onların beynəlxalq enerji layihələrində iştirakını həzm edə bilmir. Rusiya həm Azərbaycanda, həm də Gürcüstanda cid­di etnik və siyasi sarsıntılara zəmin hazırlayaraq, enerji la­yi­hələrinin gerçəkləşməsinə mane olmağa çalışmaqdadır. Bunu hə­yata keçirmək və nəzarəti əldən verməmək üçün o, hər iki bölgədəki separatçı qüvvələri dəstəkləmiş və Ermənistanda öz hərbi bazalarını yerləşdirmişdir. Rusiya bu vasitə ilə Er­mə­nistandan ABŞ, NATO və Avropa İttifaqının Qafqaz siyasətinə qarşı tarazlayıcı amil kimi istifadə etməkdə, bu dövlət sayəsində Qafqazdakı siyasi və hərbi varlığını mühafizə edərək, Azərbaycan və Gürcüstanı nəzarət altında tutmaqda, yeri gəldikcə ermənilərdən yararlanaraq, etnik münaqişələr yarada bilmək imkanına sahib olmaqda, özünün siyasi və iqtisadi maraqlarının qorunması istiqamətində Ermənistanı və erməniləri regional təhlükəsizliyi təhdid edən bir amilə çevirməkdədir. Ermənistan isə Azərbaycandan və eyni zamanda Türkiyədən gələ biləcək hərbi müdaxilə təhdidləri qarşısında Rusiyanın hərbi dəstəyinə ehtiyac hiss etmişdir. 1991-ci ildən etibarən Rusiya ilə xüsusilə hərbi əməkdaşlığa əhəmiyyət verən Ermənistan həm milli ordu quruculuğunda, həm də Azərbaycan torpaqlarının işğal edilməsində Rusiyanın tam dəstəyini almışdır.

Qeyd etmək lazımdır ki, rəsmi Moskvanın bu addımı onun vasitəçi dövlət missiyası üçün qəbuledilməzdir. Rusiya bir tərəfdən münaqişə tərəfləri arasında vasitəçilik etməkdə, digər tərəfdən də Ermənistanı güclü şəkildə silahlandırmaqdadır. Lakin Rusiya iddia edir ki, o, bu addımı ilə sırf Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı olaraq Ermənistanla münasibətlər qurur və bunun ATƏT-in Minsk qrupundakı fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur. Hətta bildirilir ki, əgər Azərbaycan da bu təşkilatın üzvü olsaydı, rəsmi Bakı Rusiyadan eyni yardımı ala bilərdi. Dolayısı ilə kinayəli şəkildə bütün günahların Azərbaycanda olduğu vurğulanır. Əgər Ermənistan Azərbaycanın 20%-ə yaxın ərazilərini işğal altında saxlayırsa, o zaman Azərbaycan hansı şəkildə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ola bilər? Hazırda Kremlin əsas məqsədi Ermənistanı Cənubi Qafqazın hərbi baxımdan ən güclü dövlətinə çevirməkdir. Moskvada düşünürlər ki, yalnız bununla Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının “regional qorxusu” dəf oluna bilər. Rusiya ilə Gürcüstan arasında baş vermiş avqust hadisələrindən sonra Moskvanın Erevanla daha sıx hərbi əməkdaşlıq qurmaq niyyətində olması şübhə doğurmur. Artıq Ermənistan Rusiyanın Cənubi Qafqazda hər cəhətdən yeganə forpostu olduğunu sübut edir. Rusiyanın bu addımı belə bir qənaət yaradır ki, Dağlıq Qara­bağ münaqişəsinin tənzimlənməsi rəsmi Moskvanın maraq­la­rına uyğun deyil. Əks təqdirdə Azərbaycanın 20% ərazilərini iş­ğal etmiş bir dövləti silahlandırmazdı. Bu hərəkətlər regionda nəinki sülhə xidmət etmir, eyni za­man­da Cənubi Qafqaz regionunda gərginliyin artması və təhlükəli re­giona çevrilməsinə şərait yaradır. Məsələ burasındadır ki, Rusiyanın Ermənistanı silahlandırması tərəflər arasındakı silahlanma yarışını daha da gücləndirib. Belə bir vəziyyətdə Cənubi Qafqazda stabilliyin bərpa olunması və Ermənistan ilə Azərbaycan arasında cərəyan edən problemin öz real həllinə qovuşması Rusiya baxımından arzuedilən bir hal deyil. Rəsmi Moskvanın bu addımının arxasında onun gələcəyə hesablanmış məqsədləri yatır: münaqişə tərəflərini özündən asılı vəziyyətdə saxlamaq və bununla da regionda təsir rıçaqlarını qorumaq.
Məlumdur ki, dünyanın bir sıra qaynar nöqtələrindəki münaqişəli problemlərin həllinə aid beynəlxalq sülhyaratma və vasitəçilik missiyalarının fəaliyyəti bir qayda olaraq ləng həyata keçirilməkdə və münaqişə tərəflərini qane edən nəticələr əldə edilməməkdədir. Buna görə də bilavasitə münaqişə aparan tərəflər arasında birbaşa danışıqların aparılması daha səmərəli olar. BMT, ATƏT və digər təşkilatlar sadəcə alətdir. Mü­naqişəni yalnız xalqlar həll edə bilərlər. Mühari­bə vəziyyəti, münaqişənin nizama salınmaması şübhəsiz ki, həm Ermənistana, həm də Azərbaycana böyük zərbələr vurur. Ancaq Ermənistan ümumiyyətlə, problemin real həllinə yanaşmaq istəmir və status-kvonun qorunub saxlanılmasına çalışır. Bu dövlət Rusiya və Qərb dövlətlərinin məlum siyasətləri davam etdiyi müddət içərisində “Böyük Ermənistan” ideyasını reallaşdırmaq düşüncəsindədir. Halbuki ermənilər yad ideyaların qurbanları olduğunu dərk etmirlər və ya etmək istəmirlər. Ermənistanın xarici siyasəti yanlış hesablamalar üzərində qurulmuşdur ki, bu da Ermənistan hökumətinin özünün xarici siyasətinə kifayət qədər hakim ola bilməməsi və daha dəqiq bir ifadə ilə, həqiqi mənada müstəqil olmaması ilə əlaqədardır. Onlar varılması mümkün olmayan hədəflərə çatmaq üçün cəhdlər göstərərək regionda sabitliyi pozmaqdadırlar. Nəticədə Ermənistan qonşu dövlətlərlə səmimi münasibətlərdən uzaqlaşaraq, böyük dövlətlərin təzyiq alətinə çevrilmişdir. Əslində bu vəziyyəti Ermənistanın bəzi siyasi xadimləri təsbit etsələr də, mövcud vəziyyəti öz lehlərinə dəyişdirə biləcək gücü özlərində tapa bilmirlər. Öz gücünü, hədəflərini, dostlarını və düşmənlərini tam olaraq təsbit edə bilməyən Ermənistan qonşu dövlətlərlə necə münasibət quracağını dərk edə bilmir. Məhz bunun nəticəsidir ki, “Böyük Ermənistan” xəyalı ilə yaşayan Ermənistan dövləti böyük güclərin istifadə etdikləri təzyiq aləti kimi “missiya”dan xilas ola bilmir. Əgər “Böyük Ermənistan” yaratmaq düşüncəsi erməni xalqının milli idealı olaraq qalarsa, onda regionda heç vaxt daimi sülh, güclü iqtisadiyyat və səmərəli əməkdaşlıq olmayacaq, daim münaqişə hökm sürəcəkdir.
Bir qədər də münaqişənin yaxın gələcəyi barədə: Ermənistan ilə Azərbaycan arasında “sülh” variantı real görünmür. Hər şeydən əvvəl ona görə ki, bu variantın reallaşması tərəflərin qarşılıqlı anlaşması ilə mümkün ola bilər. Lakin Ermənistan problemin həllinə yanaşmaq istəmir. Həll məsələsində maraqlı olan dövlətlər və beynəlxalq təşkilatlar münaqişə tərəflərinin qarşılıqlı güzəştə getmələrini məqbul hesab edərək, bunu da xüsusi olaraq vurğulayırlar ki, konfliktin həllində qalib tərəf ola bilməz və əgər problemin tənzimlənməsinə beynəlxalq hüquq normaları şamil olunmursa, onda tərəflər dil tapıb barışmalıdırlar. Şübhəsiz ki, Ermənistanın bu torpaqlardan xoşluqla çıxacağı məntiqə uyğun deyil. Heç təsadüfi deyildir ki, Ermənistan prezidenti Serj Sarkisyan özündən əvvəlki rəhbərlər kimi Dağlıq Qarabağı heç vaxt Azərbaycanın idarəsinə verməyəcəyini qəti şəkildə bildirmişdir. Azərbaycan tərəfi də torpaqlarının heç bir şəkildə güzəştə getməyəcəyini bütün rəsmi və qeyri-rəsmi səviyyədə keçirilən görüşlərdə bəyan etmişdir.
Belə bir vəziyyətdə Ermənistan ilə Azərbaycan arasında “sülh” variantının yeri görünmür və nəticədə münaqişənin yaxın gələcəyini müəyyənləşdirmək çətinləşir. Ermənistan-Azərbaycan münasibətlərində ortaya çıxan bu qeyri-müəyyən və qarışıq vəziyyəti analiz edən erməni politoloq Artem Vartanyan münaqişəni “tədricən yanan, közərən problem” (тлеющий конфликт – smouldering conflict) olaraq dəyərləndirmiş və problemin uzun müddət həll edilməyəcəyini göstərmişdir. Lakin Vartanyan problemin həlli üçün ilkin mərhələdə Qarabağın müvəqqəti olaraq Rusiyanın mandatlığı altına verilməsini, bu mandatlığın 20 il və ya daha uzunmüddətli davamını tövsiyə etməkdə, gələcəkdə isə bölgədə referendumun keçirilməsi ilə Dağlıq Qarabağ probleminin öz real həllinə qovuşacağının mümkün ola biləcəyini qeyd etmişdir. Dolayı olaraq Vartanyan Ermənistan-Azərbaycan münaqişəsinin Rusiyanın inhisarında qalmasını ən real və məqbul variant olaraq dəyərləndirir.
Azərbaycanlı politoloqlardan Samir Həmidov problemi “labirint” olaraq dəyərləndirmiş, xarici məsələlər üzrə ekspert Zaur Şiriyev isə “Fələstin sindromu”na bənzətmişdir.
Ermənistan-Azərbaycan münaqişəsinin “labirint”ə bənzədilməsində doğruluq payı olduqca yüksəkdir. Sülh danışıqlarının inkişaf mərhələlərinə nəzər salsaq görərik ki, problemin hər dəfə nizamlanması istiqamətində durğunluq yarananda və Azərbaycan alternativ həll yolları axtarmağa başladığı zaman qarşı tərəf və ya ATƏT-in Minsk Qrupunun həmsədrləri yeni təkliflər irəli sürərək Azərbaycanın danışıqlara olan inamını bərpa etməyə çalışırlar. Danışıqlar həlledici mərhələyə çatdıqda Ermənistan tərəfinin geri çəkilməsi nəticəsində bütün proses yenidən durğunluq vəziyyətinə qayıdır. Atəşkəs haqqında razılığın əldə edildiyi 1994-cü ildən günümüzə qədər etibarən eyni durğunluq davam edir. Problemin daha uzun müddət bu ssenari çərçivəsində davam etməsi ehtimalı olduqca yüksəkdir. Münaqişənin həlli yolunda ATƏT-in Minsk Qrupu nəzdində heç bir irəliləyişin olmaması və hər dəfə yenidən durğunluq vəziyyətinə qayıtması, dolayısı ilə “Fələstin sindromu” və ya Kəşmir sindromu”na çevrilməsi problemin daha uzun illər davam etməsi və ya “ani müharibə”nin baş verməsi istiqamətində şübhələr oyandırmaqdadır. Lakin müharibə Azərbaycana hansı perspektivlər vəd edir? Qeyd edilməlidir ki, müharibənin taleyini əv­vəlcədən proqnozlaşdırmaq mümkün deyil. Ermənistanın Rusiya ilə ittifaq yaradaraq Türkiyə və Azərbaycana qarşı regionda təsis etməyə çalışdığı güc balansı Azərbaycanı hərbi əməliyyatlara baş vurma xüsusunda daha diqqətli davranmağa məcbur edir. Bəzi siyasi şərhçilərə görə, Azərbaycanın hərbi əməliyyatlara başlaması üçün əvvəla Rusiyanın tərəfsizliyinin təmin edilməsi vacibdir. Bunun üçün rəsmi Moskvaya siyasi, hərbi və ya iqtisadi sahədə güzəştlər verilməli, enerjinin nəqli və ya müxtəlif layihələr barəsində Rusiya ilə məsləhətləşməli, Azərbaycan torpaqlarında Rusiyanın hərbi bazaları yerləşdirilməli, nəhayət Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv qəbul edilməlidir.
Azərbaycanın torpaqlarının 20%-ni işğal altında saxlayan Ermənistanın bu təşkilatda yer alması diqqətə alınarsa, Azərbaycanın da eyni təşkilata üzv olması nə dərəcədə doğru olar? Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi təşkilatına üzv olmaqla özünü Türkiyə və Azərbaycandan qorumaqda, həm də Dağlıq Qarabağın təhlükəsizliyinin təminatçısı olaraq görməkdədir. Bəs, Azərbaycan bu təşkilata üzv olmaqla özünü kimdən qoruyacaq? Ermənistan və Rusiyadanmı? Digər bir tərəfdən, Azərbaycanın Müstəqil Dövlətlər Birliyinə daxil olması, Qəbələ Radiolokasiya Stansiyasının Rusiya tərəfindən icarəyə götürülməsi və rəsmi Moskva ilə inkişaf etdirilən enerji sahəsindəki əməkdaşlıq Dağlıq Qarabağ problemində Rusiyanın mövqeyində heç bir dəyişiklik yaratmamışdır. Lakin Azərbaycan sadalanan güzəştlərə getsə, Rusiyanın tərəfsizliyinin təmin edilməsinə nəinki ehtiyac qalmayacaq, Azərbaycan eyni Ermənistan kimi asılı bir dövlətə çevriləcəkdir.
Bəzi şərhçilərə görə isə Azərbaycan ordusu işğal altındakı torpaqlarını qaytarmaq üçün genişmiqyaslı hərbi əməliyyatlar gerçəkləşdirə biləcək gücə malik deyildir. Əslində Azərbaycan inkişaf edən iqtisadiyyatı və artan hərbi gücü ilə Ermənistan qarşısında müqayisə edilməyəcək bir üstünlüyə sahibdir. Azərbaycan ordusu erməni hərbi birliklərini işğal altındakı torpaqlardan çıxara biləcək bir gücə malikdir. Lakin bu münaqişə həqiqətən Ermənistan-Azərbaycan münaqişəsi olsaydı, Azərbaycan bunu çox rahatlıqla özü həll edə bilərdi. Burada Rusiyanın Ermə­nistana təxminən bir milyard dollarlıq qanunsuz silah verməsi və müxtəlif müqavilələr əsasında öz hərbi bazalarının müddətini hər dəfə uzatması faktlarını da xatırlatmaq kifayətdir. Heç təsadüfi deyildir ki, Rusiyanın Ermənistanda mövcud olan hərbi bazalarının müddətini 2044-cü ilə qədər uzatması ilə bağlı 20 avqust 2010-cu il tarixli müqaviləyə əsasən Rusiya öz bazalarını daha da yeni silahlarla təchiz edəcək və Ermənistanın təhlükəsizliyini qoruyacaq. Həmin müqavilənin imzalanmasından çıxarılan nəticəyə görə, Azərbaycanın öz qanuni hüquqlarından istifadə edərək işğal altındakı torpaqlarını geri qaytarmağa təşəbbüs göstərməsi istər-istəməz Rusiyanın silahlı müdaxiləsinə səbəb olacaq. Çünki Ermənistanın təhlükəsizliyi Rusiyanın təminatı altındadır.
Kənardan hərbi, siyasi dəstək almaq da real və məntiqli görünmür. Münaqişənin nizama salınması istiqamətində ATƏT-in Minsk Qrupunun qətiyyətsizliyi, Qərbin aparıcı dövlətlərinin ikili standartlar mövqeyindən çıxış etmələri səbəbilə onsuz da Qərbə inam sarsılmış vəziyyətdədir. Azərbaycan bunun ən bariz nümunəsini Rusiyanın Gürcüstana və Ukraynaya hücumunda da gördü. Tuta bilməyəcəyi sözlər verən başda ABŞ olmaqla, Qərb dövlətlərinə Azərbaycanın etibarı onsuz da əvvəlcədən sarsılmışdır. Dəstəksiz olduğunun fərqində olan Azərbaycanın Rusiyaya meydan oxuması şübhəsiz ki, münasibətlərə ciddi təsir göstərə bilər.
Digər tərəfdən, Qərb dövlətləri də hərb variantını məqbul hesab etmir, problemin yalnız və yalnız danışıqlar vasitəsilə həlli tələb olunur. Əks təqdirdə Azərbaycanın öz ərazi bütövlüyünü təmin etmək məqsədilə hərbi əməliyyatlara başlaması Qərbin aparıcı dövlətləri, beynəlxalq strukturlar ilə əməkdaşlıq və inteqrasiya prosesində ciddi maneələrin yaranmasına gətirib çıxara bilər. Belə bir vəziyyətdə Azərbaycanın beynəlxalq aləmdə təklənməsi, iqtisadi və siyasi sanksiyaların tətbiq edilməsi ehtimalı yüksəkdir. Düzdür, münaqişənin hüquqi müstəvidə həlli məhdudlaşmışdır. Nəticədə zamanın əsas meyarlarından olan güc faktoru aktuallaşır ki, bu da müəyyən vaxt tələb edir. Qeyd etmək lazımdır ki, Azərbaycan hərbi güc tətbiq etməkdən belə çəkinməyəcəyini hər dəfə vurğulayır. Xüsusilə son dövrlərdə Azərbaycanın hərbi doktrinasının müdafiə xərclərinin ordunun taktiki və strateji tutumunun istifadəsinə yönləndirilməsi və Dağlıq Qarabağ probleminin həllinin milli prioritet məsələ kimi müəyyənləşdirilməsi beynəlxalq miqyasda əks-səda doğurmuşdur. Azərbaycanın hərbi büdcəsini artırması Ermənistan tərəfindən siyasi manevr olaraq qəbul edilsə də, 8 iyun 2010-cu ildə Hərbi Doktrinanın qəbulu Azərbaycanın bu məsələdə son dərəcə ciddi olduğunu ortaya qoymuşdur.
Heç təsadüfi deyildir ki, atəşkəs rejiminin Ermənistan tərəfindən sıx-sıx pozulması və tərəflər arasında artan gərginlik müharibə ssenarisinin başlanmasına səbəb oldu.
“Dördgünlük müharibə” adıyla tarixə keçən 2-5 aprel 2016-cı il tarixli müharibə Qarabağ münaqişəsinin əslində dondurulmuş olmadığını, bu vəziyyətin ciddi təhlükə daşıdığını ortaya qoydu, eyni zamanda Ermənistan tərəfdən ciddi itkilərə də səbəb oldu. Bir məsələni də xüsusilə qeyd etmək lazımdır ki, Rusiya digər dövlətlərdən fərqli olaraq, Ermənistan ilə Azərbaycan arasında aprel ayında baş vermiş toqquşmaya dərhal müdaxilə edərək vəziyyəti nəzarət altına aldı. Bu bir həqiqətdir ki, atəşkəsin pozulmasıyla yaranan gərginliklər və ümumilikdə Qarabağ münaqişəsi Rusiya baxımından Cənubi Qafqazda öz təsirini qoruması və gücləndirməsi baxımından əldə tutduğu bir vasitədir. Bu səbəbdən də belə bir problemin, daha doğrusu əldə tutulan vasitənin aradan qaldırılması qətiyyən Rusiyanın maraqları daxilində deyil.
Burada “Zaman”ın Ermənistanın lehinə işləməsi barədə fikirlər yarana bilər. Bu bir həqiqətdir ki, “Zaman” Ermənistana işğal etdiyi Azərbaycan torpaqlarında qalmaq imkanını yaratmış, nəticədə ölkə Rusiyadan və digər dövlətlərdən alınan silahlarla militarist dövlətə çevrilmişdir. Lakin Ermənistan hərbi gücünü getdikcə artırmaq niyyətində olsa da, iqtisadi olaraq geriləmiş və çökmüş vəziyyətdədir. İqtisadi çöküşlə birlikdə demoqrafik tənəzzül də nəzərə alınarsa, “zaman”ın Ermənistanın lehinə işləmədiyi görülə bilər. Bu dövlət Azərbaycan torpaqlarını işğal etsə də, heç bir şəkildə qalib sayılmaz. Çünki ermənilərin faktiki olaraq özlərinə məxsus olmayan əraziləri ələ keçirməsi onlara bədbəxtlikdən başqa heç nə qazandırmayıb. Heç təsadüfi deyildir ki, “ikili standartlar siyasəti”ndən Ermənistan da öz nəsibini almışdır. Bunun ən açıq isbatı Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarını tam olaraq mənimsəyə bilməməsi və zaman keçdikcə işğal etdiyi bölgələrin əsirinə çevrilməsidir. Həqiqət budur ki, onlar yad ideyaların qurbanlarıdır. Normal dövlət olmaq üçün ermənilər “Böyük Ermənistan” ideologiyasının yad ideya olduğunu dərk etməlidirlər. Məhz bunun nəticəsidir ki, Ermənistan uzun illərdir özünü inteqrasiya proseslərindən və enerji layihələrindən kənarda tutmuşdur. Azərbaycan isə torpaqlarının Ermənistanın işğalı altında olmasına baxmayaraq iqtisadi baxımdan xeyli inkişaf etmiş, regional iqtisadi liderə çevrilmişdir. Müəyyən təhlükələrlə üzləşdiyinin onsuz da fərqində olan Azərbaycan konfliktin dinc yollarla nizamlanması kursunu ardıcıl səbirlə davam etdirir və bunun yeganə düzgün yol olduğuna inanır. Düzdür, atəşkəs vəziyyəti davam edir və münaqişənin “uzunmüddətli atəşkəs” ssenarisinə uyğun olaraq davam edəcəyini də proqnozlaşdırmaq mümkündür. Bu uzun yolda Ermənistanla müqayisədə “Zaman” Azərbaycanın lehinə işləyir və dövlət öz imkanları ilə Ermənistana qarşı təzyiq vasitələrini artırır.


Emin Arif (Şıxəliyev)
AMEA Naxçıvan Bölməsi,
tarix üzrə fəlsəfə doktoru, dosent
e-mail: emin.amea@yahoo.com
Bu xəbər oxucular tərəfindən 921 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed